23 Dekabr 2024, Bazar ertəsi

Ümummilli liderimiz Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə hər il mart ayının 12-si “Azərbaycan Respublikasının Daxili Qoşunlar Günü” kimi qeyd olunur.
1991-ci ilin dekabr ayında keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və şəxsi heyətinin ümumi sayı 2500 nəfər olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir. 1992-ci il martın 12-də Daxili Qoşunların hərbi hissələri ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizəyə qoşulmuş, şəxsi heyət döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərmişdir.
Azərbaycanda Daxili Qoşunların formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin diqqət və qayğısı ilə Daxili Qoşunlar böyük inkişaf yolu keçmiş, hərbi hissələrin müasir standartlar səviyyəsində qurulması istiqamətində tədbirlər görülmüş, bu sahənin fəaliyyətini tənzimləyən hüquqi baza yaradılmışdır.

1994-cü il fevralın 8-də qəbul edilmiş “Daxili Qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Daxili Qoşunların əsas funksiyalarını, vəzifələrini, fəaliyyət prinsiplərini müəyyən etmişdir. Daxili Qoşunları xalqın və dövlətin layiqli müdafiəçisinə çevirməyin vacibliyindən danışan ulu öndərimiz demişdir: “Daxili Qoşunlarda yüksək vətənpərvərlik ruhu vardır. Bizim Silahlı Qüvvələrimizdə, eyni zamanda Daxili Qoşunlarda Azərbaycanın dövlətçiliyinə, Azərbaycanın Ali Baş Komandanına yüksək sədaqət ruhu formalaşıb”.
Ulu öndərimiz tərəfindən əsası qoyulan ordu quruculuğu prosesi bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının diqqət və qayğısı ilə Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi istiqamətində də əhəmiyyətli tədbirlər həyata keçirilir, bu sahənin maddi-texniki bazası gücləndirilir.
1995-ci il aprel ayının 10-da Daxili Qoşunların Naxçıvandakı “N” hərbi hissəsi, 2002-ci il dekabr ayının 4-də hərbi hissənin bazasında Daxili Qoşunların Naxçıvan Alayı, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli Sərəncamı ilə isə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası yaradılmışdır. Ötən dövrdə briqada qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmiş, ictimai asayişin qorunmasında zəngin xidməti təcrübə toplayaraq hərbi qulluqçuların döyüş hazırlığının təkmilləşdirilməsində mühüm nailiyyətlər qazanmışdır.
Bu gün Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası müasir maddi-texniki bazası, yüksək döyüş qabiliyyəti ilə seçilir. Son illər briqadanın ərazisində müasir standartlara uyğun yaşayış binaları, yeməkxana, anbarlar, müasir qazanxanalar və digər sosial-məişət obyektləri inşa edilmiş, hərbi hissə abad və yaraşıqlı bir şəhərciyə çevrilmişdir. Zabit-gizir ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 60 mənzildən ibarət beşmərtəbəli və 12 mənzildən ibarət üçmərtəbəli yaşayış binaları istifadəyə verilmişdir. Hazırda 45 mənzilli beşmərtəbəli yaşayış binasının tikintisi davam etdirilir.
Daxili Qoşunların müasir döyüş texnikaları ilə təmin olunması da diqqət mərkəzində saxlanılır. Bu gün briqadada xidməti vəzifələrin yerinə yetirilməsi üçün lazımi şərait yaradılmışdır. Şəxsi heyətin geyimi, qidalanması, yaşayış və məişət şəraiti diqqət mərkəzində saxlanılır. Bütün bu qayğılar şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini daha da yüksəldir, ciddi nizam-intizam formalaşdırır. Bu gün döyüş qabiliyyəti kifayət qədər yüksək olan briqadanın şəxsi heyəti qarşıya qoyulmuş vəzifələri istənilən anda uğurla yerinə yetirməyə qadirdir. 2014-cü ildə keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən birləşmə və hissələrinin birgə təlimində Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası öz fəallığı ilə seçilmişdir. Təlimdə müasir texnikaların döyüş imkanları nümayiş etdirilmiş, müxtəlifçaplı silahlardan atəş açılmış, təyin olunmuş hədəflər dəqiqliklə məhv edilmişdir. Briqadanın şəxsi heyəti xidməti döyüş fəaliyyətində, hərbi intizamın möhkəmləndirilməsində yüksək nəticələrə nail olmuş, 2013-2014-cü tədris ilinin yekunlarına görə, qabaqcıl yerlər tutaraq bir sıra dövlət mükafatları və fəxri fərmanlarla mükafatlandırılmışdır.
Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının zabitlərinin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 1 hərbi qulluqçu “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Daxili Qoşunlar ölkəmizdə, eləcə də muxtar respublikamızda daxili intizam tədbirlərini yerinə yetirməklə yanaşı, lazım gələrsə, ərazi bütövlüyümüzün qorunmasında da yaxından iştirak etməlidirlər. Bunun üçün hərtərəfli şərait yaradılmış, hərbi hissələr lazımi avadanlıqlar, silah-sursat və döyüş texnikaları ilə təmin edilmişdir. Hər bir əsgər və zabit öz vəzifə borclarını dərindən bilməli, silah və texnikalardan istifadə imkanlarını yaxşı mənimsəməlidirlər”.
İnanırıq ki, ümummilli liderimizin ideyalarına sadiq qalan Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliy­yat Briqadası bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, cəmiyyətin və dövlətin mənafeyini, eləcə də vətəndaşla­rın hüquq və azadlıqlarını etibarlı qoruyacaqdır.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR