Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində mühüm islahatlar həyata keçirilmiş, tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olunmuşdur. Naxçıvanın mövcud hidroenerji potensialından səmərəli istifadə edilməsi elektrik enerjisi istehsalını xeyli artırmışdır.
2015-ci ilin fevral ayı ərzində muxtar respublikanın elektrik şəbəkələrinə 31 milyon 463 min 800 kilovat-saat elektrik enerjisi daxil olmuşdur ki, bunun 42 min kilovat-saatı Naxçıvan Qaz Turbin Elektrik Stansiyasında, 21 milyon 978 min kilovat-saatı Naxçıvan Modul Elektrik Stansiyasında, 4 milyon 170 min 500 kilovat-saatı Araz, 1 milyon 41 min 300 kilovat-saatı Biləv, 428 min kilovat-saatı “Arpaçay-1”, 16 min kilovat-saatı isə “Arpaçay-2” Su Elektrik stansiyalarında istehsal olunmuşdur. Qalan 3 milyon 788 min kilovat-saata olan tələbat isə İran İslam Respublikasından alınmış, mübadilə əsasında bu qonşu ölkəyə 3 milyon 917 min kilovat-saat elektrik enerjisi ixrac olunmuşdur.
Ötən ay ərzində elektrik enerjisi istehsalının həcminin artırılması məqsədilə stansiyaların işləkliyinə daim nəzarət edilmiş, generatorlar Araz Su Elektrik Stansiyasında 5-6 meqavat, Naxçıvan Modul Elektrik Stansiyasında 35-40 meqavat, Biləv Su Elektrik Stansiyasında 2-3 meqavat, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarında isə 1-1,1 meqavat güclə işləmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən elektrik stansiyalarında, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərində, transformator yarımstansiyalarında əsaslı və cari təmir işləri aparılmış, yeni transformator yarımstansiyaları quraşdırılmış və elektrik verilişi xətləri çəkilmişdir. Belə ki, bu ilin fevral ayında Kəngərli rayonunda 35 meqavolt-amper gücündə yeni 110 kilovoltluq “Qıvraq” yarımstansiyasında tikinti-quraşdırma işləri başa çatdırılmışdır. Hazırda yarımstansiyada 10 kilovoltluq çıxış kabelləri çəkilir və son sınaq-sazlama işləri görülür. Həmçinin rayondakı “Qıvraq” nasos stansiyasının elektrik təchizatı üçün də yeni 35/6 kilovoltluq 6300 kilovolt-amper güclü transformator yarımstansiyası quraşdırılır.
Bu sahədə işlər Babək rayonunda da davam etdirilmiş, 1260 kilovolt-amper gücündə 35/10 kilovoltluq yeni “Nehrəm” yarımstansiyasında tikinti-quraşdırma işləri başa çatdırılmış, növbətçi heyətin iş şəraiti xeyli yaxşılaşdırılmışdır.
Muxtar respublikanın digər şəhər, qəsəbə və kəndlərində 2 ədəd yeni transformator yarımstansiyası quraşdırılmış, 10,5 kilometr uzunluğunda yeni 10 və 0,4 kilovoltluq elektrik verilişi xətləri çəkilmiş, 1 kilometr uzunluqlu hava elektrik verilişi xətləri kabel xətti ilə əvəz edilmişdir. Ay ərzində Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 7 ədəd 10/0,4 kilovoltluq transformator əsaslı təmir olunub elektrik şəbəkələrinə qaytarılmışdır.
İstifadə olunan elektrik enerjisinin dəqiq uçotunu aparmaq üçün elektron sayğacların quraşdırılması işi ötən ay ərzində də davam etdirilmiş, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilmiş, elektrik enerjisindən istifadə olunması vəziyyətinin yoxlanılması üçün reydlər keçirilmişdir.
Agentliyin kollektivi istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün qarşıda duran vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Energetika Agentliyinin mətbuat xidməti