Dünən Babək Rayon İcra Hakimiyyətində 21 fevral 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə bağlı yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev açaraq muxtar respublikamızda idmana göstərilən dövlət qayğısından danışıb, rayonda bu sahədə həyata keçirilən tədbirlərdən bəhs edib.
Babək Rayon Təhsil Şöbəsinin müdiri Kamil Kazımov çıxış edərək bildirib ki, son 20 il ərzində rayon Təhsil Şöbəsinin tabeliyində olan 36 ümumtəhsil məktəbindən 31-i və 1 şahmat məktəbi tikilərək və ya yenidən qurularaq şagirdlərin istifadəsinə verilib. Təhsilə və idmana göstərilən qayğının nəticəsidir ki, yeni tikilən məktəblərdə 26 idman zalı, 27 sadə idman qurğusu quraşdırılıb, məktəblərə 590 ədəd stolüstü şahmat, 72 ədəd ayaqlı şahmat və şahmat dərslərinin tədrisi üçün şahmat məktəbinə 11 dəst kompüter verilib. Hazırda məktəblərdə 837 saat şahmat dərsləri tədris olunur. Şahmat dərsləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkil etdikləri imtahanlarda yaxşı nəticə göstərərək sertifikat alan müəllimlər tərəfindən tədris olunur ki, onların da sayı 79 nəfərdir. Hazırda rayonun ümumtəhsil məktəblərində 55 nəfər ixtisaslı fiziki tərbiyə müəllimi fəaliyyət göstərir ki, onlardan 6 nəfəri qadındır.
Qeyd olunub ki, dövlətimiz tərəfindən təhsil və idman sahələrinə göstərilən qayğıya baxmayaraq, bu sahədə hələ də nöqsanlar mövcuddur. Belə ki, rayon Təhsil Şöbəsi tərəfindən aparılan monitorinqlər zamanı bir sıra məktəblərdə hələ də idman zallarından və açıq idman qurğularından lazımi səviyyədə istifadə olunmamasına rast gəlinir. Məktəbdaxili idman yarışlarının keçirilməsi qənaətbəxş deyil. Rayon Uşaq-gənclər idman məktəbində 1022 nəfər dərnəklərə cəlb olunub ki, onların arasında qızların sayı 137 nəfər təşkil edir. Bu, məktəbli qızların idman qruplarına tam cəlb edilməsinə ciddi yanaşılmadığını göstərir.
Vurğulanıb ki, adıçəkilən müşavirədə verilən tapşırıqların icrası üçün rayon Təhsil Şöbəsində 20 maddədən ibarət fəaliyyət planı hazırlanıb. Bu, rayondaxili və rayonlararası idman tədbirlərinin yüksək səviyyədə keçirilməsi üçün nəzərdə tutulub. Şöbə müdiri müşavirədə təhsil işçilərinin qarşısına qoyulan vəzifələrə daha ciddi yanaşacaqlarını, eləcə də idmanın kütləviliyinin təmin olunması üçün var qüvvələri ilə çalışacaqlarını bildirib.
Tədbirdə Babək Rayon Gənclər və İdman İdarəsinin müdiri Nazim Salmanlının, Uşaq-gənclər idman məktəbinin direktoru Füzuli Salmanovun, Uşaq-gənclər şahmat məktəbinin direktoru İbrahim Sultanovun çıxışları olub.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev, Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafına göstərilən hərtərəfli qayğıdan danışıblar. Bildirilib ki, belə qayğıdan Babək rayonuna da xeyli pay düşüb. Muxtar respublikanın digər rayonlarında olduğu kimi, Babək rayonunda da əsaslı təhsil və idman infrastrukturu yaradılıb. Qarşıda duran əsas vəzifə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə səsləndirilmiş nöqsanların tezliklə aradan qaldırılmasından ibarətdir.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbirə Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev yekun vurub.
Xəbərlər şöbəsi