23 Dekabr 2024, Bazar ertəsi

Ötən ay həm də 2015-ci ilin inkişaf strategiyasının istiqamətləri açıqlandı

 

Ulu öndər Heydər Əliyevin elmi əsaslara söykənən siyasəti, strateji yüksəliş xətti Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Hər ötən ay abadlıq, quruculuq işlərini həyata keçirən vətənsevər insanların fədakarlığı nəticəsində əldə edilən böyük nailiyyətlərin, yüksəlişin şahidi oluruq. Əldə olunan uğurlara əsaslanaraq fəxrlə deyə bilərik ki, 2015-ci ilin fevral ayı da bu baxımdan əlamətdar idi.  

Ötən ay bir sıra məqamları ilə yaddaqalan oldu. Fevral ayında muxtar respublikanın ictimai-siyasi, iqtisadi, mədəni həyatı üçün xüsusi əhəmiyyət kəsb edən iki müşavirənin – Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair və Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda müşavirələrin keçirilməsi 2015-ci ilin strateji inkişaf konsepsiyasının müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edirdi. Bununla bərabər, fevralın 5-də Culfa rayonunun Bənəniyar kəndində, fevralın 16-da Şərur rayonundakı Kürkənddə yeni sosial obyektlərin açılışı, fevralın 27-də Babək Rayon Rabitə İdarəsinin yeni binasının istifadəyə verilməsi muxtar respublikanın hər bir yaşayış məntəqəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Fevralın 9-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirədə əldə edilən nailiyyətlər barədə qeyd olunan faktlar qədim diyarımızın 20 illik inkişaf salnaməsinə ötən ildə də yeni parlaq səhifələrin yazıldığından xəbər verirdi. Sevindirici haldır ki, 2014-cü ildə muxtar respublika iqtisadiyyatının bütün sahələr üzrə dinamik inkişafı təmin olunub, makroiqtisadi sabitlik qorunub saxlanılıb, özəl bölmənin inkişafına dövlət dəstəyi davam etdirilib. Məhz bunun nəticəsidir ki, ötən il Ümumi Daxili Məhsulda özəl bölmənin payı 87 faizi ötüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov müşavirədəki çıxışında deyib: “2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları bir daha göstərdi ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda əvvəlki illərdə əldə edilmiş inkişaf meyilləri qorunub saxlanmışdır. Ötən il yaradılmasının 90 illik yubileyini təntənəli şəkildə qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial həyatın bütün sahələrində dinamik inkişaf təmin olunmuşdur”.
Bu il muxtar respublikada “Kənd təsərrüfatı ili” elan olunub. Muxtar diyarımızda əhalinin ərzaq məhsulları ilə təmin olunması, emal müəssisələrinin xammal təchizatındakı rolu, eləcə də əhalinin əksər hissəsinin kəndlərdə məskunlaşması və aqrar sektorda çalışması nəzərə alınaraq kənd təsərrüfatının inkişafı hər zaman diqqət mərkəzində saxlanılır. Bu barədə danışan Ali Məclisin Sədri sənayedə olduğu kimi, kənd təsərrüfatında da innovasiyaların tətbiqinin təşviq edilməsini əsas vəzifə kimi qarşıya qoyub, yeni texnologiyaların, suvarma və əkin üsullarının, qabaqcıl təcrübənin kənd təsərrüfatında tətbiqinə diqqət göstərilməsinin, keyfiyyətli toxum sortlarından istifadə olunmasının, Ümumi Daxili Məhsul istehsalında kənd təsərrüfatının payının artırılmasının vacib olduğunu bildirib.
Həmin gün Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan müxtəlif növdə ərzaq və sənaye məhsullarının, eləcə də sənətkarlıq nümunələrinin və əl işlərinin sərgisi qədim diyarımızda istehsalatın artım gücünün, ümumilikdə isə iqtisadi inkişafımızın göstəricisi idi. Bütövlükdə, sərgidə 90 yerli müəssisənin 129 növdə və 652 çeşiddə məhsulu nümayiş etdirilib. Göründüyü kimi, həyata keçirilən məqsədyönlü tədbirlər istehsal olunan məhsulların sayının və çeşidlərinin artmasına səbəb olub, 1995-ci ildən ötən dövrdə muxtar respublikada 812 yeni istehsal müəssisəsi yaradılıb. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 10 ildə Ümumi Daxili Məhsul istehsalı 10,3 dəfə, sənaye məhsulunun həcmi 34,9 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 4,6 dəfə, əsas kapitala yönəldilən investisiyalar 11,5 dəfə, xarici ticarət dövriyyəsi 13,2 dəfə, o cümlədən ixracın həcmi 78 dəfə artıb. Təkcə 2014-cü ildə Naxçıvan Muxtar Respublikasında 47 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb, 3805 yeni iş yeri açılıb.
Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda müşavirə uşaqların, yeniyetmələrin və gənc­lərin sağlamlığının qorunması və idmanın inkişafı üçün vacib məsələlərin gündəmə gətirilməsi ilə yadda qaldı. Azərbaycanın beynəlxalq idman yarışlarının təşkilatçısı olan bir ölkəyə çevrildiyi, ölkəmizin bu il ilk dəfə keçiriləcək Birinci Avropa Oyunlarına ev sahibliyi etməyə hazır­laşdığı bir vaxtda bu müşavirədə qarşıya qoyulan vəzifələrin aktuallığı daha çox diqqəti cəlb edir.
Bütün məsələlərdə ulu öndər Heydər Əliyevin siyasi xəttinə əsaslanan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri müşavirədə deyib: “Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində digər sahələr kimi, idman da inkişaf etmiş, möhkəm maddi-texniki bazaya əsaslanan idman infrastrukturu formalaşmışdır. Hər bir insanın şəxsi həyatında və cəmiyyətdə idmanın mühüm rola malik olduğunu bildirən ümummilli liderimiz deyirdi: “İdmanı, bədən tərbiyəsini ümumxalq hərəkatına çevirməliyik. Ona nail olmalıyıq ki, bədən tərbiyəsi və idman Azərbaycanın hər bir gənci, hər bir vətəndaşı üçün ənənə olsun. Azərbaycan gənci bir gün də bədən tərbiyəsi və idmandan kənarda qalmasın. Bu, xalqımızın gələcəyi üçün lazımdır. Müstəqil Azərbaycanı gələcəkdə də yaşatmaq, onu daha da möhkəmləndirmək, dünya miqyasında böyük dövlətə çevirmək üçün gənclərimiz bu gündən hazırlaşmalıdırlar. Həm zehni, mənəvi cəhətdən, həm də fiziki cəhətdən hazırlaşmalıdırlar”.
Bu gün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı ilə bağlı ardıcıl tədbirlər görülür. Müşavirədə qeyd olunduğu kimi, son 20 il muxtar respublikanın bədən tərbiyəsi və idman tarixində mühüm mərhələ təşkil edir. Bu dövr ərzində muxtar respublikada idmanın maddi-texniki bazası xeyli möhkəmləndirilib. Müasir idman infrastrukturunun formalaşdırılması qədim diyarımızda beynəlxalq yarışların keçirilməsinə də şərait yaradıb. 2014-cü ildə muxtar respublika idmançıları dünya çempionatlarında 2, Avropa çempionatlarında 4, beynəlxalq turnirlərdə 10, Azərbaycan birinciliklərində 56 medal qazanıblar.
Muxtar respublikada bu gün 2 olimpiya-idman kompleksinin, 2 üzgüçülük mərkəzinin, 1 şahmat mərkəzinin, 6 uşaq-gənclər şahmat məktəbinin, 9 uşaq-gənclər idman məktəbinin, Stend və Sportinq Atıcı­lıq Mərkəzinin, eləcə də stadionların, idman zallarının və sadə idman qurğularının, 12 idman federasiyasının fəaliyyət göstərməsi də Naxçıvanda idmanın inkişafı üçün əsaslı zəmin yaradır. Son illər 40-a yaxın idman obyektinin istifadəyə verilməsi, ümumtəhsil məktəblərində ən müasir standartlara cavab verən idman zallarının yaradılması isə bu sahəyə göstərilən diqqətin nəticəsidir.
Müşavirədə idmanın inkişafı ilə bağlı Ali Məclisin Sədri konkret tapşırıqlar verib, keçirilən yarışların əhali arasında idmanın təbliği məqsədilə kütləvi informasiya vasitələrində geniş işıqlandırılmasının vacibliyini qeyd edib. Bildirilib ki, Gənclər və İdman Nazirliyi, eləcə də idman federasiyaları idman növləri üzrə məşqçi fəaliyyətinə və hazır­lanmasına peşəkar mütəxəssisləri cəlb etməlidirlər. “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu muxtar respublika birinciliyində və digər futbol komandaları ilə yoldaşlıq görüşü təşkil etməklə fəaliyyətini davam etdirməlidir.
Yuxarıda qeyd etdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirləri şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndləri də əhatə edib. Yeni kənd və xidmət mərkəzlərinin, abad yolların, məktəb binalarının və səhiyyə müəssisələrinin tikintisi müasir Naxçıvanın inkişaf göstəricisinə çevrilib. Bu həm də əhalinin rifah halının yaxşı­laşmasına göstərilən qayğının təzahürüdür.
Ötən ayın 5-də Culfa rayonunun Bənəniyar kəndi də muxtar respublikanın şəhərləşən kəndləri sırasına qoşulub. Kənddə həyata keçirilən kompleks quruculuq işləri, yaradılan müasir infrastruktur, rahat iş və xidmət şəraiti sakinlərin firavan yaşayışını təmin edəcəkdir. Bənəniyar kənd tam orta məktəbində müasir tədris şəraitinin yaradılması, Uşaq musiqi məktəbinin yeni binasının istifadəyə verilməsi, yeni xidmət mərkəzinin fəaliyyətə başlaması, həkim ambulatoriyasında yenidənqurma işlərinin aparılması, nəhayət, burada da dövlət qurumları üçün nümunəvi iş şəraitinin yaradılması kənddə mövcud olan bir sıra problemlərin kompleks həllinə imkan verib.
Kənd infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər Şərur rayonunu da əhatə edib. Rayonun Kürkənd yaşayış məntəqəsində yeni sosial obyektlərin inşa olunması, nəticədə, Kürkənd tam orta məktəbinin yeni binada fəaliyyət göstərməsi, burada yeni kənd mərkəzinin istifadəyə verilməsi, yeni xidmət mərkəzinin fəaliyyətə başlaması bu yaşayış məntəqəsinin simasını tamamilə dəyişib.
Yol rahatlıq, mədəniyyət, yüksək rifah deməkdir. Kürkənddə bu məsələ də diqqətdə saxlanılıb. Kəndi rayon mərkəzi ilə birləşdirən 4,5 kilometrlik yolun genişləndirilərək bura asfalt örtük salınması əhalinin gediş-gəlişini xeyli asanlaşdırıb. Yolboyu 2 selötürücü, 47 su keçidi tikilib, 1280 metrlik beton kanal, 158 metr daş hasar və 300 metr metal çəpər çəkilib. Həmçinin müvafiq yerlərdə piyada keçidləri və digər yol hərəkət nişanları quraşdırılıb, avtomobillərin və piyadaların rahat hərəkəti təmin olunub.
Bu faktdır ki, təhsildə müasir texnologiyalara əsaslanan istənilən ölkələr və ya təhsil müəssisələri yüksək səviyyəli gənc kadrların yetişməsi istiqamətində daim uğurlar qazanırlar. Muxtar respublikada bu sahəyə xüsusi diqqət yetirilməsi burada müasir dövrün tələblərinə cavab verən intellektual potensialın formalaşmasına şərait yaradıb. Fevralın 24-də Naxçıvan Dövlət Universitetində “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsinin açılışı da bu baxımdan əlamətdar hadisə kimi yadda qalıb.
Muxtar respublikada Xocalı faciəsi qurbanlarının xatirəsi daim əziz tutulur. Fevralın 26-da Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri soyqırımı abidəsinin önünə gül qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.
Muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Görülən bu işlərin davamı kimi fevralın 27-də Babək Rayon Rabitə İdarəsinin yeni binası istifadəyə verilib. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada informasiya-kommunikasiya texnologiyalarının ən son yenilikləri tətbiq olunub, müasir elektron avtomat telefon stansiyası, yeni nəsil rabitə və poçt avadanlıqları quraşdırılıb. Bu da abunəçilərə çoxfunksiyalı rabitə xidmətlərindən, o cümlədən telefon, videotelefon, IP tele­viziya, genişzolaqlı internetdən istifadəyə imkan verəcəkdir.
“Yeni texnologiyaların tətbiqi, rabitə və poçt xidmətinin səviyyəsinin yüksəldilməsi zamanın tələbidir”, – deyən Ali Məclis Sədrinin göstəriş və tapşırıqlarının vaxtında yerinə yetirilməsi sayəsində bu gün muxtar respublikada qeyd olunan sahədə ən müasir texnologiyalardan istifadə olunur. Babək Rayon Rabitə İdarəsinin yeni binasının üçüncü mərtəbəsində tikintisi başa çatdırılan Sədərək-Ordubad alternativ fiber-optik kabel magistralının təqdimatı olub.
Ali Məclisin Sədri Babək rayon telekommunikasiya şəbəkəsini alternativ fiber-optik kabel magistralına birləşdirən sistemi işə salıb, muxtar respublikanın fiber-optik kabel şəbəkələrinin yerləşmə sxeminə və bununla bağlı hazırlanmış filmə baxıb.
Tikintisinə 2005-ci ildən başlanılan fiber-optik kabel şəbəkəsi muxtar respublika ərazisinin 94 faizini əhatə edir. Hazırda muxtar respublikada istismar edilən fiber-optik kabel xətlərinin uzunluğu 1136 kilometrdən artıqdır. Bu da muxtar respublikanın həm daxili, həm də xarici telekommunikasiya əlaqələrinin kəsintisiz həyata keçirilməsinə imkan verir. Uzunluğu 242 kilometr olan Sədərək-Ordubad fiber-optik kabel magistralına, ilkin olaraq, Naxçıvan şəhəri və Babək rayonu qoşulub. Növbəti mərhələdə digər yaşayış məntəqələri də bu xəttə birləşdiriləcək və bununla da, Naxçıvanın telekommunikasiya əlaqələrinin alternativliyi tam təmin olunacaqdır.
Fiber-optik kabel şəbəkəsi tele­viziya siqnallarının verici stansiyalara çatdırılmasına və rəqəmsal yayımın tətbiqinə də imkan verir. Artıq muxtar respublikada rəqəmsal yayıma keçid tamamilə başa çatdırılıb. Hazırda 6 güclü və 43 azgüclü verici vasitəsilə bütün yaşayış məntəqələrində televiziyanın rəqəmsal yayımı təşkil olunub. Bu ilin yanvar ayında isə muxtar respublika ərazisində 67 televiziya kanalının DVB-T2 standartında yayımına başlanılıb, Naxçıvan Dövlət Televiziyasının HD formatda yayımı təmin edilib.
Görülən bu işlər həm bu günümüz, həm də gələcəyimiz üçün çox mühüm məsələlərin həllinə geniş imkanlar açır, milli strateji inkişafımızı stimullaşdırır, müasir dünyaya inteqrasiyanı yeni mərhələyə yüksəldir. Bütün bunları nəzərə alaraq inamla deyə bilərik ki, bu gün xüsusən gənc nəslin istər intellektual, istərsə də fiziki inkişafı üçün muxtar respublikada hər cür şərait yaradılıb. Bugünkü gənclik 1990-cı illərin əvvəllərindəki kimi çörək dərdi çəkmir, zəif işığı ilə gözləri yoran çıraq işığında dərslərini hazırlamır, Naxçıvanın işğalı təhlükəsini düşünmür. Bugünkü uşaqlar və gənclər uçulmuş-dağılmış, rütubətli və qaranlıq təhsil ocaqlarında deyil, gözəlliyi ilə göz­oxşayan və hər cür şəraiti olan binalarda təhsil alırlar.

Bəli, bu gün muxtar respublikada insanlar Avropa ölkələrinin əhalisinin həyat şəraitindən heç də geri qalmayan bir şəraitdə yaşayırlar. Çünki bu gün bizim Vətənini, xalqını sevən, onun uğrunda fədakarlıqla çalışan, ən əsası isə insanlara doğru yolu, inkişaf istiqamətini dəqiqliklə göstərən rəhbərimiz var. Bizim üzərimizə düşən əsas vəzifə isə yaradılan şəraitdən düzgün istifadə etmək, göstərilən yolla qətiyyətlə irəliləmək, dövlətə, dövlətçiliyimizə sədaqətli vətəndaş olmaqdır.

 Rauf ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR