23 Dekabr 2024, Bazar ertəsi

Hər il mart ayının 10-u Azərbaycan Respublikasında “Qızıl Aypara Günü” kimi qeyd olunur.
Xeyirxah əməllərin carçısı olan bu cəmiyyətin yaranma tarixi XIX əsrin ortalarına təsadüf edir. 1859-cu ildə İtaliyanın şimalında yerləşən bir kənddə fransız və italyan əsgərlərinin avstriyalılarla müharibəsi zamanı bir neçə saat ərzində 40 minə yaxın insan xəsarət almış və əksəriyyəti aldığı yaralardan həlak olmuşdur. Yaralıların çəkdiyi əzab və iztirablara dözməyən isveçrəli Anri Dünan qonşu kəndin sakinlərinə müraciət etmiş, onları millətindən asılı olmayaraq, hər bir insana kömək etməyə çağırmışdır. Əksəriyyəti qadınlardan ibarət olan kiçik dəstələr bu nəcib işə qoşularaq xeyirxah bir missiyanı yerinə yetirmişlər.

Uzun müddət bu dəhşətli mənzərənin təsirindən çıxa bilməyən Anri Dünan vətəni İsveçrəyə qayıdarkən “Solferino haqqında xatirələrim” adlı kitabını nəşr etdirir. Bu kitabda müəllif, konkret olaraq, bir neçə təklif, o cümlədən hər bir ölkə­də müharibə zamanı millətindən asılı olmayaraq, yaralılara kömək etmək məqsədilə könüllü cəmiyyətlərin yaradılması ideyasını irəli sürmüşdü. Bu ideya hər bir ölkədə milli cəmiyyətlərin yaranmasına gətirib çıxarmış, sonralar isə bu hərəkat genişlənərək 1919-cu ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının yaradılması ilə nəticələnmişdir.
Ölkəmizdə Qızıl Aypara Cəmiyyətinin yaradılması 1920-ci il mart ayının 10-na təsadüf etmişdir. Həmin il Azərbaycan Xalq Cümhuriyyətinin Müdafiə naziri, general-leytenant Əli­ağa Şıxlınskinin təşəbbüsü ilə təsis edilən cəmiyyət özünəməxsus inkişaf yolu keçmişdir. Cəmiyyət yarandığı gündən xeyirxah ideyaları ilə insanlığın himayədarına çevrilmiş, kimsəsizlərə, fəlakətlə üz-üzə dayananlara, ehtiyacı olanlara kömək etmişdir. Lakin 1920-ci ilin aprelində Azərbaycanda sovet hökuməti qurulduqdan sonra Qızıl Aypara Cəmiyyəti də öz fəaliyyətini itirmişdir. 1923-cü ildə yenidən təsis olunan qurum 1991-ci ilədək SSRİ Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətinin tərkibində fəaliyyətini davam etdirmişdir.
Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəmizin suveren hüquqları və müstəqillik ideyaları möhkəmləndirilmiş, bütün sahələrlə bərabər, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə də dövlət qayğısı artmışdır. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu cəmiyyət ölkəmizdə yeganə rəsmi humanitar təşkilat kimi tanınmış, 1995-ci il noyabr ayının 27-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının tam bərabərhüquqlu və daimi üzvü qəbul edilmişdir. Bundan sonra beynəlxalq təcrübəni mənimsəyərək yeni inkişaf mərhələsinə qədəm qoyan cəmiyyət humanitar təşkilat kimi regionda və dünyada tanınmışdır.
Qeyri-hökumət təşkilatı olan Qızıl Aypara Cəmiyyəti dövlətin daim diqqət və qayğısı əhatəsindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” 2004-cü il 31 yanvar tarixli Sərəncamı bu sahənin inkişafında mühüm rol oynamışdır. Qeyd olunan sərəncamların qarşıya qoyduğu konkret tapşırıqların icrası çərçivəsində Qızıl Aypara Cəmiyyətinin maliyyə və maddi-texniki bazası yaxşılaşdırılmış, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının cəmiyyətin yerli təşkilatlarının sosial, tibbi sağlamlıq və xeyriyyəçilik proqramlarının həyata keçirilməsinə köməklik etməsi təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi də dövlətin diqqət və qayğısından kənarda qalma­mış, hər ötən il daha da inkişaf etmişdir. 2008-ci ildə komitə yeni inzibati bina və xidməti avtomobillərlə təmin edilmişdir. Həmçinin Ali Məclis Sədrinin sərəncamları ilə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsində çalışanların əməkhaqları 2008-ci ildə 25 faiz, 2010 və 2011-ci illərdə isə orta hesabla 10 faiz artırılmışdır.
Tərkibində 1 şəhər və 7 rayon bölməsi fəaliyyət göstərən komitənin 578 ilk təşkilatı və 36 minə yaxın üzvü vardır. Hazırda komitə öz işini 4 şöbə əsasında qurur. Belə ki, Axtarış xidməti şöbəsi Stalin repressiyası, İkinci Dünya müharibəsi və miqrasiya zamanı itkin düşənlərin axtarışı, eləcə də qaçqın və məcburi köçkünlər üçün lazımi sənədlərin bərpası ilə məşğul olur. Komitənin Gənclər və könüllülərlə iş şöbəsi gələcəyimiz olan gənclərin sağlam həyat tərzinin təmin olunması məqsədilə idman, gigiyena, təmizlik, təbiətin mühafizəsi kimi tədbirlər həyata keçirir. Həmçinin şöbənin əməkdaşları yeniyetmə və gənclərə fövqəladə hallarda ilkin tibbi yardımın göstərilməsinə dair məlumatlar verirlər.
Təşkilati iş şöbəsi muxtar respublikada fəaliyyət göstərən idarə və müəssisələrdə komitənin ilk təşkilatlarını yaradır, şəhər və rayon bölmələrinin işinə nəzarəti həyata keçirir. Bununla yanaşı, Qızıl Aypara hərəkatı haqqında seminar-treninqlər təşkil edilməsi də bu şöbənin əsas vəzifələrindəndir. Digər şöbə isə, əsasən, fövqəladə hallarla bağlı əhalinin maarifləndirilməsi işini təşkil edir.
Bir sözlə, Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi 95 ildir, fəaliyyət göstərən cəmiyyətin üzvü kimi xeyirxah bir missiyanı uğurla yerinə yetirir, əhalinin maariflənməsinə öz töhfəsini verir, ehtiyacı olanlara dəstəyini əsirgəmir.
Komitənin kollektivi bundan sonra da üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcək və qarşıya qoyulan tapşırıqları vaxtında yerinə yetirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Qızıl Aypara Komitəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR