23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə bağlı Şərur Rayon İcra Hakimiyyətində yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov açıb.
Rayon Uşaq-gənc­lər və idman məktəbinin direktoru Cəmşid Əsədov, Şahmat məktəbinin direktoru Elmar Rzayev, Şərur şəhərindəki Olimpiya-İdman Kompleksinin direktoru Rza Camalov, rayon Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov çıxış ediblər.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev, Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafına göstərilən qayğıdan, qarşıya qoyulan vəzifələrdən danışıblar.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov bildirib ki, hazırda rayonda 168 idman qurğusu mövcuddur. 52 ümumtəhsil məktəbində 94 sadə idman qurğusu və 52 idman zalı, 47 kənddə isə idman meydançası vardır.

Vurğulanıb ki, Şərur Olimpiya-İdman Kompleksi gənclərin və yeniyetmələrin ixtiyarındadır. Rayon Uşaq-gənclər idman və Şahmat məktəblərinin qapıları da şagirdlərin üzünə həmişə açıqdır. Rayonda əhalinin sağlam həyat tərzinin, xüsusən böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində mühüm əhəmiyyətə malik olan bədən tərbiyəsi və idmanın inkişafına geniş yer verilir. Hazırda muxtar respublikada fəaliyyət göstərən 12 federasiyadan 11-nin fəaliyyəti rayonda təmin olunub.
2014-cü ildə idmanın müxtəlif növləri üzrə muxtar respublika birinciliklərində rayonun yeniyetmə futbolçuları I yerə, karate-do, yüngül atletika, boks üzrə komandaları isə II yerə layiq görülüblər. Bundan əlavə, Balakən rayonunda boks üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində şərurlu idmançı Kənan Şəfiyev III yeri tutub.
Futbol üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyində Şərur rayonunun komandası II nəticəni göstərib, “Arpaçay” futbol komandası 2013-2014-cü il futbol mövsümünü III pillədə başa vurub. 2014-cü ilin may ayında Ukraynanın Xarkov şəhərində yeniyetmələr arasında keçirilən kikboksinq üzrə dünya birinciliyində şərurlu idmançı Nail Hüseynov fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
İcra başçısı diqqətə çatdırıb ki, idmanın kütləviliyinə nail olunması üçün idman və şahmat məktəblərinin kollektivləri məşqlərin müntəzəm keçirilməsinə, müxtəlif bölmələrin fəaliyyətinin gücləndirilməsinə, həmçinin ümumtəhsil məktəblərində idman və şahmat dərslərinin normal tədrisinə, ixtisaslı kadrların işə cəlb olunmasına diqqəti daha da artırmalıdırlar.
Qeyd edilib ki, rayon mərkəzində və kənd yaşayış məntəqələrində müasir idman zalları və sadətipli idman qurğuları olduğu halda, hələ də idmanın kütləviliyinə tam nail olunmayıb, federasiyaların rayon bölmələri işlərini günün tələbləri səviyyəsində qura bilməyiblər. Rayonun ucqar kəndlərində yaşayan idmançılar keçirilən yarışlara, demək olar ki, cəlb edilmirlər. Qızların idmana cəlbi də zəifdir. Rayonda üzgüçülüklə məşğul olmaq istəyən qadınlar da vardır. Ancaq onlar mütəxəssis olmadığına görə arzularını həyata keçirə bilmirlər. Tezliklə bu idman növü üzrə mütəxəssis hazır­lanmasına ehtiyac vardır. Rayonun şahmatçıları ölkə, eləcə də muxtar respublika səviyyəsində keçirilən şahmat yarışlarında zəif təmsil olunurlar.
Ümumtəhsil məktəblərində fiziki tərbiyə dərsləri tam keyfiyyətlə keçilmir və ya bəzi idman müəssisələrinin peşəkarlıq səviyyəsi aşağı olduğundan idmanın sirləri yeniyetmə və gənclərə yetərincə öyrədilmir. Bütün bu nöqsanlar tezliklə aradan qaldırılacaq.
Sonda vurğulanıb ki, 2015-ci il rayonda idmanın kütləviliyinə nail olunmasında və bacarıqlı gənclərin respublika əhəmiyyətli yarışlara hazır­lanmasında dönüş ili olmalıdır.

 Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR