Şərur rayonu
Şərur rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov bildirib ki, Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətimizin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşıb. Daim zəkası və möhkəm iradəsi ilə seçilən Azərbaycan qadınlarının fəaliyyətini yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev onlara böyük qiymət verərək deyirdi: “Qadınlar dövlətimizin, müstəqilliyimizin, bu günümüzün dayağıdır”.
Şərur Rayon Birləşmiş Həmkarlar Komitəsinin sədri Ünbülbanu Musayeva bildirib ki, bu gün Azərbaycan qadınları nəinki ölkə daxilində, hətta beynəlxalq aləmdə ölkəmizin adına layiq işlər görürlər. Onların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bu cəhətdən Şərur qadınları da istisna deyil. Bu gün rayonda qadınların sayı 56 min 282 nəfərdir. Bu isə ümumi əhalinin 50,6 faizini təşkil edir. İşləyən qadınların sayı 5291 nəfərdir. Onlardan 133 nəfəri dövlət qulluğunda çalışır. Təhsil sahəsində çalışan qadınların sayı daha çoxdur. 1926 qadın gələcəyimiz olan uşaqların təlim-tərbiyəsi ilə məşğuldur. Mədəniyyət sahəsində işləyən qadınlar da çoxdur. 634 nəfər şərurlu qadın rayonun və hətta muxtar respublikanın mədəni həyatında fəal iştirak edir.
Vurğulanıb ki, şərurlu qadınların da əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Qadınların 8 nəfəri Azərbaycan Respublikasının Əməkdar müəllimi, 1 nəfəri Əməkdar mədəniyyət işçisi, 1 nəfəri Əməkdar səhiyyə işçisi, 1 nəfəri Prezident təqaüdçüsü, 7 nəfəri Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, 2 nəfəri Əməkdar mədəniyyət işçisi, 2 nəfəri Əməkdar dövlət qulluqçusu, 1 nəfəri Əməkdar səhiyyə işçisidir. Qadınların 4 nəfəri “Tərəqqi” medalına layiq görülüb.
Tədbirdə qadınlara hədiyyələr verilib, “Arpaçay” instrumental ansamblının çıxışı tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Babək rayonu
Beynəlxalq Qadınlar Günü Babək rayonunda da qeyd olunub. Babək Rayon Mədəniyyət Evində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev çıxış edərək bildirib ki, ölkəmizin sürətli iqtisadi və siyasi inkişafı Azərbaycan qadınlarının ictimai həyatın bütün sahələrində fəal iştirakı üçün imkanlar yaradıb.
Qeyd olunub ki, ölkəmizdə qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev qadın hüquqlarının müdafiəsini öz siyasi fəaliyyətinin tərkib hissəsi hesab edib, milli qadın hərəkatının formalaşması üçün böyük işlər görüb. Azərbaycan qadını həm həkim, müəllim, həm memar, dövlət qulluqçusu, ictimai-siyasi xadim, hərbçi, həm də qayğıkeş bir ana, vəfalı həyat yoldaşıdır. Cəmiyyətimizin bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Elə muxtar respublikamızda da qadınların ictimai-siyasi sahədə fəal iştirakına geniş imkanlar yaradılır, qadın əməyi yüksək qiymətləndirilir. Babək rayonunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində çalışan qadınlarımız öz bilik və bacarıqları, işgüzarlıqları və ictimai-siyasi həyatdakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Bunun da nəticəsi olaraq, qadınların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri İsa Məmmədov, “Şərqin səhəri” qəzetinin redaktoru Hafizə Əliyeva, Cəhri kənd Uşaq musiqi məktəbinin müəllimi Validə Hüseynova və başqaları çıxış edərək qadınları əlamətdar gün münasibətilə təbrik ediblər.
Tədbirin bədii hissəsində Babək Rayon Mədəniyyət Evinin “Zabul” instrumental ansamblının ifa etdiyi musiqi nömrələri alqışlarla qarşılanıb.
Sonda qadınlara hədiyyələr təqdim olunub.
Ordubad rayonu
Ordubad rayonunda da Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov qeyd edib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla həyata keçirilən dövlət qadın siyasəti ictimai-siyasi həyatda qadınlarımızın rolunu daha da artırıb. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada qadınların iştirakı təmin olunmasın. Məhz həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün muxtar respublikada, eləcə də Ordubad rayonunda qadınlar müxtəlif dövlət orqanlarında çalışırlar.
Vurğulanıb ki, hazırda rayonda müxtəlif sahələrdə 1895 qadın çalışır. Onların da 48 nəfəri məsul vəzifələri icra edir. Son illərdə rayonun ictimai həyatında fərqlənən qadınlardan 19 nəfər müxtəlif fəxri adlarla təltif olunub.
Bayram tədbirində Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Qürbət Rzayevin, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Vilayət Bağırovun, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Firuzə Əsgərovanın və Azərbaycan Respublikasının Əməkdar müəllimi Səkinə Tağıyevanın çıxışları olub. Çıxış edənlər zəriflik və gözəllik rəmzi olan qadın, ana adının tarixboyu Vətənimizdə həmişə uca tutulduğunu, Azərbaycan qadınının bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında mühüm xidmətlər göstərdiyini, Azərbaycanda qadına daim böyük hörmət bəslənildiyini qeyd ediblər.
Tədbir rayon Mədəniyyət Evinin “Dübəndi” instrumental ansamblının solistlərinin, rayonun kəndlərində fəaliyyət göstərən mədəniyyət evlərinin rəqs qruplarının, Ordubad Rayon Xalq Teatrı üzvlərinin rəngarəng çıxışları ilə yadda qalıb.
Sonda qadınlara hədiyyələr təqdim edilib.
Culfa rayonu
Beynəlxalq Qadınlar Günü münasibətilə Culfa rayonunda keçirilən tədbiri rayon İcra Hakimiyyətinın başçısı Şükür Babayev açıb. Bildirilib ki, Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Qeyd olunub ki, qadın ana olmaqla yanaşı, eyni zamanda ictimai fəaliyyəti ilə cəmiyyətin əsas dayaqlarından biri olaraq, həm də sosial proseslərin aktiv hərəkətverici qüvvəsi kimi çıxış edir. Yeni əsrin Azərbaycan qadını milli dəyərləri öz simasında ehtiva etməklə bərabər, həm də müasir proseslərlə ayaqlaşaraq intellektual səviyyəsini daim artırır, yüksək təhsilə malik, kamil şəxsiyyət kimi formalaşır. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada qadınların iştirakı təmin olunmasın. Qadınlarımız bu gün Azərbaycanımızda gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir, dövlətimizin hərtərəfli inkişafına öz töhfələrini verirlər. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün Culfa rayonunda da qadınların hərtərəfli inkişafı üçün zəruri şərait yaradılıb. İndi elə bir ixtisas, elə bir sahə tapmaq olmaz ki, orada qadın əməyi təmsil olunmasın.
Dövlətimizin qadınlara göstərdiyi böyük qayğı müqabilində qadınların da daim cəmiyyət həyatında aktiv fəaliyyət göstərəcəyinə əminliyini bildirən icra başçısı onları təbrik edib, ictimai və şəxsi həyatda uğurlar arzulayıb.
Culfa şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Məsmə Əliyeva göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, bundan sonra da Vətənimizin hərtərəfli inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini deyib.
Sonra tədbirdə iştirak edən qadınlara hədiyyələr təqdim olunub.
Bayram tədbiri rayon Mədəniyyət Evinin və Culfa Şəhər Uşaq musiqi məktəbinin yaradıcı kollektivlərinin çıxışları ilə davam etdirilib.
Kəngərli rayonu
Kəngərli rayonunda da Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin binasında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov çıxış edərək bildirib ki, dövlət müstəqilliyimizin bərpasından ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılmasına dəyərli töhfələr verib. Dövlətimiz tərəfindən hər zaman qadın adı uca tutulur, onların hüquq və azadlıqları qorunur, zəhmətləri layiqincə qiymətləndirilir. Bu gün muxtar respublikamızın, eləcə də Kəngərli rayonunun dövlət və özəl qurumlarında işləyən qadınlar öz xidmətləri ilə ümumi inkişafımıza böyük töhfələr verirlər.
Qeyd edilib ki, rayonun yaradılmasından keçən son 11 il ərzində təhsil, səhiyyə və mədəniyyət sahələrində qazanılan uğurlarda qadınların rolu böyük olub. Rayonun dövlət strukturlarında 800 nəfərdən artıq qadın işləyir. 7 nəfər qadın məsul vəzifə daşıyır. Son illər rayonda müxtəlif sahələrdə fəaliyyət göstərən qadınlardan 8-i fəxri ada layiq görülüb.
Sonra Təzəkənd tam orta məktəbinin müəllimi Bəyim Babayevanın və Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin müəllimi Gülçin Cəfərovanın çıxışları olub. Çıxış edənlər qadınlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə rayonun musiqi kollektivlərinin çıxışları olub, qadınlara hədiyyələr təqdim edilib.
Şahbuz rayonu
Şahbuz rayonunda keçirilən bayram tədbirini rayon Mədəniyyət Evinin direktoru Ramiz Cəlilov açıb.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev çıxış edərək vurğulayıb ki, muxtar respublikamızda bir çox sahələrdə çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Şahbuz rayonunda da qadınların ictimai-mədəni həyatda iştiraklarının təmin olunması diqqət mərkəzində saxlanılır. Bu gün Şahbuz rayonunda yaşayan qadınlar öz bilik və bacarıqlarını realizə etmək imkanlarına malikdirlər. Təhsil, səhiyyə, mədəniyyət sahələri ilə yanaşı, qadınlarımız həm də hüquq-mühafizə, məhkəmə və digər orqanlarda uğurlu fəaliyyət göstərirlər.
Sonra Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri Rizvan Məmmədov, rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova və Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Növrəstə Xudiyeva çıxış ediblər.
Qeyd olunub ki, dövlət müstəqilliyimizin bərpasından sonra ötən müddət ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib, elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o, öz nüfuzunu ilbəil artırmağa müvəffəq olub. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Ölkəmizdəki sabitlik və demokratik mühit qarşıdakı illərdə də onlara öz fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirə bilmələri üçün bütün lazımi şəraiti təmin edir.
Bayram tədbiri rayon Mədəniyyət Evinin instrumental ansamblının ifasında konsert proqramı ilə davam edib.
Sonda qadınlara hədiyyələr verilib.
Sədərək rayonu
Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbiri rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açıb. Bildirib ki, cəmiyyətin aparıcı qüvvəsi kimi Azərbaycan qadını ölkəmizin ictimai-siyasi həyatında həmişə fəal olub. Qadınlarımız tarixboyu həmişə sədaqəti, mərdliyi ilə seçilib, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Hələ ötən əsrin 70-80-ci illərində ölkəmizə rəhbərliyi dövründə qadınların ictimai fəallığının artırılması üçün mühüm addımlar atan ulu öndər 1993-cü ildə ölkəmizdə ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra bu xətti yeni məzmunda, müstəqillik dövrünün tələblərinə uyğun davam etdirib. Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında da ümummilli liderimizin müəyyənləşdirdiyi qadın siyasəti uğurla həyata keçirilir. Naxçıvanlı qadınlar yüksək vəzifələrə irəli çəkilir, öz işi ilə fərqlənənlərə dövlət mükafatları verilir, onların üzləşdikləri problemlərə həssaslıqla yanaşılır.
Sədərək rayon 1 və 2 nömrəli tam orta məktəblərin direktorları Gülnarə Hüseynova və Elmira Dadaşova rayonda qadınlara göstərilən diqqət və qayğıdan danışıblar.
Çay süfrəsi arxasında davam edən tədbirdə qadınlara hədiyyələr təqdim olunub.
Tədbir boyu rayon mədəniyyət müəssisələrinin musiqi kollektivləri rəngarəng repertuarla çıxış ediblər.
Xəbərlər şöbəsi