Dünən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında bayram tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində istedadlı qadınların əl işlərindən ibarət sərgiyə baxıblar.
Bayram tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 mart 2015-ci il tarixli “Naxçıvan Muxtar Respublikasında qadınların bir qrupunun təltif edilməsi haqqında” Sərəncamını oxuyub. Sonra “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunan qadınlara nişanlar təqdim edilib.
Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə öz minnətdarlıqlarını bildiriblər.
Sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək bildirib ki, Azərbaycan xalqı tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib, xeyirxah və qəhrəman xanımları ilə qürur duyub, qadına dərin hörmət və böyük ehtiram göstərib. Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olub, adət-ənənələrimizin yaşadılması və nəsillərdən nəsillərə çatdırılması yolunda müdriklik nümayiş etdirib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə kişilərlə bərabər bir sırada dayanıblar.
Azərbaycanın, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının çiçəklənməsində, inkişafında qadınlarımız əllərindən gələni əsirgəmirlər.
Muxtar respublikamızda qadınların bütün sahələrdə təmsil olunmaları üçün lazımi şəraitin yaradıldığını, onların qayğı və problemlərinin diqqətdə saxlanıldığını bildirən Vüqar Səfərov əlamətdar gün münasibətilə qadınları təbrik edib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov çıxış edərək xüsusi qayğıya ehtiyacı olan qadınların sosial müdafiəsini gücləndirmək məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.
Qeyd olunub ki, hazırda muxtar respublikamızda yaşayan 429 sağlamlıq imkanları məhdud və ahıl qadına evdə sosial məişət xidməti göstərilir, bu kateqoriyadan olan şəxslərlə evlərdə mütəmadi olaraq görüşlər keçirilir, onların tibbi müayinədən keçmələri təmin olunur, məişət şəraitləri yaxşılaşdırılır, nümunəvi ailələrin yubiley tədbirləri qeyd olunur, muxtar respublikanın uzunömürlü sakinləri ilə görüşlər təşkil edilir. Ahıllar evinin qadın sakinlərinə də yüksək qayğı göstərilir, onların sosial reabilitasiyası və sağlamlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılır.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində keçirilən tədbirlərə uyğun olaraq, qadınların məşğulluğunun təmin olunması diqqət mərkəzində saxlanılır. Məşğulluq xidməti orqanları tərəfindən ötən il 576 qadın müvafiq işlə təmin edilib. Bununla yanaşı, xalqımızın zəngin incəsənət nümunələrini, habelə milli mətbəximizin incəliklərini öyrənmək və yaşatmaq məqsədilə işaxtaran qadınlarımız müvafiq peşələr üzrə kurslara da cəlb edilirlər. Ötən il ərzində əmək bazarının tələbləri nəzərə alınaraq, rəqabətqabiliyyətli ixtisaslar, habelə xidmət sahələri, milli və xalq tətbiqi sənəti növləri üzrə peşə hazırlığı kurslarını 132 qadın bitirib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında deyib ki, hazırda Naxçıvan Muxtar Respublikasında qadınların cəmiyyətin ictimai-siyasi həyatında getdikcə artan rolu və mövqeyi milli dövlətçilik tariximizin ən böyük uğurlarındandır.
Bildirilib ki, muxtar respublika əhalisinin 50,18 faizini qadınlar təşkil edir. Onlardan 32,37 faizi 18 yaşadək, 67,63 faizi 18 yaşdan yuxarı, 3,36 faizi sağlamlıq imkanları məhdud qadınlar, eləcə də 2660 nəfəri qaçqın və məcburi köçkün, 424 nəfəri xidmətdə olan ahıl, 125 nəfəri şəhid ailəsinin üzvü olan, 14 nəfəri isə sahibkar qadınlardır. Muxtar respublikada bütün kateqoriyalardan olan qadınlar dövlətin diqqətindədir. Qaçqın və məcburi köçkün qadınların mənzil şəraitləri yaxşılaşdırılır, sağlamlıq imkanları məhdud qadınların cəmiyyətə inteqrasiyası üçün müvafiq tədbirlər görülür, sosial vəziyyətləri ümumi yaşayış standartlarına uyğunlaşdırılır, pensiyaları vaxtlı-vaxtında ödənilir, tənha ahıl qadınlara sosial xidmətlər göstərilir, şəhid ailələrinin üzvü olan qadınlara həssaslıqla yanaşılır, onların problemləri dərhal həll edilir, sahibkar qadınlara dövlətin dəstəyi günbəgün artırılır, bir sözlə, muxtar respublikada intibahın şəfəqləri hər bir qadının həyatını işıqlandırır.
Abadlığın, yeniliyin və quruculuğun hökm sürdüyü muxtar respublikada müasirtipli təhsil müəssisələrinin, tibb ocaqlarının tikilib istifadəyə verilməsi qadınların da ümumi təhsil və biliklərinin yüksəldilməsinə, sağlamlıqlarının qorunmasına müsbət təsirini göstərib. Ali təhsil müəssisələrinə yüksək göstərici ilə qəbul olunanların əksəriyyətinin qızlar təşkil etməsi, ana ölümü hallarının minimuma endirilməsi qeyd olunanların sevindirici nəticələridir.
Muxtar respublikada qadınların fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Təkcə 2014-cü ildə 63 nəfər qadın fəxri adlara, mükafatlara layiq görülüb, medal və nişanlarla təltif edilib.
Bayram tədbirində AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Zülfiyyə İsmayıl, Heydər Əliyev adına Hərbi Liseyin tarix müəllimi Mehri Qasımova çıxış edərək qadın ucalığından, muxtar respublikada qadınların ictimai fəallıqlarından danışıblar.
Sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif nominasiyalar üzrə səmərəli fəaliyyətlərinə görə fərqlənən qadınlara diplomlar və hədiyyələr verilib.
Tədbirin bədii hissəsində Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblı solistlərinin, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs qrupunun, Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasının balaca fidanlarının çıxışları olub.
Sara ƏZİMOVA