23 Dekabr 2024, Bazar ertəsi

1910-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən beynəlxalq konfransda martın 8-i “Beynəlxalq Qadınlar Günü” kimi təsis edilmişdir. Bu gün dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda bayram kimi qeyd olunur.

Azərbaycan qadını tarixboyu cəmiyyətin aparıcı qüvvəsi kimi xalqımızın ictimai-siyasi həyatında fəal iştirak etmiş, öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə seçilmiş, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan qadınları öz dərin zəkaları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edir, müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının inkişafına öz töhfələrini verirlər.
Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Hələ ötən əsrin 70-80-ci illərində ölkəmizə rəhbərliyi dövründə qadınların ictimai fəallığının artırılması üçün mühüm addımlar atan ulu öndər 1993-cü ildə ölkəmizdə ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra bu xətti yeni məzmunda, müstəqillik dövrünün tələblərinə uyğun davam etdirmişdir. Bu dövrdən başlayaraq qadın hüquqlarının müdafiəsi, gender bərabərliyi, qadınların ailənin rifahı və cəmiyyətin inkişafına müsbət təsiri, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunması və problemlərinin həlli istiqamətində ardıcıl işlər görülmüşdür. Ümummilli liderimiz Azərbaycan qadınına yüksək qiymət verərək demişdir: “Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrində Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir. İfti­xar hissi ilə qeyd edilməlidir ki, qadınlarımız öz əcdadlarının yolunu bu gün də davam etdirərək müasir dünya qadınları arasında özlərinə məxsus yer tuturlar”.

 Dahi şəxsiyyətin “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” 1998-ci il 14 yan­var tarixli Sərəncamı, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərmanı ölkəmizin siyasi, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq məqsədilə imzalanmış mühüm dövlət sənədləridir. 1998-ci ildə müstəqil Azərbaycan qadınlarının ilk qurultayının keçirilməsi isə ölkəmizdə qadınlara verilən yüksək dəyərin daha bir ifadəsi idi.

Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur. Artıq Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur və BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. Dövlət başçısının hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbriki qadınlara diqqətin və ehtiramın təcəssümüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə bu il martın 5-də Azərbaycan qadınlarına təbrikində deyilir: “Siz Azərbaycan qadınlarının müasir cəmiyyətimizdə tutduğunuz mövqe, bərabər hüquqlar və imkanlar üçün göstərdiyiniz səylər, həmçinin mötəbər qurumlarda təmsil olunmağınız fəxr etdiyimiz mühüm tarixi nailiyyətlərdir. Adınız ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi kimi ölkəmizdə həmişə uca tutulmuşdur. Qədim keçmişimizin hər bir səhifəsi müdrikliyinizin, fədakarlıq və qəhrəmanlığınızın parlaq nümunələri ilə zəngindir. Milli varlığımızın ifadəsi olan çoxəsrlik mədəni-mənəvi dəyərlərin, doğma ana dilinin və adət-ənənələrin bu günlərədək layiqincə yaşadılması sizin misilsiz xidmətinizdir”.

Bu gün Azərbaycanda qadınlarla bağlı iş dövlət siyasətinin bütün sahələrində öz əksini tapır, qadınlar ən yüksək diqqət və qayğı ilə əhatə olunurlar. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ölkə başçısının qanunvericilik təşəbbüsü əsasında 2006-cı il oktyabrın 10-da “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması, 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gender bərabərliyi ilə bağlı müddəaların yer alması qadınların cəmiyyət həyatında fəal iştirakının təmin olunmasında, onların hüquq və vəzifələrinin qorunmasında, sosial problemlərinin həllində mühüm əhəmiyyətə malik olmuşdur.
Naxçıvan Muxtar Respublikasında da qadınların cəmiyyətin ictimai-siyasi həyatında rolu getdikcə artır. Bu, bir tərəfdən Naxçıvanda qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən isə muxtar respublikada həyata keçirilən dövlət qadın siyasəti ilə bağlıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması muxtar respublikada qadınlara verilən hərtərəfli dəstəyin, onların hüquqlarının müdafiə edilməsi istiqamətində həyata keçirilən tədbirlərin daha bir göstəricisidir.
Muxtar respublikada əhalinin məşğulluğu ilə bağlı qəbul edilən dövlət proqramlarında qadınların da işlə təmin edilməsi diqqət mərkəzində saxlanılır. Qətiyyətlə demək olar ki, artıq muxtar respublikada təhsil, səhiyyə, mədəniyyət sahələri ilə yanaşı, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında da qadınlar təmsil olunurlar. Təkcə bir faktı qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 45 deputatından 6-sı qadındır. Son bələdiyyə seçkilərində iştirak edən qadınların sayı bir öncəki seçkilərə görə 36 nəfər artaraq 294 nəfərə çatmışdır. Hazırda muxtar respublikada 13 qadın bələdiyyə sədri vəzifəsində çalışır.
Muxtar respublikada həyata keçirilən qadın siyasətinin əsas istiqamətlərindən biri də qadınların ictimai fəallığını artırmaqdan ibarətdir. Bununla əlaqədar qadınlar mütəmadi olaraq öz hüquqları barədə məlumatlandırılır, ailə dəyərlərinin qorunmasındakı rolu, sağlamlıqlarının mühafizəsi kimi vacib məsələlərin həllinə yönəlmiş maarifləndirmə tədbirləri həyata keçirilir. Həmçinin ahıl, tənha, xüsusi qayğıya ehtiyacı olan qadınların həyat şəraitlərinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlər görülür, onların məişət və sosial ehtiyacları ödənilir. Muxtar respublika əhalisinin yarıdan çoxunu təşkil edən qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılmasına, qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsinə, qadınların peşə hazırlığına və əlavə təhsilinə yönəldilmiş tədbirlər də diqqət mərkəzində saxlanılır, sağlamlıq imkanları məhdud olan qadınlar müvafiq peşə kurslarına cəlb edilir, istedadlı qadınların əl işlərinin satış-sərgiləri təşkil olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Azərbaycanda qadın adının həmişə uca tutulduğunu, qadına böyük ehtiram göstərildiyini bildirərək demişdir: “Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır. Qədim rəvayət və dastanlarımızda müdrik və gözəl qadın obrazlarının bədii təsviri verilmişdir. Azərbaycan tarixinin bütün dövrlərində böyük fitri istedada, dərin zəkaya, möhkəm iradəyə malik şair, hökmdar, döyüşçü qadınlar fəaliyyət göstərmiş, elm xadimləri olan qadınlarımız Azərbaycan elmini dünyaya tanıtmışlar. Eyni zamanda Azərbaycan qadını dünyaya böyük siyasət və dövlət xadimlərini, tanınmış elm və sənət adamlarını bəxş etmişdir. Bugünkü həyatımızın hər hansı bir hissəsini qadınlarsız təsəvvür etmək mümkün deyil”.

Dövlətin qayğısını daim üzərlərində hiss edən qadınlar bundan sonra da muxtar respublikanın inkişafı naminə səylə çalışacaq, gənc nəslin Azərbaycançılıq və dövlətçilik ənənələrimizə sadiqlik ruhunda tərbiyəsində fəallıq nümayiş etdirəcəklər.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR