23 Dekabr 2024, Bazar ertəsi

Hava nəqliyyatı muxtar respublikanın sosial-iqtisadi həyatında mühüm rola malikdir. Xüsusilə Naxçıvanın ölkəmizin digər hissəsindən təcrid olunması nəqliyyatın bu növünə olan tələbatı daha da artırmışdır. Buna görə də Naxçıvan Beynəlxalq Hava Limanının fasiləsiz fəaliyyəti və nümunəvi xidmətin təşkili istiqamətində işlər fevral ayında da davam etdirilmişdir.

Ötən dövrdə hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə Beynəlxalq Hava Limanında bütün zəruri tədbirlər yerinə yetirilmiş, hava gəmilərinin və texniki avadanlıqların sazlığı müntəzəm olaraq diqqət mərkəzində saxlanılmış, aerodromda cari təmir işləri aparılmışdır. Fevral ayının 21-də THY-328 saylı reys buzlaşmaya qarşı emal olunmuş, hava gəmilərinə xidmət edən xüsusi maşın və texnikalara, yanğınsöndürən avtomobillərə texniki xidmət göstərilmiş, xidməti ərazilərdə profilaktik yoxlamalar aparılmış, yararsız yanğınsöndürmə balonları yeniləri ilə əvəz olunmuşdur.

Ötən ay uçuşların elektrik-işıq texnikası təminatı, istilik və sanitariya texnikası ilə təchizat xidmətləri də işini tələb olunan səviyyədə qurmuşdur. Belə ki, bütün növ dizel generatorları texniki nəzarətdən keçirilmiş, yanğın nasos stansiyasındakı elektrik mühərriklərinin avtomatik rejimdə işləməsi, təzyiq və qoruyucu relelərin sazlığı diqqətdə saxlanılmışdır. Transformatorlara və elektrik şitlərinin mühafizə avadanlıqlarına texniki xidmət göstərilmiş, texniki təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmuşdur. Texnoloji avadanlıqların istismarı və təmiri sahəsi üzrə işlər qrafikə uyğun davam etmiş, cihazların davamlı və normal işinin təşkili üçün qabaqlayıcı tədbirlər görülmüşdür. Xidmətin günün tələblərinə uyğun təşkili məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində aerovağzal binasının yenidən qurulması və Şərur rayonunda aviakassa binasının inşası davam etdirilmiş, Ordubad şəhərindəki aviakassada monitorlar və müşahidə kamera sistemi quraşdırılmışdır.
İşçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə də mütəmadi tədbirlər görülür. Ötən ay Aviasiya təhlükəsizlik xidmətinin agent və mütəxəssisləri Milli Aviasiya Akademiyasında təşkil olunan ilkin monitor və monitor ixtisas­artırma kursunda iştirak etmiş, yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandası, eləcə də texniki heyətlə müntəzəm olaraq nəzəri və praktik məşğələlər keçirilmişdir. Hava gəmilərinin buzlaşmaya qarşı emalı üçün kurs təşkil edilmiş, işçilərə kitab və təlimatlar toplusu paylanılmış, 11 əməkdaşa sertifikat verilmişdir.
Bütün bunların nəticəsidir ki, 2015-ci ilin fevral ayı ərzində də hava limanında əhaliyə keyfiyyətli xidmət təşkil olunmuşdur. Ötən ay ərzində yerli hava xətti ilə 11 min 492 sərnişin, 142 min 9 kiloqram baqaj, 61 min 147 kiloqram yük və 2 min 337 kiloqram poçt daşınması həyata keçirilmişdir. Beynəlxalq hava xətti üzrə isə Naxçıvan-Moskva reysi ilə 149 sərnişin, 2 min 239 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 380 sərnişin və 3 min 443 kiloqram baqaj daşınmışdır.
Naxçıvan Beynəlxalq Hava Limanının kollektivi əhaliyə nümunəvi xidmət göstərmək üçün daha səylə çalışacaqdır.

Naxçıvan Beynəlxalq
Hava Limanı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR