23 Dekabr 2024, Bazar ertəsi

Ölkə başçısı cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Gü­nü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur. Martın 5-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində əlamətdar gün münasibətilə tədbir keçirilib.
Tədbirin aparıcıları qeyd ediblər ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində idmanın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması ilə bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə başlanılıb. Məhz bu dövrdən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər reallaşdırılıb. Ümummilli lideri­mizin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən yeni mərhələyə qədəm qoyub. 1997-ci il iyul ayının 31-də cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra respublikada idman hərəkatının genişlənməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb, Azərbaycan beynəlxalq miqyasda idman ölkəsi kimi tanınıb.

Əlamətdar gün münasibətilə muxtar respublika idman ictimaiyyətini təbrik edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbar­ov çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikamızda idmana və idmançılara göstərilən dövlət qayğısından, yeni olimpiya-idman komplekslərinin və digər idman obyektlərinin tikilməsinin bu sahənin hərtərəfli inkişafına təkan verməsindən, idmanın inkişafı sahəsində fəaliyyətin təşkilati-hüquqi əsaslarının yaradılmasından danışıb.Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarının təşkilatçısına çevrildiyini deyən nazir bildirib ki, 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsinin qərara alınması da Azərbaycanın dünyadakı yüksək idman nüfuzundan xəbər verir.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında da idmanın maddi-texniki bazası xeyli gücləndirilib. Muxtar respublikada bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, idman infrastrukturunun yenidən qurulması, gənclərin idmana marağının artırılması diqqət mərkəzində saxlanılır. Yaradılan müasir idman infrastrukturu, öz növbəsində, Naxçıvanın müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməsi üçün də geniş imkanlar açıb.
Nazir deyib ki, muxtar respublikada idmanın kütləviliyinə nail olunması, xüsusilə uşaq və gənclərin idmana cəlbi istiqamətində ardıcıl işlər görülür. Bunun nəticəsidir ki, 2014-cü ildə muxtar respublikanın gənc idmançılarının ayrı-ayrı idman növləri üzrə respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib, idmançılarımız dünya çempionatlarında 2, Avropa çempionatında 3, beynəlxalq turnirlərdə 16, Azərbaycan birinciliklərində isə 56 medal qazanıblar. Bununla yanaşı, 2 naxçıvanlı idmançı ilk dəfə keçiriləcək “Bakı-2015” Avropa Oyunlarında iştirak etmək hüququ qazanıb.
Bildirilib ki, bu il fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib, konkret tapşırıqlar verilib. Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi aid orqanlar və muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları ilə birlikdə gənc­lərin idmana cəlbini diqqət mərkəzində saxlayacaq, istedadlı idmançılar nəslinin yetişdirilməsi üçün səy göstəriləcəkdir.
Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev, Güləş Federasiyasının sədr müavini Yaşar Səfərov çıxış edərək təmsil etdikləri federasiyaların fəaliyyəti və qazanılan uğurlar, qarşıda duran vəzifələr barədə danışıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə muxtar respublikada idmanın inkişafında səmərəli fəaliyyətlərinə görə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunan idman ictimaiyyətinin nümayəndələrinə nişanlar təqdim edilib, 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə muxtar respublikada keçirilən yarışların qalibləri mükafatlandırılıb.
Sonra tədbirin bədii hissəsi olub.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR