Gömrük xidməti ilə biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən məsləhət şurasının xarici iqtisadi fəaliyyət iştirakçıları ilə növbəti görüşü olub.
Görüşdə manatın devalvasiyası ilə əlaqədar xarici ticarətin tənzimlənməsi üzrə müəyyənləşdirilmiş istiqamətlər diqqətə çatdırılıb, həmçinin xarici ticarət əməliyyatları zamanı aşkarlanan hüquqpozma faktları, o cümlədən gömrük auditində ortaya çıxan problemlər və onların aradan qaldırılması yolları müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov manatın devalvasiyasının yerli istehsalçılara və istehlakçılara təsirini azaltmaq məqsədilə təsirli tədbirlərin həyata keçirildiyini deyib. Gömrük orqanlarının daxili bazarda idxal mallarının, xüsusən qida və kənd təsərrüfatı məhsullarının, dərman preparatlarının, xaricdən gətirilən xammal hesabına hasil olunan yerli istehsal məhsullarının bazar qiymətinin süni şəkildə artırılmasına qarşı olduğunu deyən komitə sədri bu məqsədlə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə səylərin birləşdirilməsinin önəmini vurğulayıb.
Tədbirdə çıxış edən komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli manatın devalvasiyası ilə əlaqədar xarici ticarətin tənzimlənməsi istiqamətlərini biznes subyektlərinin diqqətinə çatdırıb. Vurğulanıb ki, gömrük orqanları daxili bazarı xarici təsirlərdən qorumaqla yanaşı, süni qiymət dəyişmələrini də daim nəzarətdə saxlayır. Manatın devalvasiyasının daxili bazarda ciddi qiymət qalxmaları ilə nəticələnməməsi üçün gömrük orqanları tərəfindən tənzimləyici tədbirlərin davam etdiriləcəyini qeyd edən sədr müavini bu istiqamətdə görülən işlərin yerli istehsalçıların və istehlakçıların maraqlarına xidmət etdiyini önə çəkib.
Qeyd olunub ki, gömrük orqanları bazarda baş verən qiymət dəyişmələrinin təhlilini, buna yol açan səbəblərin idxalatçılarla müzakirəsini, belə halların qarşısının alınması üçün maarifləndirmə işinin aparılmasını və aidiyyəti dövlət orqanları ilə birgə reydlərin təşkilini bundan sonra da davam etdirəcəkdir.
Komitənin Hüquqpozmalara qarşı mübarizə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Əli Əliyev xarici ticarət əməliyyatları zamanı aşkarlanan hüquqpozma faktlarını görüş iştirakçılarının diqqətinə çatdırıb.
Komitənin Audit şöbəsinin rəisi, gömrük xidməti polkovniki Tofiq Hüseynov gömrük auditi zamanı aşkarlanan nöqsanlar və onların aradan qaldırılması yollarından danışıb.
Sonra xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin iştirakı ilə diskussiya olub.
Tədbirə yekun vuran komitə sədri bir daha vurğulayıb ki, manatın devalvasiya prosesində bütün biznes subyektləri süni qiymət qalxmalarından çəkinməli, istehlakçıların mənafeyi əsas tutulmalıdır. Qeyd olunub ki, gömrük orqanları xarici ticarətin tənzimlənməsi ilə yerli istehsalın stimullaşdırılması, daxili bazarda qiymət dəyişmələrinin tənzimlənməsi və istehlakçıların hüquqlarının qorunması sahəsində fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti