Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin “Ulu öndər Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda növbəti məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırdığını vurğulayıb.
“Dahi rəhbər Heydər Əliyev Azərbaycanda yüksək səviyyəli cəmiyyət qura bilən, onu beynəlxalq miqyasda təmsil etməyi bacaran, milli və ictimai mənafeyi öz şəxsi mənafeyindən üstün tutan qadınların idarəetmədə iştirakını daha da genişləndirib. Qadınlarımızsa onlara göstərilən etimadı doğruldaraq çalışdıqları sahələrdə nümunə göstərərək uğurlar qazanırlar”, – deyən rektor fəaliyyət göstərdikləri bütün sahələrdə qadınlara fəxri adların verilməsini, milli-mədəni irsimizin təbliğini, bu əsaslar üzərində müasir mədəniyyətimizin inkişafına nail olunmasını görkəmli dövlət xadimi Heydər Əliyevin xalq qarşısındakı əvəzsiz xidmətlərindən biri olduğunu bildirib.
Məşğələdə “Ulu öndər Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda məruzə ilə çıxış edən Kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova qadınların dövlət qurumlarında və ümumiyyətlə, ictimai-siyasi həyatda təmsil olunmaq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsinin ulu öndərin əsasını qoyduğu liberal gender siyasəti nəticəsində mümkün olduğunu nəzərə çatdırıb. Vurğulanıb ki, Türk dünyasının böyük oğlu Heydər Əliyevin həyata keçirdiyi gender siyasətinin əsas nəticələrindən biri də 1998-ci ildə Azərbaycanda keçirilmiş Qadınların I Qurultayı idi. Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda demokratik cəmiyyətin, qadın hərəkatının əsasını qoydular. Məruzəçi qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin imzaladığı fərman və sərəncamlarla, o cümlədən “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin gücləndirilməsi haqqında” və digər rəsmi sənədlərdə ölkəmizdə qadınların hüquqlarının müdafiəsi təmin olunub. “ Ulu öndərin siyasi kursu bu gün də uğurla davam və inkişaf etdirilir”, – deyən Nəzakət İsmayılova məşğələ iştirakçılarının nəzərinə çatdırıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbulu qadınlarla bağlı məsələlərin hər zaman dövlət başçımızın diqqət mərkəzində olduğunun təzahürüdür.
Mina QASIMOVA