Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə bağlı Culfa Rayon İcra Hakimiyyətində yığıncaq olub.
Yığıncağı giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev açıb.
Tədbirdə Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümid Həsənlinin, Təhsil Şöbəsinin müdiri Adəm Qasımovun, Uşaq-gənclər idman məktəbinin direktoru Abdulla Məhərrəmovun, Uşaq-gənclər şahmat idman məktəbinin direktoru Asiman Tağıyevin müzakirə olunan məsələ ilə bağlı məlumatları dinlənilib.
Yığıncaqda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev, Gənclər və İdman naziri Azad Cabbarov çıxış ediblər. Çıxışlarda muxtar respublikada idman sahəsinə göstərilən dövlət qayğısından, adıçəkilən müşavirədə verilən tapşırıqların icrası ilə bağlı qarşıda duran vəzifələrdən, işdə buraxılan nöqsanların qısa zamanda aradan qaldırılmasının vacibliyindən söhbət açılıb.
Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev rayonda mövcud olan idman infrastrukturunun müasir tələblərə cavab verdiyini deyib. O bildirib ki, buna baxmayaraq, yaradılan şəraitdən heç də həmişə tam istifadə olunmur. Rayonda 18 yaşadək uşaq və gənclərin çox az faizinin idmanla məşğul olması bir daha göstərir ki, onların idmanın müxtəlif növlərinə maraqlarının artırılması istiqamətində görülən işlər qənaətbəxş deyil. Rayonda idmanın bütün növlərinin inkişafı üçün lazımi tədbirlərin görülməsi, bədən tərbiyəsi və idmanın təbliği ilə əlaqədar yeni layihələrin hazırlanması, müxtəlif növ idman yarışlarının keçirilməsi günün tələbidir.
Vurğulanıb ki, rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərində yaradılan idman zalları yetişməkdə olan gənclərin fiziki sağlamlığının təmin olunması məqsədinə xidmət edir. İdmanın kütləviliyinin təmin olunmasında ümumtəhsil məktəblərinin də üzərinə mühüm vəzifələr düşür. Çox təəssüf ki, idmana uşaq və gənclərin cəlb olunması, eləcə də məktəblərdə bədən tərbiyəsi və idman dərslərinin keçilməsi lazımi səviyyədə deyil. Ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin keçilməsi səviyyəsi və metodları müasir tələblərə cavab vermir.
İcra başçısının sözlərinə görə, məktəblərdə bədən tərbiyəsi və idman dərsləri lazımi idman qurğuları ilə təchiz olunmuş zallarda deyil, siniflərdə keçilir. Bəzi məktəblərdə bədən tərbiyəsi və idman dərslərinin axırıncı dərs saatına salınması, həmçinin idman müəllimlərinin öz işinə laqeyd münasibəti şagirdlərin idman dərslərindən yayınmasına, onların gərəksiz olaraq internet-klublara getməsinə, orada saatlarla vaxt keçirmələrinə və təsir altına düşərək zərərli vərdişlərə aludə olmalarına şərait yaradır. Qarşıdakı dövrdə bu nöqsanlar aradan qaldırılacaq, ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idman dərslərinin təşkili ciddi nəzarətə götürüləcək, bədən tərbiyəsi və idman sahəsində pedaqoji fəaliyyətə müvafiq ixtisas sahibi kadrlar cəlb ediləcək, dərslərin müvafiq idman formalarında, dərs proqramına uyğun keçilməsi təmin olunacaqdır.
Xəbərlər şöbəsi