22 Dekabr 2024, Bazar

Daim Vətən üçün mübarizə aparmağa, bu yolda canından keçməyə hazır olan Milli qəhrəmanlarımızı xatırladıqca sanki xalqımızın varlığını əks etdirən bütöv qəhrəmanlıq tariximizi vərəqləyir, mənəvi kamilliyin fövqünə qalxırıq. Qəhrəmanlarımızın həyat yolu, mənəvi keyfiyyətləri ibrətə, örnəyə çevrilir, mənəvi inkişafımızda böyük rol oynayır, cəmiyyətə fayda gətirir və nəticədə, Qəhrəmanlıq doğurur. Hörmətli oxucular! Rubrikamızın bu sayında iki Milli Qəhrəmanımız – Əmiraslan Əliyev ilə Kərim Kərimovun keçdikləri şərəfli həyat yoluna, eyni zamanda şəxsi şücaətlərinə, fədakarlıqlarına və qəhrəmanlıqlarına nəzər yetirəcək, qəhrəmanlıq tariximizə faktların gözü ilə baxacağıq:

Əliyev Əmiraslan Rza oğlu

30 avqust 1960-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1967-77-ci illərdə Naxçıvan şəhər 1 nöm­rəli orta məktəbdə oxumuşdur. Məktəbi bitirdikdən sonra 1977-79-cu illərdə Naxçıvan Şərabçılıq Zavodunda fəhlə işləmişdir. 1979-1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmətdə olmuşdur. Bir müddət Ukrayna Respublikasında xidmət etmiş, hərbi xidmətini Polşada başa vurmuşdur. 1981-82-ci illərdə Naxçıvan Şüşə Qablar Zavodunda, 1982-92-ci illərdə isə Vayxır Su-Tikinti İdarəsində fəhlə işləmişdir. İstehsalatda çalışmaqla yanaşı, təhsilini də davam etdirməyi unutma­mışdır. 1982-87-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini bitirmişdir.
1992-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında hərbi xidmətə çağırılmışdır. O, bir sıra məsul vəzifələrdə çalışmış, qarşısında duran vəzifələrin öhdəsindən həmişə layiqincə gəlmişdir. Nümunəvi xidmətinə görə baş leytenant Əmiraslan Əliyev qərargahın baş zabiti kimi yüksək vəzifəyə təyin olunmuşdur.

Bu vəzifədə xidmət etdiyi müddətdə o, dövlət sərhədinin mühafizəsi sahəsində mühüm işlər görmüş, bir çox sərhəd bölgələrində ciddi qayda-qanun yaradılmasına nail olmuşdur. Verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyinə, döyüş hazırlığında əldə etdiyi yüksək nailiyyətlərinə görə baş leytenant Əmiraslan Əliyev hərbi hissə tərəfindən 8 oktyabr 1994-cü ildə fəxri fərmanla təltif edilmişdir.
1995-ci ildə bir qrup cinayətkar dövlət çevrilişinə cəhd göstərdiyi zaman baş leytenant Əmiraslan Əliyevə məsuliyyətli vəzifə tapşırılmışdı. O, 1995-ci il martın 17-də bu tapşırığı yerinə yetirərkən dövlətçiliyimizin qorunması yolunda şəhidlik zirvəsinə ucalmışdır.
Ailəli idi. Üç övladı var.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə Əliyev Əmiraslan Rza oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Naxçıvan şəhərindəki Şəhidlər Xiyaba­nında dəfn edilmişdir. “N” Sərhəd Zastavasında qəhrəmanın “Xatirə otağı” açılmış və büstü qoyulmuşdur. “N” sərhəd məntəqəsinə Əmiraslan Əliyevin adı verilmişdir.

Kərimov Kərim Məhəmməd oğlu

2 iyul 1971-ci ildə Şərur rayonunun Qarahəsənli kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Rusiyanın Tümen vilayətinə getmiş və Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinə qəbul olunmuşdur. Siyasi və hərbi hazırlıq əlaçısı idi. Ürəyi hər zaman Vətən eşqi ilə döyünürdü.
Qarabağda döyüşlər şiddətlənəndə onunla bir yerdə təhsil alan 15 nəfər azərbaycanlı kursantı ətrafına toplayıb deyir: “Bu gün Vətənimizin ağır günüdür. Ölkənin hərbi mütəxəssislərə böyük ehtiyacı var. Əgər biz günahsız insanların Qarabağda axıdılan qanına biganə qalsaq, onda torpaq bizi bağışlamaz”. Beləliklə, Tümen Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinin son kursunda təhsil alan tələbələr Azərbaycana qayıdıb təhsillərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində davam etdirirlər. Onlar Biləcəridə təlim keçdikdən sonra aprelin 15-də Goranboy rayonuna yola düşürlər. İlk gündən “Tümendən gələn zabit” kimi tanınan 21 yaşlı Kərim Kərimov istehkamçılar bölməsinə komandir təyin olunur. O, verilən bütün tapşırıqları vaxtında və yüksək dəqiqliklə yerinə yetirirdi.
1992-ci il mayın 1-də Tapqaraqoyunlu kəndi ətrafında minalanmış sahələrin zərərsizləşdirilməsı əməliyyatı başlanmışdı. Əməliyyat zamanı bir nəfər əsgərimiz yaralanmışdı. Döyüşçüyə birinci qrup qan lazım olanda ilk dəfə Kərim özü qan verir. Mayın 5-də Kərim bir neçə döyüş yoldaşı ilə birlikdə quldurlar yuvası Talış təpəsinə qalxır. Onların döyüş hünəri sayəsində 40 nəfərə yaxın erməni qulduru məhv edilir. Bölmə döyüşə-döyüşə yüksəkliyi ələ keçirir. Səhər saat 5 radələrində Talış kəndindən baş qaldıran düşmən güclü hərbi texnikanın köməyilə onları mühasirəyə salır. Şiddətli döyüş başlanır. Kərim öz avtomatını yoldaşına verib, qumbaraatanla hücuma keçir. Düşmənin bir döyüş maşını vurulur. İkinci maşına atəş açılanda artıq Kərim yaralanmışdı. O, əsir düşməmək üçün odlu siqnal fişəngini sinəsinə sıxır. Erməni quldurları Kərimin və onun bir neçə döyüş yoldaşının cəsədlərini götürüb aradan çıxırlar.
İyunun 12-də kəndlərin erməni silahli quldur dəstələrindən təmizlənməsi əməliyyatı başlanır. Qısa müddət ərzində 14 kənd geri qaytarılır. Ayın 16-da səhər saat 12-də Talış kəndinin azad olunması barədə əmr veriləndə Kərimin atası və əmisi də döyüşlərə qoşulurlar. Milli Ordumuza əsir düşmüş iki erməni döyüşçüsünün verdiyi məlumatla Kərimin fermanın yanında basdırılmış cəsədi tapılır. Onun cəsədi Gəncə aeroportuna gətirilib Naxçıvana yola salınır.
1992-ci il mayın 5-də Goranboy döyüşlərində qəhrəmancasına şəhid olmuş Kərim Kərimov iyunun 17-də doğma kəndi Qarahəsənlidə torpağa tapşırılır.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 1992-ci il tarixli Fərmanı ilə Kərimov Kərim Məhəmməd oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Qarahəsənli kəndində onun büstü qoyulmuşdur. Goranboy və Şərur rayonlarında adına məktəb və küçə var.

Mirməcid SEYİDOV
Azərbaycan Vətən Müharibəsi
Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR