23 Dekabr 2024, Bazar ertəsi

Bu günlərdə kitabxanaların birində rusiyalı qafqazşünas-alim Rudolf Nikolayeviç İvanovun Nəriman Nərimanov haqqında yazdığı və yenicə nəşr edilmiş kitabına rast gəldim. Arxiv materialları əsasında yazılmış bu maraqlı epopeya haqqında danışmazdan əvvəl qeyd edək ki, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi Naxçıvanın tarixi XVIII əsrin sonlarından başlayaraq rusiyalı qafqazşünasların və tarixçilərin maraq dairəsində olmuşdur. Onların çoxu Naxçıvanda olmuş və maraqlı əsərlər yazmışlar. Bir sıra ziddiyyətli fikirlərə baxmayaraq, bu əsərlər bu gün də aktuallığı ilə seçilir.

Sonralar sovet tarixçiləri də tarixi ənənəni davam etdirmişlər. O cümlədən Kommunist Partiyasının və sovet dövlətinin əsas rəhbərlərindən biri olan Nəriman Nəcəf oğlu Nəriman­ov haqqında da kitablar yazılmışdır. Onun haqqında yazanlara nümunə kimi V.Məmmədovun, F.Köçərlinin, T.Əhmədovun, F.Bayramovun, İ.Dubinski-Muxadzenin, M.Qazıyevin, M.Rəfilinin, C.Quliyevin, V.Ağasıyevin və H.Z.Əli­yevin adlarını çəkmək olar. Onun haqqında kitablar 1956-cı ildən sonra yazılmağa başlanmışdır. Bunlardan aydın olur ki, “İ.V.Stalin epoxası” dövründə N.Nərimanov haqqında ətraflı yazmaq qadağan olunmuşdu.

Amma böyük dövlət xadimi və vətənpərvər ziyalı Nəriman Nərimanov haqqında əhatəli tədqiqat əsərləri 1969-cu ildən sonra – ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyə başlayandan sonra yazılmışdır.
Azərbaycan 1991-ci ildə yenidən müstəqilliyini bərpa etdikdən sonra rusiyalı tarixçilər və qafqazşünaslar əvvəlki ənənəni yenə də davam etdirmişlər. Onlardan Rudolf İvanov və Oleq Kuznetsov azərbaycanlı oxuculara yaxşı tanışdırlar.
R.İvanov Azərbaycan tarixinə aid maraqlı kitablar yazmışdır. Onun yeni nəşr etdirdiyi kitab “Ölüm mübarizəsi” adlanır. 525 səhifədən, 182 illüstrasiyadan və 6 fəsildən ibarət olan kitaba 475 tarixi material daxil edilmişdir. Onların yarısından çoxu müəllif tərəfindən aşkar olunmuşdur.
Kitaba “Ön söz”ü akademik İsa Həbibbəyli yazmışdır. Nəriman Nərimanov haqqında aparılan axtarışlar, onun fəaliyyəti və qəfil ölümünün səbəbləri, eləcə də digər məsələlər R.İvanovun sənədli epopeyasında dolğun əksini tapmışdır.
Birinci fəsildə (“Nəriman Nərimanov Azərbaycan və SSRİ üçün kim olub?”) müəllif Nəriman Nərimanovun şəcərəsi haqqında bəzi qeydlər verməklə onun təhsil illərindən, müəllimlik fəaliyyətindən, ədəbi əsərlərindən və Rusiyada tibbi təhsil almasından söhbət açır.
Maraq üçün deyək ki, Nəriman Nərimanovu Naxçıvanla da qohumluq telləri bağlayır. Onun xalası Zəhra banu xanım naxçıvanlı həkim Sultanovun anası olub.
Müəllif özünəməxsus təhkiyə üsulu ilə Nəriman Nərimanovun ailəsi, onun Moskvaya Kremlə dəvət olunması, V.Leninlə dostluğundan və Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından söhbət açır. O, erməni bolşeviklərin Nəriman Nərimanova maneçilik etmələrini, hər vəchlə onu hakimiyyətdən uzaqlaşdırmaq cəhdlərini və xəyanətlərini sənədlər əsasında oxucuya təqdim edir.
Müəllif bu fəsildə Nəriman Nərimanovun Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi qalması uğrunda apardığı mübarizədən də ətraflı söhbət açır. R.İvanov göstərir ki, Nəriman Nərimanov Qarabağ məsələsində “Stalin-Serqo Orconi­kidze-Mikoyan” qruplaşmasına qalib gəlir.
İkinci fəsildə (“Mərkəzi Komitəyə – yoldaş Stalinə. Surəti Troitski və Radek yoldaşlara Nəriman Nərimanov. “Bizin inqilabın ucqarlarda tarixindən”) Nəriman Nərimanovun məruzəsi maraq doğurur. Bu məruzədə Nəriman Nərimanov iki məsələni (birinci, Şərq məsələsi, ikinci, Azərbaycanda vəziyyət) ətraflı izah edir. Müəllif oxucunun diqqətini daha çox “Mikoyan-Sərkis-Mirzoyan” qruplaşmasına yönəldir. Tarixi sənədlər əsasında onların və onlarla dostluq edənlərin iç üzünü açır. Nəriman Nərimanovun özü həmin şəxslər haqqında yazıb: “Mikoyanın, Sərkisin və Mirzoyanın siyasətini Azərbaycan üçün ziyanlı hesab etmişəm və edirəm, belə ki, onlar Azərbaycanı simasızlaşdırmaq istəyirlər”.
Üçüncü fəsil “Divantutma, qisas” adlanır. Burada Azərbaycan SSR-in qəzalarında 28 aprel və 1 mayın bayram edilməsindən danışılır. Əsərdəki protokolların üzərində yazılıb: “tamamilə məxfidir”, “qriflidir”.
Bu fəsildə Nəriman Nəriman­ovun “Mikoyan-Sərkis-Mirzoyan” üçlük qruplaşmasına qarşı apardığı mübarizədə onun çox qətiyyətli olması oxucuda böyük təəssürat yaradır. Ermənilərin və ermənipərəst qüvvələrin siyasi intriqalarına, böhtanlarına ləyaqətlə cavab verən, amansız mübarizə aparan və axırda da qalib gələn Nəriman Nərimanov bütün yüzilliklərdə Azərbaycan tarixində yaşaya biləcək bir şəxsiyyətdir.
Dördüncü fəsildə (“Nəriman Nərimanovun ömür yolundan 15 ay”) müəllif V.İ.Leninin ölümündən sonra N.Nərimanovun gördüyü işləri sənədlər əsasında nəql etməklə, onun “Lenin və Şərq” məqaləsini oxucu­lara təqdim edir. Nəriman Nərimanovun bu tarixi məqaləsi nadir əsərlərdən sayıla bilər.
Müəllif qeyd edir ki, N.Nəriman­ov V.İ.Leninin vəfatının ildönümündə yenə ona məqalə ithaf edir: “Leninsiz iş illəri”. Bu, onun mətbuatda son çıxışı olur.
Bu fəsildə müəllif yenidən N.Nərimanovun oğlu Nəcəfi xatırladır və atasının 28 yanvar 1925-ci ildən başlayaraq ona yazdığı, bitirə bilmədiyi məktubundan söhbət açır və məktubla oxucuları tanış edir.
N.Nərimanov bir ata kimi oğlu Nəcəfi çox sevirdi və onun işıqlı gələcəyinə inanırdı. 2 dekabr 1919-cu ildə doğulan Nəcəf atasını itirəndə 5 yaşında idi. Alman, ingilis, fars, ərəb, türk və rus dillərini sərbəst bilən Nəcəf 1938-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) tank-texniki məktəbinə daxil olur. 1939-cu ildə onu Kiyevdəki məktəbə dəyişirlər. 1940-cı ilin oktyabrında o, məktəbi qurtarır və 15-ci tank diviziyasının 29-cu tank polkunda texnik kimi işə başlayır. Sonralar İkinci Dünya müharibəsində qəhrəmancasına döyüşən Nəcəf 10 sentyabr 1943-cü ildə, 23 yaşında həlak olur. Onun məzarı Ukraynanın Donetsk Vilayətinin Volnovaxa şəhərinin mərkəzindədir.
Müəllif qeyd edir ki, Nəcəf ölümündən sonra Böyük Vətən müharibəsinin I dərəcəli ulduzu ilə də təltif edilib. Həyatdan nakam köçən Nəcəf atasına layiq bir ad qoyub getmişdir.
Beşinci fəsildə (“Böyük vətəndaşın vəfatı”) N.Nərimanovun vəfatından, dəfnindən və bununla bağlı digər məsələlərdən söhbət açan müəllif arxivlərdən aşkar etdiyi yeni sənədlər əsasında onun qəfil ölümünün səbəblərini də açıb göstərir.
Qeyd edək ki, 1925-ci il martın 19-da N.Nərimanov qəflətən vəfat edir. Rusiya Kommunist Bolşevik Partiyasının adından onun tabutu üzərinə qoyulan əklildə yazılmışdı: “Şərq xalqlarının inqilabi rəhbərinə və imperializm zülmü altında olanların tam azadlığı uğrunda çarpışmış mübarizə”. Onun vəfatı ilə əlaqədar olaraq ölkənin bütün dövlət idarələrində iş dayandırılmışdır. Martın 23-ü – dəfn günü həm də matəm günü elan edilmişdir. Həmin gün SSRİ-nin hökumət binalarında, SSRİ-nin xaricdəki diplomatik və ticarət nümayəndələrinin binalarında, hərbi və ticarət donanmasının gəmilərində dövlət bayraqları beş dəqiqəliyə endirilmişdir. Moskva vaxtı ilə saat 1300-də Qızıl Ordunun bütün qarnizonlarında toplardan yaylım atəşi açılmışdır. Qızıl Meydanda Kreml divarı yanında dəfn edilən N.Nərimanovun matəm mitinqində M.İ.Kalininin dedikləri də bu ölümün “sui-qəsd” olduğunu təsdiqləyir: “N.Nərimanov yoldaşın şəxsində biz öz doğma partiyamızın sıralarındakı bir yoldaşımızı və dostumuzu dəfn edirik. Onun şəxsində Qızıl Meydan Şərq xalqlarından birinci qurbanı öz ağuşuna alır”.
Fikrimizcə, o, N.Nərimanovu əbəs yerə “qurban” adlandırmırdı.
Nəhayət, altıncı fəsildə (“Nəriman Nərimanovun ikinci zühuru, yaxud Azərbaycanın ümummilli lideri Heydər Əliyev tarixdə kölgə salınmış N.Nərimanovu yenidən dirçəldir”) ümummilli liderimiz Heydər Əliyevin Nəriman Nəriman­ovun adına göstərdiyi ehtiramından söhbət açan müəllif 102 il və 2 aydan sonra keçirilən yubiley təntənələrindən, V.İ.Leninin vətəni Ulyanovsk şəhərində N.Nərimanova qoyulan abidədən danışır.
Nəticədə, müəllif “küldən yenidən doğulmuş” Nəriman Nəriman­ovun həyatının xalqdan gizli saxlanan mətləblərinə aydınlıq gətirir. Müəllifin ümummilli liderimiz Heydər Əliyevin Nəriman Nərimanovla bağlı müsahibəsini (“Olub-keçənləri düşünərkən”, “Ulduz” jurnalı, 1990, № 6, s.78) oxuculara təqdim etməsi lap yerindədir. Artıq oxucu əsl həqiqəti öyrənir.
Nəhayət, əsərin sonunda müəllif Azərbaycan Kommunist Bolşeviklər Partiyasının Bakı Komitəsinin və Qazaxıstanın baş tiranı Levon Mirzoyanın (bu, həmin L.Mirzoyandır ki, Azərbaycan türklərinin qəti düşməni kimi N.Nərimanova dinclik verməmişdir) faciəli aqibətindən söz açır. Sənədli epopeyada “Nəriman Nərimanovun həyatının və fəaliyyətinin vacib tarixləri” və “Adlar göstəricisi” bəhsi vardır.
Rudolf İvanovun sənədli epopeyası Azərbaycan-Rusiya münasibətlərində yeni bir dostluq abidəsidir.

Musa QULİYEV
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR