Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsi tələbələrinin iştirakı ilə “Azərbaycan tarixinin Heydər Əliyev erası” mövzusunda açıq dərs keçilib.
Açıq dərsdə Ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Kəngərlinin mövzu ilə bağlı mühazirəsi dinlənilib. Dərsdə müasir tariximizə adını dahi rəhbər, dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu, Azərbaycan diasporunun yaradıcısı, sülhün müdafiəçisi kimi həkk etmiş ümummilli lider Heydər Əliyevin keçdiyi böyük, şərəfli ömür yoluna nəzər salınıb, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və rolundan bəhs edilib.
Bildirilib ki, xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan ümummilli lider Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.
Vurğulanıb ki, müstəqilliyimizin təminatçısı dahi rəhbər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin dönməzliyi və əbədiliyinin təmin olunması uğrunda yorulmaz mübarizəsi, ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət qurulması istiqamətində həyata keçirdiyi islahatlar Azərbaycan tarixində Heydər Əliyev erası kimi səciyyələndirilməkdədir. Mühazirəçi bu eranın ayrı-ayrı mərhələləri haqqında açıq dərs iştirakçılarına məlumat verib.
Sonda tələbələr ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Mina QASIMOVA