Yerli və ekoloji cəhətdən sağlam tərəvəz
məhsullarına olan tələbat qış aylarında da ödənilir
Hələ sovet dönəmində muxtar respublikanın bəzi kənd yaşayış məntəqələrində istifadə olunan istixanaları görmüşəm. Belə istixanalar barmaqla sayılası idi. Primitiv qaydada düzəldilmiş həmin istixanalarda ancaq şitil yetişdirilirdi. Vaxt çatanda şitillər sahələrə köçürülürdü. Bu da müxtəlif tərəvəz məhsullarının bazara bir qədər tez çıxarılmasına imkan verirdi. Bunu xatırlamaqda məqsədim bu gün muxtar respublikamızda yaradılan şərait hesabına fəaliyyət göstərən istixanaların kənd təsərrüfatının inkişafında böyük əhəmiyyətini göstərməkdir. Əgər kustar üsullarla hər kənddə bir-iki nəfərə məxsus istixanalarda ancaq şitil yetişdirmək mümkün idisə, bu gün müasir texnologiyalar əsasında qurulan istixanalarda təkcə tərəvəz deyil, bəzi digər əkinçilik məhsulları da yetişdirilir.
İstixanalarda yetişdirilən məhsulların üstünlüyü ondadır ki, ekoloji cəhətdən təmizdir və muxtar respublikaya digər yerlərdən gətirilən, baha qiymətə başa gələn, genefondu bilinməyən tərəvəz məhsullarının qarşısını alır. Ekoloji cəhətdən sağlam məhsul isə insan sağlamlığı üçün başlıca şərtlərdən biridir.
Sözümün canı ondadır ki, hər həftə bir-iki dəfə bazara üz tuturam. Bu qışda da belə olub. Bazara girirsən, piştaxtalara baxanda gözlərinə inana bilmirsən ki, bu həcmdə tərəvəz məhsullarının hamısı öz diyarımızda yetişdirilib. Hər birinin öz ətri, öz tamı var. Həmin məhsulları alanda da bilirsən ki, nəyə pul xərcləyirsən.
Biz şəhər sakinləri ilin qış fəslində də istixanalarda yetişdirilmiş təzə tərəvəz məhsulları almaq imkanı qazandığımız üçün həm məhsul yetişdirənlərə, həm də bu şəraiti yaradan dövlətimizə minnətdarlığımızı bildiririk.
Əmanət Musayeva
Naxçıvan şəhər sakini, müəllim
Məktəblərlə muzeylər arasında canlı dərsin
təşkili mütərəqqi hadisədir
Hörmətli redaksiya!
Belə ifadə etmək mümkünsə, məni sizə məktub yazmağa sövq edən muxtar respublikanın muzeyləri ilə məktəbimiz arasında qurulan distant əlaqələr və keçilən canlı dərslərin effektivliyidir. Muzeylərlə məktəbimiz arasında videobağlantı vasitəsilə əlaqə yaradılması 4 illik müəllimlik fəaliyyətimdə, mən deyərdim ki, ən əlamətdar və yaddaqalan hadisələrdəndir.
Distant təhsil istiqamətində muzeylərimizdən canlı dərslərin keçilməsi böyüməkdə olan nəslin vətənpərvər ruhda tərbiyəsi baxımından da mütərəqqi hadisədir. Məktəbimizin şagirdləri ötən müddətdə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Hüseyn Cavidin ev-muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Ədəbiyyat Muzeyi və digər mədəniyyət və təhsil müəssisələri ilə interaktiv əlaqə vasitəsilə açıq dərslərdə iştirak ediblər. Bu ayın 25-də Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə muxtar respublikanın 210 məktəbi ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyi arasında aparılan canlı dərsdə bizim məktəbin də şagirdlərinin iştirakı əlamətdar hadisə kimi yadda qaldı.
Bildiyiniz kimi, Kələki kəndi Ordubad rayonunun mərkəzindən 45 kilometr aralıdadır. Kənddə yeni məktəb binasının istifadəyə verilməsi, məktəbin ən müasir texnologiyalarla təchiz edilməsi biz müəllimlərin, şagirdlərin və onların valideynlərinin sevincinə səbəb olub. Çünki yeni məktəb binası yuxarı sinif şagirdlərini hər gün Kələkidən qonşu Unus kəndindəki məktəbə dərsə getmək zərurətindən azad eləyib, orta təhsil almaq üçün kənddən kənara getməyə ehtiyac qalmayıb. Bir sözlə, şagirdlə məktəb arasındakı məsafə yaxınlaşıb.
Bəli, görülən işlər sayəsində muzeylərimiz ilə məktəbimiz arasında aparılan canlı dərslər Naxçıvanın tarixinin, mədəniyyətinin, qan yaddaşımızın təbliğ olunduğu mədəniyyət müəssisələri ilə məktəbimiz arasındakı məsafəni aradan götürüb, uzaq yolu yaxın edib. Mən tarix müəllimiyəm və bir çox hallarda haqqında danışdığım mövzunu əyani vasitələrlə, tarixi sənədlərlə, fotoşəkillərlə şagirdlərə çatdırmaq ehtiyacı hiss edirdim. Bunun üçün muzeylərə getmək lazım gəlir; amma yolun uzaqlığı bu işi çətinləşdirirdi. Ancaq keçilən canlı dərslər vasitəsilə şagirdlərim mövzuları daha tez qavrayıblar və sözsüz ki, bu, mənim işimi çox asanlaşdırır.
Distant təhsilin biz müəllim və şagirdlər üçün ən əhəmiyyətli məqamlarından biri də bu olacaq ki, Naxçıvan şəhərindəki elektron lövhəli sinfi olan hər hansı bir məktəblə əlaqə saxlayıb dərs təşkil edəcəyik, şagirdlərimiz videobağlantı vasitəsilə keçilən dərsi dinləyə və müəllimlə birbaşa əlaqə saxlaya biləcəklər. Onu da qeyd edim ki, bu imkanlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamından sonra yaradılıb, muxtar respublikanın digər təhsil ocaqları kimi, məktəbimizdə də elektron təhsilin tətbiqi genişləndirilib, virtual tədris mühiti formalaşdırılıb, tədrisin əyaniliyi və səmərəliliyi artırılıb. Bütün bu görülən işlərə görə muxtar respublika rəhbərinə minnətdarlığımızı bildiririk.
Emin Ağayev
Ordubad rayon Kələki kənd tam orta məktəbinin müəllimi
Kommunal xərclərimi artıq internetlə ödəyirəm
Hörmətli redaksiya!
Mən təqaüdçüyəm. Naxçıvan şəhər sakini kimi yaşadığım mənzildə istifadə etdiyim elektrik, qaz və telefon haqlarını ödəmək üçün keçən ilə qədər hər ay poçta getməli olurdum. Əvvəlcə bu əməliyyatların internetlə də mümkün olduğunu eşitsəm də, bir az məlumatsızlığımdan və açığını desəm, köhnə ənənələrə bağlılığımdan buna fikir vermirdim. Bu ilin əvvəlindən bir təsadüf nəticəsində qonşumuzun oğlunun bildiriş verən işçi ilə söhbətindən bu ödəmələrin artıq internetlə nə qədər tez və rahat olduğunu eşitdim. Yolunu göstərməyi xahiş edəndə elə yanımdaca o, öz işıq pullarını internetlə ödəyərək mənə bunu izah etdi. Artıq iki aydır ki, mən də evimizdəki kompüterdən istifadə edərək bütün kommunal xərclərimi cəmisi beş dəqiqəyə ödəyirəm. Necə deyərlər, sürət və inkişaf dövründən geri qalmaq olmaz. Bizə bu şəraiti yaradan dövlətimizə öz dərin minnətdarlığımızı bildiririk.
Yaqub Novruzov
Naxçıvan şəhər sakini
Naxçıvanda islami dəyərlərə böyük önəm verilir
Hörmətli redaksiya! Bu məktubu sizə Azərbaycanın zəngin və qədim tarixə malik olan Şəki şəhərindən yazıram. 63 yaşım var. İxtisasca “rus dili və ədəbiyyatı” müəllimi olduğuma görə uzun illər Şəki rayonunun müxtəlif məktəblərində bu fənni tədris etmişəm. Hazırda təqaüdçüyəm və Şəkidə yaşayıram. Bu məktubu sizə yazmağıma əsas səbəb ömrümdə heç zaman olmadığım Naxçıvanda bu yaxınlarda gördüklərim və gördüklərimdən qaynaqlanan təəssüratlar oldu.
Deməli, bu il fevral ayının əvvəllərində vaxtilə Bakıda tanış olduğum bir şəxsin yaxın ailə üzvlərindən birinin rəhmətə getməsi ilə əlaqədar Naxçıvana yas məclisinə gəlmişdim. Mərhumun yas məclisi Naxçıvan şəhərində idi. Tanışım – ev sahibi ilə birgə iki gün həmin mərasimdə olduq. Bəri başdan deyim ki, yas mərasimi ilə bağlı burada yaradılmış şərait, eyni zamanda məclisin idarə olunması məni çox razı saldı. Belə ki, orada yerli camaatla söhbətlərdən, eyni zamanda məni maraqlandıran suallara verilən cavablardan öyrəndim ki, indi şəhərin mərkəzində və digər məhəllələrdə, eləcə də rayon mərkəzlərində və kəndlərdə bu cür şəraiti olan zallar var. Yas məclislərində rəhmətə gedənin kimliyindən asılı olmayaraq, ehsan üçün yalnız çay, qənd, xurma və limon qoyulur. Onu da deyim ki, burada məclisi idarə edənlər yalnız dövlətin dini qurumunda qeydiyyatdan keçmiş şəxslərdir. Hamısı da məclislərdə xüsusi qəbul edilmiş geyimlərdə oturur. Naxçıvanda xoşuma gələn digər bir adət o oldu ki, şəhərdə yas mərasimi yerlərinə tanısa da, tanımasa da hamı gedir. Bu, məncə, Naxçıvan bölgəsinə xas milli dəyərdir. Mən də tanışımla birgə digər məclislərdə də oldum. Eyni şəraiti, eyni qayda-qanunu buralarda da gördük. Naxçıvanın hər yerində yas mərasimi üçün bu cür zalların yaradılaraq camaatın ixtiyarına verilməsi, üstəgəl, bütün bu kimi yerlərdə islam qaydalarına riayət edilməsi məni, yaxşı mənada, çox təsirləndirdi.
Elə Naxçıvanda olarkən öyrəndim ki, burada hər gün böyük tirajla nəşr edilən “Şərq qapısı” qəzeti var. Ona görə də bu məktubu sizin qəzetə yazaraq təəssüratlarımı oxucularla bölüşmək istədim. Məktubun dərci üçün irəlicədən hər kəsə təşəkkür edirəm.
Kamal Eyvazov
Şəki şəhəri, təqaüdçü-müəllim
Naxçıvanın tanınmış musiqi kollektivlərinin rayonumuzda
konsert proqramlarına baxmaq arzusundayıq
Naxçıvan tarixboyu özünün xalq yaradıcılığı, ədəbiyyatı, incəsənəti, mədəniyyəti ilə Azərbaycanın fəxri olub, dünya sivilizasiyasına çox dəyərli töhfələr verib. Qədim diyarımızda bu gün incəsənətimizin, mədəniyyətimizin inkişafı üçün böyük işlər görülür, bu sahələrdə atılan nümunəvi addımlar alqışlarla qarşılanır.
Muxtar respublikamızda teatrın zəngin ənənələri qorunub saxlanılır, milli teatr sənətinin davamlı inkişafı təmin olunur. Təsadüfi deyil ki, bu gün Naxçıvan Dövlət Uşaq Teatrı ölkəmizdə fəaliyyət göstərən 2 uşaq teatrından biri kimi balaca tamaşaçıların sevimli ünvanına çevrilib. Həmçinin Naxçıvan Dövlət Uşaq Filarmoniyasının yaradılması da musiqi mədəniyyətimiz tarixində mühüm hadisədir. Bu, övladlarımızın musiqi mədəniyyətinin inkişafına əvəzsiz töhfədir.
Əgər yaddaşım məni aldatmırsa, Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri də, təxminən, 3 il bundan əvvəl yaradılıb. Bu hadisə mədəniyyətimizin, incəsənətimizin inkişaf səviyyəsinin növbəti təzahürüdür. Səmimi deyirəm, bir vaxtlar mənə desəydilər ki, Naxçıvanda bu qədər yüksəksəviyyəli Estrada Orkestri yaradılacaq və uğurlu fəaliyyəti ilə insanlarımızın sevgisini qazanacaq, inanmazdım. Çünki o çətin dövrlərimizdə o qədər problemlərimiz var idi ki, bu sahə heç yada da düşməzdi. Ancaq son 20 ildə incəsənətimizin inkişafına göstərilən diqqət və qayğı bizi bu səviyyəyə yüksəltdi.
Bir sənətsevər kimi görürəm ki, ötən müddətdə Estrada Orkestrinə istedadlı gənc ifaçılar cəlb olunub. Kollektivə zövqoxşayan çox gözəl geyim dəstləri, musiqi alətləri verilib. Orkestrin ifaçıları Azərbaycan və xarici ölkə bəstəkarlarının mahnılarını heyranedici şəkildə məharətlə ifa edirlər. Bunları görəndə fəxarət hissi keçirirəm. Bütün bu inkişafı, görülən işləri sevinclə izləyirəm.
Muxtar respublikamızda insanlara göstərilən diqqət və qayğını, yerli əhalinin fikrinin fəaliyyətdə əsas alınmasını nəzərə alaraq təklif edirəm ki, Estrada Orkestrimizin və digər musiqi kollektivlərinin konsertləri təkcə Naxçıvan şəhərində deyil, həm də bizim rayonumuzda və digər rayon mərkəzlərində mütəmadi olaraq keçirilsin. Doğrudur, rayonumuzda fəaliyyət göstərən musiqi kollektivləri, xalq teatrı tez-tez konsert proqramları və tamaşalarla rayon ictimaiyyəti qarşısında çıxış edir. Amma Estrada Orkestri və digər professional musiqi kollektivlərinin konsertlərini də izləmək arzusundayıq. Ümid edirəm ki, mənim, mənim kimi onlarla sənətsevərin ürəyindən olan bu arzu da həyata keçiriləcəkdir.
Növrəstə Xudiyeva
Şahbuz şəhər sakini