Burada hər bir daş xalqın mədəniyyətini, onun adət-ənənələrini təcəssüm etdirir
“Rusiya qəzeti”ndə (“Rossiyskaya qazeta”) müəllifi Qaliyə Əliyeva olan “Əcəmi Naxçıvani məktəbinin dərsləri” sərlövhəli məqalə dərc olunmuşdur. Məqalədə memar Əcəmi Naxçıvaninin əzəmətli əsəri – Möminə xatın məqbərəsi, o cümlədən bu diyarın bənzərsiz tarix-mədəniyyət abidələrindən danışılır. “Əcəmi Naxçıvani məktəbinin dərsləri” məqaləsinin tərcüməsini oxuculara təqdim edirik.
Naxçıvan Ön Şərqdə, o cümlədən Azərbaycanda sivilizasiyanın inkişafının şəksiz ocaqlarından biridir. Maddi-mədəniyyət abidələri, Gəmiqayanın qayaüstü təsvirləri və petroqlifləri, arxeoloqlar tərəfindən qalalarda və qədim şəhər yerlərində aşkar edilmiş çoxlu miqdarda artefaktlar, habelə ən qədim yerüstü tikililər mütəxəssislərə bu diyarın özünəməxsus və bənzərsiz mədəniyyətə malik olduğu haqqında danışmağa imkan verir.
Bu gün Naxçıvanda 1500-dən artıq tarixi mədəniyyət abidəsi vardır ki, bunlardan da 60-a yaxını dünya əhəmiyyətlidir. Qazma, Əshabi-Kəhf və Kilid mağaralarında Daş dövrünün izləri qalmaqdadır. Naxçıvanın ərazisindəki Oğlanqala, Qarabağlar, Çalxanqala və Govurqala kimi qala-şəhərlərin əsası hələ eradan əvvəl IV minilliyin sonlarında – II minilliyin əvvəllərində qoyulmuşdur. Gəmiqayanın qayaüstü şəkilləri kimi təsviri incəsənət abidələri burada yaşamış qədim tayfaların həyat tərzi və dini-ideoloji dünyagörüşünü əks etdirir.
Bəzən də Naxçıvanın Tac-Mahalı adlandırılan abidə – memar Əcəmi Naxçıvaninin möhtəşəm əsəri olan Möminə xatın türbəsi özünün əzəməti ilə insanları heyran edir. Bənzər tikililər arasında Möminə xatın türbəsi təkcə Azərbaycanda deyil, həm də bütün dünyada ən zərif və təmtəraqlı abidələrdən biri sayılır. Türbə 1186-cı ildə Naxçıvan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin arvadı Möminə xatının qəbri üzərində ucaldılmışdır.
Diyarın tarixi-memarlıq abidələrinin bərpası və rekonstruksiyası üzrə aparılan işlər Azərbaycan müstəqillik qazandıqdan sonra məhz ümummilli lider Heydər Əliyevin sayəsində geniş vüsət aldı. Misal üçün, 1998-ci ildə təbii mağarada yerləşən “Əshabi-Kəhf” dini-mədəni abidələr kompleksinə qədər asfalt yol çəkildi, onun ətrafında ağaclar əkildi, orada məscid tikildi. Dünyanın bir çox ölkələrindən zəvvarlar və turistlər indi buranı ziyarət etməyə gəlirlər.
2004-cü ildə XVI-XVIII əsrlərə aid ibadət abidəsi – İmamzadə kompleksi ilkin şəklində təmir və bərpa edildi. Keçən əsrin 20-ci illərində Naxçıvanda olmuş rus alimi V.M.Sısoyevin məlumatlarına görə, orta əsrlərdə bu kompleksin dərvişlərin yaşayış və ibadət məskəni, sonralar isə Naxçıvan xanlarının dəfn yeri olduğu güman edilir.
Naxçıvanda Nuh Peyğəmbərin qəbri ilə bağlı çoxlu sayda əfsanələr mövcuddur. Rəvayətə görə, Dünya Tufanı zamanı Nuh Peyğəmbərin gəmisi Naxçıvan ərazisindəki İlanlı dağa toxunmuş və Qapıcıq zirvəsinin ətəkləri yaxınlığında lövbər salmışdır. Keçmişin tanınmış tədqiqatçılarından İ.Şopen, Dyubya de Monpere, K.A.Nikitin, V.M.Sısoyev və başqaları da Nuhun qəbrinin şəhərdə olmasına dair dəlillər göstərmişlər. 2008-ci ildə Naxçıvan Muxtar Respublikası rəhbərliyinin sərəncamı ilə bu qədim abidə yenidən bərpa edilmiş, ətraf ərazi abadlaşdırılmışdır.
Naxçıvan arxeoloji məktəbinin Azərbaycanın tarix elminin ümumi tədqiqat kontekstindəki xüsusi rolu və töhfəsindən danışarkən mütəxəssislər belə bir ümumi rəyə gəlirlər ki, Naxçıvan artıq XII əsrdə zəngin memarlıq-tikinti ənənələrini özündə birləşdirən ən iri orta əsrlər memarlıq məktəblərindən birinin mərkəzi idi. Şübhəsiz, görkəmli memar Əcəmi Naxçıvaninin yaradıcılığını bu məktəbin zirvəsi hesab etmək lazımdır.
Təkcə Naxçıvanda deyil, həm də bütövlükdə Kür-Araz mədəniyyəti məkanında etalon abidələrdən biri kimi tanınan I Kültəpə yaşayış yeri, eləcə də Maxta, Ovçular təpəsi, Daşarx, Qarabulaq və digər kurqanlarda son zamanlar aparılmış arxeoloji qazıntıların verdiyi zəngin materiallarda vaxtilə bu regionda məskunlaşmış qədim tayfaların yaşayışının bütün yönlərinin və nəinki ətraf vilayətlərlə, həm də uzaq ölkələrlə əlaqələrinin izlərini tapmaq olur. Azərbaycan Prezidenti yanında Elmə Dəstək Fondunun maliyyə köməyi ilə I Kültəpə yaxınlığında və Şorsu gölü hövzəsində tədqiqatlar aparan zaman 20-dən artıq çox mühüm artefakt – Neolit və Eneolit dövrünə aid arxeoloji abidələr aşkar edilmişdir.
Yeri gəlmişkən, dövlət tərəfindən qazıntı aparmağa iki milyon da məhz Naxçıvandakı tədqiqatlar üçün ayrılmışdır. Təsadüfi deyil ki, bu gün çöl şəraitində daimi fəaliyyət göstərən 40 arxeoloji ekspedisiyadan 10-a yaxını Naxçıvandadır. Diyarın bütün arxeoloji abidələrinin pasportlaşdırılması isə düz 10 il bundan əvvəl, 2005-ci ildə həyata keçirilmişdir.
Qaliyə Əliyeva
“Rusiya qəzeti”