23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan torpağı onu yaxın-uzaq ellərdə tanıdan, namını hər yerə yayan qədim yurd yerləri ilə zəngindir. Sivilizasiyaların intibahı, mədəniyyətlərin qovuşma yeri kimi Naxçıvanda şəhər mədəniyyətinin yaranması və genişlənməsi bir sıra tarixi dövrlərdə özünün ən yüksək mərhələsinə çatmışdır. Naxçıvan şəhərindən, təqribən, 40 kilometr şimal-qərbdə yerləşən qədim Qarabağlar kəndi də özünün yeni növrağına qovuşaraq zamanın dərin qatlarından gələn şəhər həyatına yenidən qayıtmaqdadır. 

Naxçıvanın və Qarabağların qədim şəhər mədəniyyəti haqqında zəngin tarixi mənbələr vardır. Əlbəttə, “Qarabağlar” deyəndə dövrümüzə qədər qalmış məşhur “Qarabağlar” türbəsi yada düşür. XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi “Səyahətnamə” əsərində bu kəndin o dövrdə 50 min nəfərin yaşadığı, 10 min evin, 70 məscidin, 40 minarənin olduğu, karvansara, hamam, bazar və sair kimi tipik orta əsr şəhər həyatını, o dövrə görə böyük bir şəhəri təsvir etmişdir. Qarabağların qədim Roma və Bizans imperiyaları ilə iqtisadi-mədəni əlaqələrini sübut edən tapıntılar onun bu coğrafiyadakı tarixi əhəmiyyətini bir daha ortaya qoyur. Bundan əlavə, orta əsrlərdə Qarabağların da Təbriz, Səmərqənd, Bağdad şəhərləri ilə birlikdə elm, mədəniyyət, təhsil mərkəzləri kimi şöhrət qazanması bizə qədər gəlib çatmış bilgilər arasındadır. Deyilənlərə görə, qədim Qarabağların ərazisi indiki Tənənəm kəndinə qədər imiş. Həmin dövrlərdə Qarabağlar mədrəsələrində riyaziyyat, nücum elmləri öyrədilmişdir. Tarixən kənddə məskunlaşmış türk tayfalarının nişanələri də bu gün Qarabağların əsas məhəllələrinin adlarında yaşadılmaqdadır. Süleymanlı, Bəydilli, Ağahəsənli, Cığallı, Əlmədədli, Turabxanlı, Hacı Baxşəlilər məhəllələrinin sakinləri qədimdə burada məskən salmış ulu babalarının isti ocağının hənirtisini sönməyə qoymayan, torpağına bağlı insanlardır.

Bu gün Qarabağlar kəndinin quruculuq meydanına çevrilərək yenidən şəhər olmağa doğru irəliləyişində muxtar respublikada kənd­lərin inkişafına verilən dəstək mühüm əhəmiyyət kəsb edir.
Geniş əraziyə malik Qarabağlar kəndində hazırda 7 min nəfərdən çox sakinin yaşadığı 1226 ev vardır. Kəndin suvarılan əkin sahəsi 850 hektardır. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Daha çox mal-qara saxlayan 20-yə yaxın iri fermer təsərrüfatı vardır. Son illərdə Qarabağlarda 40-dan çox yeni ev tikilmişdir. Kənd ərazisindəki 40-dan artıq kəhriz, 18 bulaq və çox sayda artezian quyusu burada əkinlərin suvarılması və əhalinin içməli su ilə təmin olunmasında mühüm rol oynayır. Qarabağlarda su deyərkən Asnı bulağının adı ilk olaraq çəkilir. Bu kəndin camaatı üçün “Asnı” adı həm də müqəddəs olan bir ziyarətgahın adıdır. Qarabağlar və ətraf bölgələr üçün xarakterik olan quraqlıq dövrlərində belə, bu bulağın suyu həyat mənbəyi olmuş, hazırda isə burada çox sayda işçinin çalışdığı forel balığı yetişdirilməsi üzrə balıqyetişdirmə müəssisəsi fəaliyyət göstərir. Hazırda Qarabağların yuxarı hissəsində bu kəndə və əlavə 5 kəndə içməli su verəcək böyük bir su anbarı tikilməkdədir. İnşa olunan içməli su xətti gələcəkdə qarabağlarlıların keyfiyyətli içməli su ilə təminatını yaxşılaşdıracaqdır.
Kənddəki iş imkanlarına gəldikdə, kənd sakinləri buradakı xidmət və ticarət obyektləri ilə yanaşı, broyler müəssisəsində, lavaş sexlə­ri, plastik qapı-pəncərə sexi və dəyirmanda öz məşğulluqlarını təmin edirlər. Qarabağlar daş məhsulları istehsalı isə bu kəndin əsas qazanc qapısı sayılır. Burada istehsal olunan daş məhsulları bu gün muxtar respublikamızda geniş vüsət almış quruculuq işlərində keyfiyyətli bəzək elementi kimi istifadə olunur, ölkəmizdən xaricə ixrac edilir.
Qarabağlar kəndi tarixən öz təhsil ənənələri ilə seçilmişdir. Bu kənddən qarşısına müəllim olmaq məqsədi qoymuş yüzlərlə maarif və mədəniyyət işçisi yetişmişdir. Ümumiyyətlə isə bu kəndin yetirməsi olmuş 45-dən çox elm xadimi müxtəlif vəzifələrdə xalqımızın maariflənməsinə xidmət etmişdir. Hazırda Qarabağlarda fəaliyyət göstərən iki tam orta məktəbdən 2014-cü ildə 71 nəfər məzun olmuş, lakin onların cəmi 25 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Bu məzunlardan yalnız 4 nəfər 500-700 bal arası nəticə göstərmişdir.
Kəngərli rayonunun ən böyük yaşayış məntəqəsi olan Qarabağlara göstərilən böyük dövlət qayğısı kəndi şəhər mədəniyyətinə qovuşdurmuşdur. Hələ 2009-cu ildə burada inşa olunmuş kənd mərkəzi qarabağlarlılara bütün müasir xidmətlərin göstərilməsinə imkan yaradır. Həmin il öz müasir görkəminə qovuşmuş 522 yerlik 2 nömrəli və 2014-cü ildə əsaslı təmirdən sonra istifadəyə verilmiş 648 yerlik 1 nömrəli tam orta məktəblər, 2010-cu ildə istifadəyə verilmiş həkim ambulatoriyası kəndin simasına əsl şəhər yaraşığı verir. 2012-ci ildə istifadəyə verilmiş müasir Qıvraq-Qarabağlar-Çalxanqala-Təzəkənd dairəvi avtomobil yolu insanların rahatlığını təmin etmişdir. Belə bir rahat yol infrastrukturu təkcə 7 min nəfərdən artıq əhalisi olan Qarabağların deyil, ətraf kəndlərin də Naxçıvan şəhəri və rayon mərkəzi arasında rahat nəqliyyat marşrutlarının yaradılmasına imkan verir. Qarabağlarda mövcud olan 500-dən artıq fərdi minik avtomobili və taksilər əhaliyə nəqliyyat xidmətləri göstərir.
Müasirləşmə yolunda mühüm işlər görülmüş Qarabağlarda sosial həyat öz axarı ilə davam edir. Kənddə əhaliyə rabitə, bankomat, aptek xidmətləri göstərilməsi, enerji və təbii qaz infrastrukturunun tamamilə yenilənməsi əhalinin rifahına müsbət təsir edən amillərdəndir. Son illərdə kənddə ikimərtəbəli villatipli evlərin sayı artmaqda, hər il kənddə yeni evlərin tikintisi ilə bərabər, əsaslı təmir işləri də vüsət almaqdadır. Qarabağların yerli xammalı olan üzlük daş plitələr və yüksəkkeyfiyyətli Naxçıvan sementi buna imkan yaradır. Kənddə sayı 30-dan çox olan belə villatipli evlərin buraya turist kimi gələn qonaqlara da kirayə verilə biləcəyi mümkündür. Kənddəki qədim tarix-mədəniyyət abidələri ilə tanış olmaq istəyən belə turistlərin ölkə mənşəyi isə Britaniyadan tutmuş Hindistana qədər genişdir.

Qədim Qarabağlar öz inkişafının yeni bir mərhələsindədir. Bu yazının ərsəyə gəlməsində öz qiymətli fikirlərini bizimlə bölüşən  kənd ağsaqqalı Nahas  Səfərov bizimlə söhbətində  Azərbaycanın qədim  tarixində və muxtar respublikamızın bugünkü intibahında mühüm rol oynayan qarabağlarlıların dövlətimizə həmişə minnətdar olduğunu hər kəlməsində vurğulayırdı. Səksən yaşlı ağsaqqalın gənclik şövqü ilə canlandırdığı xatirələrindən Qarabağlara, onun torpağının, suyunun bərəkətinə,  ağbirçəyin, ağsaqqalın hörmətində duran cavanlarına,  Vətənin müdafiəsində canından keçmiş şəhidlərinə, kəndin quruculuq meydanında tər tökən zəhmətkeş insanlarına süzülən sevgi ilə kənddən ayrılırıq. 

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR