23 Dekabr 2024, Bazar ertəsi

21 fevral 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə bağlı Ordubad Rayon İcra Hakimiyyətində yığıncaq keçirilib.

Tədbirdə rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalovun, Gənclər və İdman İdarəsinin rəis əvəzi Əbülfəz Əli­yevin, Şahmat məktəbinin direktoru İsrafil Məmmədovun Ordubad rayonunda idmanın kütləviliyinə nail olmaq məqsədilə həyata keçirilmiş tədbirlər barədə məlumatları dinlənilib.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev, Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafına göstərilən qayğıdan danışıblar. Bildirilib ki, belə qayğıdan Ordubad rayonuna da xeyli pay düşüb. Qarşıda duran başlıca vəzifə ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə səsləndirilmiş nöqsanlar tezliklə aradan qaldırılsın.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov bildirib ki, son illər Ordubad rayonunda tikilən, yaxud yenidən qurulan yeni məktəb binalarında müasir idman zallarının, sadətipli idman qurğularının, hərtərəfli şəraitə malik Şahmat məktəbinin istifadəyə verilməsi idmanın inkişafına başlıca stimul olub. Bu gün rayon Uşaq-gənclər idman məktəbində 38 qrupda 540 nəfər (onlardan 68-i qız), Şahmat məktəbində 34 qrupda 330 nəfər (onlardan 146-sı qız) idmanla məşğul olur.

Ümumilikdə, rayonda fəaliyyət göstərən idman bölmələrində 628 nəfər qız olmaqla, 3500 nəfərə yaxın yeniyetmə və gənc (onlardan 5 nəfər sağlamlıq imkanları məhdud gənc) idmanın futbol, yüngül atletika, şahmat, voleybol, basket­bol, boks, karate-do, yunan-Roma güləşi, stolüstü tennis və dama növləri ilə məşğul olurlar.
29 idman zalı, 1 Şahmat məktəbi, 1 mini-futbol meydançası, 1 stadion, 103 sadə idman qurğusu yeniyetmə və gənc­lərimizin istifadəsindədir. Ümumilikdə, 41 nəfər fiziki tərbiyə və idman müəllimi rayonun tam orta və Uşaq-gənclər idman məktəblərində böyüməkdə olan gənc nəslə idmanın incəliklərini və sirlərini öyrətməkdədir.
Vurğulanıb ki, rayonun müxtəlif idman növləri üzrə yığma komandaları Naxçıvan Muxtar Respublika çempionatında, birincilik, kubok və turnir yarışlarında çıxış edib, muxtar respublika qalibi kimi Azərbaycan birinciliklərində uğurlara imza atıblar. “Cəsurlar” hərbi-idman və turizm, “Şahin” və “Sərhəd” hərbi-idman oyunları, “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü, yeniyetmələrdən ibarət basketbol, karate-do, yüngül atletika və şahmat komandaları dəfələrlə muxtar respublika birinciliklərində mükafata layiq yerlər tutublar. 2013-cü ilin aprel ayında İsmayıllı rayonunda keçirilən “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə Azərbaycan birinciliyində rayonumuzun komandası ikinci yerə, “Cəsurlar”, “Sərhəd” hərbi-idman oyunu komandaları üçüncü-dördüncü yerlərə layiq görülərək mükafatlandırılıblar.
Qeyd olunub ki, şahmatın inkişaf etdirilməsi məqsədilə rayonda müasir üslubda Şahmat məktəbi tikilib, ümumtəhsil məktəblərində şahmatın tədrisi üçün şərait yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində ordubadlı şahmatçılardan 14 yaşlılar arasında Kamil Rzayev, 16 yaşlılar arasında Aydın İsmayılov, 8 yaşlılar arasında Hüseyn Seyid və Zərrin Məmmədli muxtar respublika yarışlarında mükafatçılar arasında yer alıblar. 2014-cü ildə Şəmkir rayonunda keçirilən Azərbaycan çempionatının seçmə turnirində 8 yaşlılar arasında Hüseyn Seyid ikinci yer, qızlar arasında Zərrin Məmmədli üçüncü yer tutaraq diploma layiq görülüblər.
İcra başçısı bildirib ki, görülmüş işlərlə yanaşı, nöqsanlar da mövcuddur. Belə ki, rayon mərkəzində və kənd yaşayış məntəqələrindəki yeni məktəb binalarında müasir idman zallarının və sadətipli idman qurğularının istifadəyə verilməsinə baxmayaraq, hələ də idmanın kütləviliyinə tam nail olunmayıb, federasiyaların rayon şöbələri işlərini günün tələbləri səviyyəsində qura bilməyiblər. Rayonun ucqar kəndlərində yaşayan idmançılar keçirilən idman yarışlarına, demək olar ki, cəlb edilmirlər. Qızların idmana cəlbi də çox zəifdir. Ümumtəhsil məktəblərində fiziki tərbiyə dərsləri tam keyfiyyətlə keçilmir və ya bəzi idman müəllimlərinin peşəkarlıq səviyyəsi aşağı olduğundan idmanın sirləri yeniyetmə və gənclərə yetərincə öyrədilmir. Unutmaq olmaz ki, idmanın kütləviliyinə nail olmaq üçün Uşaq-gənc­lər idman və Şahmat məktəblərinin üzərinə böyük məsuliyyət düşür. Rayon Təhsil Şöbəsi ümumtəhsil məktəblərində, Uşaq-gənclər idman və Şahmat məktəblərində işləyən fiziki tərbiyə və məşqçi müəllimlərin peşəkarlıq səviyyələrinin artırılmasına ciddi fikir verməlidir.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR