22 Dekabr 2024, Bazar

Bəşər tarixində kütləvi insan tələfatları çox olub. Bunları başvermə səbəblərinə görə müxtəlif kateqoriyalara ayırmaq mümkündür: təbii fəlakətlərin qurbanları, müharibə qurbanları, soyqırımı qurbanları. Təbii fəlakətlər nəticəsində həlak olanlara insan üzülür, kədərlənir, ancaq düşmənçilik, nifrət duyğusu yoxdur. Bu hadisədə kimi məsul tutacağımızdan söhbət gedə bilməz; müharibə hər hansı bir dövlətin və ya dövlətlərin, hətta şəxslərin imperialist siyasətinin, maraqlarının təzahürüdür. Ancaq müharibənin də öz qanunları var; lakin sivil insanlara qarşı güc tətbiq etmək, əliyalın insanları qətlə yetirmək, qoca, cavan, qadın, uşaq demədən insanları soyqırımına məruz qoymaq artıq müharibə deyil, insanlıqdan kənar bir hərəkətdir. Burada insanlar dil, din, milliyyət, soykök amilləri nəzərə alınaraq qətlə yetirilirlər. 1992-ci ilin 26 fevralında Xocalıda baş verənlər bunun ən bariz nümunəsidir.

Şübhəsiz ki, bu faciə zamanı törədilən vəhşilikləri sözlə təsvir etmək mümkün deyil. Ailələrin tamamilə məhv edilməsi, insanların diri-diri yandırılması, öldürülən azərbaycanlıların cəsədlərinin belə,­ ­­­­­­­­­­­­ təhqir olunması, insanların dərisinin soyulması, azyaşlı uşaqların başlarının kəsilməsi, hamilə qadınların qarınlarının süngülərlə deşilib bətnlərindən körpələrin çıxarılması – ümumiyyətlə, belə faktlar erməni faşizminin əlamətləridir.

Bu kimi hadisələri özündə ehtiva edən faktlara nəzər saldıqca düşünürsən ki, görəsən, belə qəddarlığın, barbarlığın dünyada ikinci bir misli varmı? Bu sualın cavabını ermənilərin Azərbaycan türklərinə, ümumiyyətlə, türklüyə qarşı nifrət psixologiyasında, türkü öldürməkdən mənəvi zövqalma düşüncəsində axtarmaq lazımdır. Heç şübhə yoxdur ki, Xocalı soyqırımının törədilməsində ideoloji amillər də əsas rol oynamışdır. Bu ideologiyanın adı “Hai-Taht”dır. Adıçəkilən ideologiyanın əsası rəhbər tutduğu pro­qram və prinsipləri tətbiq etmək üçün müəyyən vasitələrə əl atmaqdan ibarətdir. Bu vasitələrin başında güc və ya şiddət durur. Azərbaycan türklərinə qarşı törədilmiş soyqırımı cinayətlərinin səbəblərini araşdırıb təhlil edərkən ermənilərin psixologiyasının və erməni milli maraqlarının nə olduğunu öyrənmək lazımdır. Daşnaksütyun ideoloqlarına görə, erməni milli maraqlarının həyata keçirilməsi üçün terror, cinayət və kütləvi qətl hadisələri zəruridir. Qeyd edilməlidir ki, insanlığın qəbul etdiyi “cinayət” məfhumu ermənilər tərəfindən haqq-ədalət simvolu kimi mənimsənməkdədir. Erməni terror qrupları törətdikləri aktları qəbul etsələr də, bu cinayətlərini qanuniləşdirməkdədirlər. “Böyük Ermənistan” naminə “ədalət” tələbi ilə fəaliyyət göstərən bu qruplar öz istəklərini guya əxlaqi və mənəvi dəyərlər üzərində qururlar. Erməni milli psixologiyasına görə, əgər terrordan daha şiddətli bir metod olsa, ermənilər “ədalət” naminə ondan da istifadə etməlidirlər. Qeyd edək ki, bu nifrət psixologiyası ermənilərin etnopsixoloji travma vəziyyətinin bir məhsuludur. Bir türkü öldürən hər bir erməni qəhrəman hesab edilir. Çox kiçik yaşlarından etibarən onların etnik kimliklərinin türk düşmənçiliyi üzərində qurulduğu danılmaz bir həqiqətdir. Bu düşüncələrlə yetişən ermənilər türkləri tarixi və əbədi düşmən olaraq qəbul etməkdə və dünyanın onların guya haqq səsinə cavab vermələrini tələb etməkdədirlər. Onlara görə, türklər “törətdikləri cinayətlərin” hesabını verməli, əzəli yurdları olan “qədim erməni torpaqlarını” geri qaytarmalı və etdikləri “xəta”nı qəbul etməlidirlər. “Xəta” qəbul edilməzsə, türklərə öz həddini bildirmək lazımdır ki, bu da yalnız terror vasitəsilə mümkün ola bilər. Çünki açıq döyüşdə türkün qabağında erməninin duruş gətirə bilməyəcəyini yaxşı bilirlər. 
Ermənilərin Xocalıda törətdikləri soyqırımı, dinc əhalinin, qocaların, qadınların, uşaqların acımadan və bundan xüsusi həzz alınaraq qətlə yetirilməsi Azərbaycan xalqına qarşı son dərəcə düşünülmüş psixoloji bir zərbədir. Əsas məqsəd bütün Azərbaycan xalqında sarsıntı yarada bilmək, əhalidə ermənilərin “qorxu, təhlükə mənbəyi” imicini formalaşdırmaq idi. Dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsində bir sıra məqsədlər də güdülmüşdür: azərbaycanlılar arasında təşvişin yaradılması, ermənilərin hücumlarına müqavimətin zəifləməsi, cəmiyyətin iflic vəziyyətinə salınması, mümkün qədər çox ərazilərin işğal edilməsi.
Xocalı soyqırımının törədilməsində birbaşa məsuliyyət daşıyan o zamankı səhra komandiri, Ermənistanın indiki prezidenti Serj Sarkisyan Böyük Britaniyanın Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı “biz ermənilər soyqırımına uğramış xalq kimi bəşəriyyət və tarix qarşısında soyqırımlarının qabağını almaq məqsədilə mənəvi məsuliyyət daşıyırıq” demiş və sanki dünya ictimaiyyətini məsxərəyə qoymuşdur. Burada olduqca məkrli bir strateji xətt var. Serj Sarkisyan ənənəvi siyasət kimi bu mötəbər məclisdə guya soyqırımına uğramış millət olaraq ermənilərin “qurban” obrazını yaratmışdır. “Qurban” obrazı, həqiqətən də, uduşlu obrazdır. Bu obrazla ermənilər hər vəchlə real faktları gizlətməyə və ya diskreditasiya etməyə çalışmışlar. Təsadüfi deyildir ki, Xocalıda törədilmiş cinayətləri ermənilər inkar edir, hətta həmin soyqırımında ölənlərin azərbaycanlılar deyil, utanmadan ermənilərin olduğunu önə çəkərək azərbaycanlıları ittiham edirlər.
Əldə olan faktlar onu deməyə imkan verir ki, Azərbaycan tarixinin ən ağrılı və acılı səhifələrindən biri olan Xocalı faciəsi tam olaraq bir soyqırımıdır. Günümüzdə hər hansı bir faciənin soyqırımı olduğunu bilmək üçün qətlə yetirilən insan sayına diqqət çəkilməkdə və əgər yüzlərlə insan məhv edilərsə, bunun soyqırımı kimi xarakterizə oluna biləcəyi düşünülməkdədir. Belə olduqda bir gecədə 613 nəfər insanın qətlə yetirildiyi Xocalı faciəsinin soyqırımı olaraq tanınmasına heç bir şübhə olmamalıdır. Çünki 9 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul edilən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması sözləşməsi”ndə müəyyənedici amil say deyil, millət, din, soy, ya da irq kimi xüsusiyyətlər üzərində qurulan bir qrupun sistematik və məqsədli olaraq tamamilə, ­­ya da qismən məhv edilməsi planıdır. Ermənilərin Xocalıda törətdikləri cinayətlər BMT tərəfindən qəbul edilən bu sözləşmənin ikinci maddəsi ilə uyğunluq təşkil edir. Bu maddənin bəndlərində göstərilir:
1. Əlaqədar qrup üzvlərinin (milli, etnik və dini olaraq) öldürülməsi
2. Əlaqədar qrup üzvlərinin ruhi və fiziki səhhətlərinə zərər verilməsi
3. Əlaqədar qrup üzvlərinin fiziki varlıqlarının ortadan qaldırılması.
Məhz bu baxımdan ermənilərin Xocalıda törətdikləri vəhşiliklər insanların planlı və sistematik olaraq məhv edilməsi məqsədi daşıyan cinayətlərin təzahürləridir. Buna görə Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün Azərbaycan dövləti haqlı olaraq BMT-yə, beynəlxalq məhkəməyə hər dəfə müraciət edir. Bu müraciətdə tutarlı sübutlar çərçivəsində soyqırımını gerçəkləşdirənlərin adlarının açıq şəkildə göstərilməsi və onların cəzalandırılması tələb olunur. BMT-nin soyqırımı sözləşməsinin 3-cü və 4-cü maddələrinə görə, soyqırımına rəvac verən hərəkətlərdən birini belə, həyata keçirən, gerçəkləşdirilməsi üçün razılığa gələn, bu cür hərəkət və fəaliyyətləri qızışdıran, təşviq edən, eyni zamanda bu fəaliyyətləri əvvəlcədən planlaşdıran və hədəfləyən, istər icraçı, istərsə də rəsmi və ya qeyri-rəsmi şəxs olaraq cinayətlərdə iştirakı təsdiqlənən hər kəsin cəzalandırılması vacibdir.
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövləti son illər çox işlər görüb. Lakin səylər daha da artırılmalıdır. Bu, hər bir Azərbaycan vətəndaşının fəaliyyətində öz təzahürünü tapmalıdır. Ermənilərin “quzu cildinə girmiş canavar” obrazını ifşa etmək üçün üzərimizə böyük məsuliyyət düşür. Azərbaycanın erməni saxtakarlığı və cinayətləri ilə bağlı qarşılaşdığı problemlər açıqca ortaya qoymuşdur ki, yeni strategiyaların müəyyən edilməsi və gücləndirilməsi qaçılmazdır. Bu mübarizədə uğur əldə etməyin başlıca yolu isə psixoloji müharibəyə daha yaxşı hazırlaşmaqla həqiqətləri qarşı tərəfə qəbul etdirə bilməkdir.

Emin ŞIXƏLİYEV
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR