Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunmuşdur. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
Fevralın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Dövlət Bayrağı Muzeyində olmuşlar.
Məlumat verilmişdir ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılmış və 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlamışdır. Muzeydə Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları nümayiş etdirilir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş üçrəngli bayrağımız ikinci dəfə ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılmışdır. Muzeydə həmin illərdə qəbul olunmuş tarixi qərarlar, Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət atributları haqqında ətraflı məlumatlar yerləşdirilmişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 17 noyabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 17-si “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilir.
Ziyarətçilərə ekspozisiyadakı qədim dövlətlərin bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar respublikasının müxtəlif illərdə qəbul olunmuş dövlət rəmzləri və konstitusiyaları haqqında ətraflı məlumat verilmişdir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivləri də Dövlət Bayrağı Muzeyində olmuşlar. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin kollektivləri Heydər Əliyev Muzeyində, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları Açıq Səma Altında Muzeydə, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Maliyyə və Vergilər nazirliklərinin əməkdaşları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, İqtisadiyyat və Sənaye, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyində, Rabitə və Yeni Texnologiyalar, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin kollektivləri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin əməkdaşları Ədəbiyyat Muzeyində olmuşlar.
Şəhər və rayon İcra hakimiyyətlərinin, eləcə də muxtar respublika mərkəzi icra hakimiyyəti orqanlarının şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlarının əməkdaşları da müvafiq olaraq rayon mərkəzlərində fəaliyyət göstərən Tarix-Diyarşünaslıq və digər muzeyləri ziyarət etmişlər.
“Şərq qapısı”