23 Dekabr 2024, Bazar ertəsi

Hər il mart ayının 1-i “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Bu günün qeyd olunmasında məqsəd dünya ictimaiyyətinin diqqətini mülki müdafiə xidmətlərinin, insanların və onların əmlakının xilası, təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin qorunmasına yönəltməkdir.

Hazırda dünyanın 50-dən çox dövləti Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvüdür. Azərbaycan Respublikası da bu təşkilatın üzvlüyünə qəbul edilmişdir. Elm və texnikanın sürətlə inkişaf etdiyi müasir dövrdə təbii fəlakətlərlə yanaşı, texnogen hadisələrin və onların dağıdıcı nəticələrinin də artması mülki müdafiə tədbirlərinin daha ciddi təşkilini şərtləndirir. Bu isə mülki müdafiənin həm dinc şəraitdə, həm də müharibə zamanı səmərəli fəaliyyətini və vahid sistem kimi təkmilləşdirilməsini tələb edir.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra mülki müdafiə sisteminin formalaşdırılması yolunda qətiyyətli addımlar atılmış, mühafizə işini müasir tələblər səviyyəsində qurmağa imkan verən bir çox normativ-hüquqi sənədlər qəbul olunmuşdur. Sonrakı dövrdə isə ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə mülki müdafiə sistemi daha da təkmilləşdirilmiş, təbii və texnogen fəlakətlərdən əhalinin etibarlı şəkildə mühafizəsinin təşkili üçün konkret addımlar atılmışdır. 1997-ci il iyunun 10-da “Yanğın təhlükəsizliyi haqqında”, həmin il dekabrın 30-da isə “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. 2005-ci il dekabrın 16-da isə ölkəmizdə Fövqəladə Hallar Nazirliyi yaradılması ilə bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə başlanılmışdır.
Naxçıvan Muxtar Respublikasında da ehtimal olunan fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması daim diqqət mərkəzində saxlanılır. 2004-cü ildə Mülki Müdafiə Mərkəzinin tikilib istifadəyə verilməsi, onun bazasında əlahiddə mülki müdafiə xilasetmə taborunun yaradılması bu sahəyə göstərilən diqqətin daha bir ifadəsidir. Son illər muxtar respublikamızda ehtimal olunan təbii və texnogen xarakterli fövqə­l­adə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğınların söndürülməsinin təşkili və mülki müdafiə işinin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması bu baxımdan mühüm əhəmiyyət daşıyır. Ötən dövrdə nazirliyin maddi-texniki bazası və ixtisaslı kadr təminatı xeyli gücləndirilmiş, müasir texnika və texnologiyaların iş prosesində tətbiqi ilə bağlı kompleks tədbirlər həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Fövqəladə Hallar Nazirliyi öz fəaliyyətini fövqəladə hadisələrin qarşısının alınması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində qurur. Ölkəmizdə, eləcə də muxtar respublikamızda nazirliyin fəaliyyəti tam təmin olunmuş, struktur qurumları üçün müasir iş və xidmət şəraiti yaradılmışdır. İnsanların həyatının, dövlət əmlakının, fərdi təsərrüfatların və sahibkarlıq subyektlərinin baş verə biləcək hadisələrdən qorunması nazirliyin və onun müvafiq qurumlarının qarşısında duran başlıca vəzifələrdir”.
Muxtar respublikada yanğın təhlükəsizliyinin etibarlı təmin olunması, baş verə biləcək yanğınların vaxtında qarşısının alınması üçün ardıcıl tədbirlər görülmüşdür. 2008-ci ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Şöbəsinin inzibati binası, 2009-cu ildə Kəngərli, Şahbuz, Ordubad rayon şöbələri, 2013-cü ildə Şərur və Babək rayon şöbələri, 2014-cü ildə isə Sədərək rayon şöbəsi üçün yeni inzibati binalar və texniki qarajlar istifadəyə verilmiş, şöbələrdə müasir iş şəraiti yaradılmışdır. Ehtimal olunan fövqəladə hallara çevik reaksiyanın verilməsi və nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarının aparılması, zərərçəkmişlərə ilkin yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə 2009-cu ildə Xüsusi Riskli Xilasetmə Xidməti yaradılmış və bu sahədə fəaliyyətin nümunəvi təşkili üçün zəruri tədbirlər görülmüşdür. Nazirliyin mühüm fəaliyyət sahələrindən biri olan aviasiya manqasının fəaliyyəti də təmin olunmuş, 2010-cu ildə müasir standartlara cavab verən Mİ-17-1B vertolyotu gətirilmiş və Mülki Müdafiə Alayının təlim mərkəzində vertolyot meydançası tikilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2012-ci ildə nazirliyin yeni inzibati binasının istifadəyə verilməsi bu sahəyə göstərilən dövlət qayğısının daha bir ifadəsi kimi mühüm əhəmiyyət kəsb etmişdir. Binada “112” qaynar xətti yaradılmış, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydalarını öyrətmək məqsədilə mülki müdafiə sinfi istifadəyə verilmişdir. Binada fəaliyyətə başlayan Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin idarəetmə zalı fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı müvafiq qurumlarla birlikdə baş vermiş hadisənin təhlil edilməsi və həlli üzrə qərarların qəbulu üçün nəzərdə tutulmuşdur. İdarəetmə zalı hadisə yerini birbaşa izləmək üçün monitorla təchiz edilmiş, burada videokonfrans əlaqəsi qurmaq və baş verən hadisəni izləmək üçün zəruri qurğular quraşdırılmışdır.
Muxtar respublikada baş verə biləcək fövqəladə hallar zamanı təxliyə olunan əhalinin və zərərçəkənlərin tələbatının ödənilməsi, yaşayışın və qidalanmanın normal təşkil edilməsi, habelə ehtimal olunan radioaktiv, kimyəvi və bioloji zəhərlənmələr zamanı əhaliyə vaxtında fərdi mühafizə vasitələrinin paylanması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, 2014-cü ildə Mülki Müdafiə Alayında mülki müdafiə səfərbərlik ehtiyat anbarı yaradılmış, Şərur şəhərində 2 yaşayış binasının zirzəmisi əsaslı təmir edilmiş, Kəngərli Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni inzibati binasının zirzəmisi fərdi mühafizə vasitələri anbarı kimi hazırlanmış və həmin zirzəmilərə yığılmış fərdi mühafizə vasitələri rayon fövqəladə hallar komissiyalarına təhvil verilmişdir. Həmçinin muxtar respublika ərazisində mövcud olan ictimai yaşayış binalarının, fərdi yaşayış evlərinin və inzibati binaların zirzəmiləri qeydiyyata alınmışdır. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”na əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq bənd­lərin salınması bu istiqamətdə görüləcək işlərə öz müsbət təsirini göstərəcəkdir.
Əhalinin mülki müdafiə və fövqəladə hallar sahəsində maarifləndirilməsi, idarə, müəssisə və təşkilatlarda mülki müdafiə işinin səmərəli təşkili istiqamətində də tədbirlər uğurla həyata keçirilir. Ötən il nazirliyin aparatı və struktur qurumları tərəfindən 112 təsərrüfat obyektində maarifləndirici tədbir, 67 müəssisədə 8 min 52 nəfərin iştirakı ilə nümunəvi dərslər keçirilmiş, nazirlik, idarə, müəssisə və təşkilatlarda mülki müdafiə tədbirlərinin yerinə yetirilməsinə metodik köməklik göstərilmişdir. Həmçinin 2014-cü il ərzində təşkil olunan mülki müdafiə kurslarında, ümumilikdə, 945 nəfər rəhbər, komandir-rəis heyəti iştirak etmiş, 4 təlimat və müxtəlif mövzularda metodik vəsaitlər işlənib hazırlanmışdır. Cari tədris ilində ümumtəhsil, orta ixtisas və ali təhsil məktəblərində mülki müdafiə və fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi fənləri üzrə dərslərin keçilməsi diqqət mərkəzində saxlanılır.

Fövqəladə Hallar Nazirliyi bundan sonra da əhalinin və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində səylə çalışacaq, muxtar respublikada mülki müdafiə işi müasir tələblər səviyyəsində qurulacaqdır.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR