Ölkəmizin BMT-yə üzvlüyündən 23 il ötür
Birləşmiş Millətlər Təşkilatı dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Ölkəmiz beynəlxalq aləmə inteqrasiya kursunu seçərək qlobal siyasi proseslərə əsaslı təsir imkanları olan Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlığa mühüm önəm verir.
1992-ci il martın 2-də Azərbaycan dünyanın ən mötəbər dövlətlərarası təşkilatına – Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilmişdir. BMT Baş Məclisinin həmin tarixdə keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT-nin üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul edilmişdir. Həmin gün Nyu-Yorkda BMT-nin mənzil qərargahında Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırılmış, 4 gün sonra isə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi fəaliyyətə başlamışdır.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizin BMT ilə əlaqələri sistemli xarakter daşımış, fəal və ardıcıllıq prinsiplərinə əsaslanmışdır. Ümummilli liderimizin səyi nəticəsində respublikamız bu mötəbər qurumun platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmişdir. Müstəqil Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə məhz ulu öndər Heydər Əliyev 1994-cü ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 49-cu sessiyasında çıxış edərək Azərbaycan, Qafqaz regionu və ümumilikdə, dünya üçün həyati əhəmiyyət kəsb edən qlobal məsələlərlə bağlı ölkəmizin mövqeyini dünya ictimaiyyətinə çatdırmışdır. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Məclisinin xüsusi təntənəli iclasında və 2000-ci ilin sentyabr ayında BMT-də minilliyin sammitində çıxışı zamanı da ulu öndər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın mövqeyini bir daha bildirmişdir. Bu müddət ərzində Azərbaycan həm də BMT-nin müxtəlif orqanları ilə səmərəli əməkdaşlıq qurmuşdur. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, YUNESKO, YUNİSEF və digər qurumlarla sıx əməkdaşlıq edən Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olan dövlətlərlə də əlaqələrini gücləndirmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun zənginləşdirərək davam etdirən, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, müstəqil siyasət yeritməklə milli maraqların maksimum səviyyədə qorunmasına nail olan ölkə başçısı cənab İlham Əliyev Azərbaycan-BMT əlaqələrinə xüsusi diqqət yetirir. Son 11 ildə ölkə başçısı tərəfindən aparılan düzgün xarici siyasət nəticəsində ölkəmiz bu mötəbər qurumda söz sahibi olan dövlətə çevrilmişdir. İlk dəfə Azərbaycan Respublikasının Baş naziri kimi 2003-cü ilin sentyabrında BMT Baş Assambleyasının 58-ci sessiyasında çıxış edən cənab İlham Əliyev beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlər arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə BMT Təhlükəsizlik Şurasının şəraitə uyğun çevik və adekvat münasibət göstərə bilməməsini qeyd edərək islahatların vacib məsələyə çevrildiyini bəyan etmişdi.
BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini vurğulamış və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdü. Bununla yanaşı, həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamə qəbul edilmişdir. 2008-ci il martın 14-də BMT Baş Məclisinin geniş iclasında – 62-ci sessiyanın gündəliyində 20-ci bənd kimi duran “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə” qətnamə layihəsinin müzakirəsini xüsusi xatırlamaq lazımdır. Həmin qətnamə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək vermiş, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir.
2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak edərək geniş nitq söyləyən Azərbaycan Prezidenti təşkilatın üzvlərinin diqqətini bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltmişdir. Ölkə rəhbəri Ermənistanın münaqişə zamanı çox ağır beynəlxalq cinayətlər törətdiyini, etnik təmizləmə siyasəti həyata keçirdiyini, işğal edilmiş Azərbaycan ərazilərində monoetnik mədəniyyətin yaradılmasına çalışdığını bildirmişdir.
Azərbaycan Respublikası 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürmüşdür. Azərbaycan seçkilərdə 155 dövlətin dəstəyini alaraq 2011-ci il oktyabrın 24-də Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən ilk ölkə kimi tarixə düşmüşdür. Ölkəmiz 2012-ci ilin may və 2013-cü ilin sentyabr aylarında Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, bütövlükdə, müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalmışdır. Bu tarixi hadisə, ilk növbədə, ölkəmizin son dərəcə sabit və uğurlu, eyni zamanda tarazlı xarici siyasət yürütdüyünü təsdiqləməklə yanaşı, müstəqil Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Müstəqilliyimiz dövründə belə böyük uğurun əldə edilməsi, doğrudan da, tarixi nailiyyətdir. Biz müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu göstərir ki, Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşkilatın qəbul etdiyi qərarların icrası istiqamətində fəal iş aparmışdır. Məhz bu məqam Azərbaycanın əldə etdiyi uğurun miqyası və mahiyyəti barədə daha dolğun və aydın təsəvvür formalaşdırır. BMT Təhlükəsizlik Şurasına ilk sədrlik Azərbaycan üçün böyük sınaq olsa da, ölkəmiz bütün vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına birinci sədrliyi müddətində şura tərəfindən üç qətnamə qəbul edilmişdir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına ikinci sədrliyi müddətində BMT Təhlükəsizlik Şurasının gündəliyi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri əhatə etmişdir. BMT tarixində ilk dəfə olaraq respublikamızın təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksəksəviyyəli iclası keçirilmişdir. İclasın məqsədi BMT və üzv dövlətlərin sayına görə dünyada ikinci ən böyük hökumətlərarası təşkilat olan İslam Əməkdaşlıq Təşkilatı arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair mümkün birgə fəaliyyət üzrə müzakirələrin aparılması olmuşdur.
Bir sözlə, 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti müddətində Azərbaycan Respublikası bir sıra məsələlərin də gündəliyə çıxarılmasına nail olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkəmizin bu quruma hər iki sədrliyi müddətində, ümumilikdə, qurumun 59 açıq və qapalı iclası keçirilmiş, 7 qətnamə, şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilmişdir. BMT-dəki diplomatik uğurumuz deməyə əsas verir ki, respublikamızın regionda və dünyada sülh, iqtisadi və sosial rifah, səmərəli tərəfdaşlıq təşəbbüsləri beynəlxalq miqyasda dəstəklənir və rəğbətlə qarşılanır.
Azərbaycanın Naxçıvan Muxtar Respublikasının 1996-cı ildən başlayan sürətli sosial-iqtisadi inkişafı da daim bu beynəlxalq qurumun diqqətində olmuşdur. 1997-ci ilin mayında Birləşmiş Millətlər Təşkilatının rezident əlaqələndiricisi Naxçıvana səfər etmiş, görüşlər keçirilmiş, muxtar respublikanın blokada şəraiti, iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən işlər və digər məsələlər barədə müzakirələr aparılmışdır. BMT nümayəndələri 2013-cü ilin may ayında muxtar respublikaya növbəti səfər etmişlər. Ötən dövrdə muxtar respublikada Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Kənd İnvestisiya Proqramı üzrə 130-dan artıq layihəsi icra olunmuşdur.
Bu gün Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutmuş, BMT-də söz sahibi olan dövlətlərdən birinə çevrilmişdir. Bu isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən xarici siyasət kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf və davam etdirilməsinin nəticəsidir.
“Şərq qapısı”