Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 28 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmış, ötən 11 il ərzində muxtar respublikada rabitə və yeni texnologiyaların sürətli inkişafına nail olunmuşdur.
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin sosial-iqtisadi həyatına geniş nüfuz etmişdir. Ölkəmizdə də müasir informasiya-kommunikasiya infrastrukturunun yaradılması, rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi prioritet məsələ kimi daim diqqət mərkəzindədir. Ümummilli liderimiz Heydər Əliyev 2003-cü ilin fevral ayında ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunması və inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nı (2003-2012-ci illər)” təsdiq etmişdir. Milli strategiyanın qəbulundan ötən müddət ərzində rabitə və informasiya texnologiyaları sahəsində kompleks tədbirlər həyata keçirilmiş, bu sahənin qanunvericilik bazası gücləndirilmiş, beynəlxalq əlaqələri genişləndirilmişdir.
Rabitə və yeni texnologiyaların inkişafına mühüm əhəmiyyət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində məqsədyönlü tədbirlər görülür. Qəbul olunan dövlət proqramları və həyata keçirilən zəruri islahatlar nəticəsində Azərbaycanın ümumdünya elektron məkanına sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. 2013-cü il fevralın 8-də ölkəmizin ilk milli telekommunikasiya peykinin orbitə göndərilməsi ilə Azərbaycan dünya kosmik ailəsinin fəal üzvünə çevrilmişdir.
Naxçıvan Muxtar Respublikasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı diqqət mərkəzində saxlanılır. Rabitə və informasiya sistemlərinin inkişafı və yeni texnologiyaların tətbiqi məqsədilə reallaşdırılmış məqsədyönlü tədbirlər muxtar respublikanın hazırkı sosial-iqtisadi inkişafında bu sahənin rolunu daha da artırmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 sentyabr tarixli Fərmanına əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Rabitə və Yeni Texnologiyalar Nazirliyi adlandırılması nazirliyin səlahiyyətlərini daha da genişləndirmişdir. Son 11 ildə muxtar respublikada əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə konkret vəzifələr müəyyənləşdirilmiş, bu sahədə mühüm irəliləyişlər əldə olunmuşdur. Rabitə sektoruna investisiyaların cəlb edilməsi nəticəsində istismarda olan koordinattipli ATS-lər müasir tələblərə cavab verən elektrontipli ATS-lərlə əvəz olunmuş, ən ucqar dağ kəndində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilmişdir.
Naxçıvanda Yeni Nəsil Texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 4 mərhələnin 3-ü artıq başa çatdırılmışdır. Birinci mərhələdə, 2010-cu ilin may ayında Naxçıvan şəhərini, Babək qəsəbəsini, Nehrəm və Yarımca kəndlərini, ikinci mərhələdə 2012-ci ilin martında Şərur və Sədərək rayonlarını, üçüncü mərhələdə isə 2014-cü ilin fevralında Şahbuz və Babək rayonlarını əhatə edən 3-cü nəsil telekommunikasiya xidmətlərindən istifadəyə imkan verən NGN avadanlıqları istifadəyə verilmiş, telekommunikasiya şəbəkəsi üzrə sabit telefon nömrələri 7 rəqəmli nömrə planına keçirilmişdir. Hazırda istifadə olunan avtomat telefon stansiyalarının 65 faizini yeni nəsil texnologiyalar təşkil edir. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində muxtar respublikaya daxil olan internetin sürəti dəfələrlə artmış, ümumtəhsil məktəblərində quraşdırılan kompüterlərin 84 faizi internetə qoşulmuşdur.
Yeni optik kabel magistrallarının tikintisi böyüktutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə imkan verir. Belə ki, ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiber-optik kabel magistralına qoşulmuş, Naxçıvanın tranzit telekommunikasiya imkanları genişlənmişdir. Magistralın Naxçıvan-Ordubad, Naxçıvan-Sədərək və Naxçıvan-Şahbuz hissələri üzərində qurulan optik rəqəmsal şəbəkələr elektron hökumət və digər xidmətlərin həyata keçirilməsinə şərait yaratmışdır. Ötən dövr ərzində muxtar respublikanın mövcud telekommunikasiya şəbəkəsinin 94 faizi optik şəbəkəyə birləşdirilmiş, Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrasına başlanılmışdır.
2014-cü ildə alternativ fiber-optik kabel magistralının tikintisinin başa çatdırılması muxtar respublikada yeni texnoloji sistemin tətbiqinə geniş imkanlar açmışdır. 2013-2014-cü illərdə muxtar respublikanın telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi üçün sərhəd xətti boyunca ümumi uzunluğu 242 kilometr olan Sədərək-Ordubad arası 48 lifli fiber-optik kabel magistral xəttinin tikintisi başa çatdırılmışdır. Bu da muxtar respublikanın həm daxili, həm də xarici əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, elektron hökumət, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir. Hazırda muxtar respublika ərazisindəki mövcud 158 avtomat telefon stansiyasından 148-i optik arabağlantı ilə təmin edilmişdir. Müəssisə və təşkilatlarda telekommunikasiya şəbəkələrinin qurulması ilə bağlı verilən tapşırıqların icrası sahəsində tədbirlər görülmüş, ötən il 233 kilometr məsafədə fiber-optik kabel xəttinin tikintisi həyata keçirilmişdir. Bu gün muxtar respublika ərazisində istismar edilən fiber-optik kabel xətlərinin ümumi uzunluğu 1136 kilometrdən artıqdır.
2006-cı ildə bir baza stansiyası ilə fəaliyyətə başlayan “Naxtel” simsiz rabitə sistemi hazırda 27 baza stansiyasına malikdir. Ötən il Naxçıvan şəhərində əlavə 5 yeni EV-DO texnologiyasını dəstəkləyən baza stansiyası qurulmuş, Naxçıvan şəhərini və ətraf əraziləri əhatə edən simsiz internet xidməti istifadəyə verilmişdir.
Muxtar respublikada poçt işinin müasir tələblər səviyyəsində qurulması sahəsində görülən tədbirlər təkcə bu sistemin maddi-texniki bazasının gücləndirilməsi ilə məhdudlaşmır. Poçt orqanlarının fəaliyyətinin genişləndirilməsi, bu sahədə idarəetmənin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2013-cü il 30 iyul tarixli Sərəncamı bu sahədə görüləcək işlərin miqyasını daha da genişləndirmiş, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tam olaraq fəaliyyətə başlamışdır. 2004-cü ildə muxtar respublika ərazisində 79 poçt bölməsi olduğu halda, bu gün 151 poçt bölmə və şöbəsi fəaliyyət göstərir. Naxçıvanda həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsi müasir informasiya texnologiyalarının tətbiqinə, poçt sisteminin yenidən qurulmasına, qeyri-ənənəvi və yenitipli elektron xidmətlərin göstərilməsinə şərait yaratmışdır. Layihəyə uyğun olaraq, muxtar respublikada 122 poçt şöbəsi və bölməsi avtomatlaşdırılmış, yeni sistem üçün server qurulmuş və lazımi proqram təminatı ilə təchiz edilmişdir. Yeni xidmətlərin göstərilməsi üçün poçt əməliyyatçılarına, energetika, qaz və su təsərrüfatı müəssisələrinin əməliyyatçılarına nazirlikdə kurslar təşkil edilmiş, ötən ildən başlayaraq kommunal xidmət haqlarının poçt məntəqələrində yığılmasına başlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 9 iyul tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi yaradılmışdır. Hazırda mərkəzin Şərur və Culfa şəhərlərində filialları fəaliyyət göstərir. Muxtar respublikaya daxil olan internet kanalının sürəti 512 kb/saniyədən 10 gb/saniyəyədək yüksəldilməsi internet istifadəçilərinin sayının artmasına da səbəb olmuşdur. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 93 faizində genişzolaqlı internet, 83 faizində isə simsiz internet xidmətləri göstərilir.
Muxtar respublikada informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sahəsində də ardıcıl tədbirlər görülür. “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar “Elektron hökumət” portalı üzərindən rabitə, genişzolaqlı internet xidmət haqlarının, elektrik enerjisi, qaz və sudan istifadə haqlarının onlayn rejimdə ödənilməsi təşkil edilmiş, istifadəçilərin portalda qeydiyyatdan keçməsi avtomatlaşdırılmış və portalın təhlükəsizliyi ilə əlaqədar tədbirlər görülmüşdür. Dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədilə 34 dövlət orqanının xidmətləri portala inteqrasiya edilmişdir. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 82 dövlət təşkilatına və 9 idman federasiyasına elektron poçt ünvanları və domen adları verilmiş, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmişdir. Həmçinin muxtar respublikada “Elektron imza”nın tətbiqi üçün Naxçıvan Şəhər Rabitə İdarəsinin texniki binasında Elektron İmzanın Sertifikat Xidməti Mərkəzi yaradılmış, server və digər lazımi texniki avadanlıqlarla təmin edilmişdir.
Muxtar respublikada elektron təhsil infrastrukturunun yaradılması və təhsildə yeni texnologiyaların tətbiqi də diqqət mərkəzində saxlanılır. 2014-cü ildə bu istiqamətdə işlər daha da genişləndirilmiş, əsaslı təmir edilən və yeni istifadəyə verilən 20 tam orta məktəbdə yaradılan 24 kompüter sinfində 346 kompüter dəsti quraşdırılaraq internetə qoşulmuşdur. Muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsi üçün distant təhsil sistemi yaradılmışdır. İnternet üzərindən interaktiv dərslərin keçilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin veb saytında elektron təhsil xidməti istifadəyə verilmiş, cari tədris ilindən etibarən orta ixtisas və ümumtəhsil məktəblərinin 94 faizinin iştirakı ilə distant dərslərin keçilməsinə başlanmışdır. “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Məhdud Fiziki İmkanlıların Naxçıvan Regional İnformasiya Mərkəzində də 25 yerlik distant təhsil sistemi qurulmuş, distant təhsilə cəlb edilən 21 şagirdin yaşadığı mənzildə quraşdırılan kompüterlərlə mərkəz arasında lokal şəbəkə yaradılmışdır.
Naxçıvan Muxtar Respublikasında ötən dövrdə 6 güclü və 43 azgüclü verici stansiya quraşdırılmış və muxtar respublika ərazisində rəqəmsal televiziya yayımına keçid təmin edilmişdir. Hazırda bütün yaşayış məntəqələrində rəqəmsal yayım həyata keçirilir. Bundan başqa, Duzdağ Radio-Televiziya Verici Stansiyasında qurulan baş stansiya, 7 ədəd güclü rəqəmsal televiziya vericisi vasitəsilə bu ilin yanvar ayından Cənubi Qafqazda ilk dəfə olaraq DVB-T2 standartında 67 televiziya kanalının yayımına başlanılmış, Azərbaycanda ilk dəfə Naxçıvan Dövlət Televiziyasının yüksəkkeyfiyyətli HD formatda efirə çıxışı təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək demişdir: “Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. 1997-ci ildən başlayaraq muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş, yeni poçt şöbələri yaradılmış və digər tədbirlər həyata keçirilmişdir. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın informasiya blokadasından çıxmasına səbəb olmuşdur”.
Muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində işlər bundan sonra da davam etdiriləcək, əhaliyə keyfiyyətli poçt-rabitə xidmətləri göstəriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti