Naxçıvan Dövlət Universitetində Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlərin yekunu olaraq, Xocalı faciəsinə həsr olunmuş internet-aksiya və konfrans keçirilib.
Tələbə-Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən aksiyada rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək Qarabağın ən qədim insan məskənlərindən olan Xocalıda baş vermiş soyqırımının tələbə-gənclər tərəfindən elektron informasiya mübadiləsi, virtual əməkdaşlıq yolu ilə dünyada təbliğini əhəmiyyətli hadisə kimi qiymətləndirib.
Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının sədri, doktorant Arzu Abdullayev internet-aksiya barədə məlumat verdikdən sonra aksiya iştirakçıları mətnlər, fotoşəkillər və slaydlar şəklində xarici universitetlərin elektron poçt ünvanlarına Xocalı faciəsi barədə məlumatlar göndəriblər. İnternet-aksiya zamanı Azərbaycan həqiqətləri 100-dən çox ölkənin 300-ə yaxın elektron poçt ünvanına 6 dildə çatdırılıb. İnternet-aksiyada universitetdə təhsil alan xarici ölkə vətəndaşları da fəal iştirak ediblər.
Yekun konfransda əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək Xocalı soyqırımının başvermə səbəblərindən, soyqırımına hüquqi-siyasi qiymət verilməsi istiqamətində görülən işlərdən danışıb.
Konfransda Arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri, dosent Məmməd Əliyev “Xocalı soyqırımı zəmanəmizin ən dəhşətli faciəsidir”, Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov “Xocalı soyqırımı beynəlxalq hüquq prizmasında”, Tarix-filologiya fakültəsinin “tarix müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Əfsanə Hüseynzadə “Xocalı soyqırımı – tariximizin ibrət dərsi” mövzularında məruzələr ediblər.
Sonda Xocalı soyqırımına həsr edilmiş film və Tələbə Teatr Studiyasının hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Mehriban SULTAN