Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə muxtar respublikamızın ümumtəhsil məktəblərində müxtəlif tədbirlər keçirilib, ədəbi-bədii kompozisiyalar, sərgilər təşkil olunub. Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə “Qan yaddaşımız – Xocalı” mövzusunda keçirilən tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Ülkər Möhsünova çıxış edərək bildirib ki, bu kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla təkcə xalqımıza deyil, bütün insanlığa qarşı cinayətdir və bəşər tarixində qara ləkə kimi qalacaqdır. Bu ağır faciə xalqımızı daha da mətinləşdirib, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib.
Sonra məktəbin müəllimlərindən Sədaqət Qasımova, Şəmsiyyə Mahmudova və başqaları çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, bu gün Azərbaycan dövləti erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün məqsədyönlü fəaliyyət göstərir.
Sonda şagirdlərin ifasında şeirlər səsləndirilib, sərgiyə baxış olub.
Xəbərlər şöbəsi