Vətən hər bir insana ana qucağı qədər əzizdir. Vətən azadlıq simvolu, müstəqillik rəmzidir. Müstəqillik isə hər bir xalq, hər bir millət üçün böyük nemətdir. Müstəqillik həm də azadlıq deməkdir. Azadlığa qovuşmağı özünün əzəli və əbədi arzusu hesab edən hər bir xalq onu bu yolda qətiyyətlə çarpışaraq öz igid oğul və qızlarının qanı və canı bahasına əldə edir. Azərbaycan xalqı da müstəqilliyinə, azadlığına belə nail olub.
...Qədim və zəngin tarixə malik olan Naxçıvan şəhərində bir neçə muzey var. Onlardan biri digərlərindən fərqlənir. O muzey and yerimiz, həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimiz sayılan Şəhidlər xiyabanının yanında yerləşir. Mənaca böyük əhəmiyyət daşıyır bu muzey. Bugünkü gəncliyə örnəkdir. Burada nümayiş etdirilən hər bir eksponat insanları düşünməyə vadar edir, tamaşaçıya vətənpərvərlik ruhu aşılayır. “Vətən sevgisi nədir?”, “Biz Vətən üçün nə etməliyik?”, “Vətəni necə qorumaq lazımdır?” kimi suallara ən dolğun cavabı burada öyrənmək olar. Bu düşüncələrlə muzeyi gəzirəm. Buradakı eksponatlar qəhrəman oğul və qızlarımızın keçdiyi yolları gözlərim önünə gətirir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitabların hər biri ən qiymətli eksponatlardır. Guşələrin birindən haqq səsimiz ucalır. Bu, Azərbaycan xalqının başına gətirilən hadisələrə siyasi-hüquqi qiymət verilməsi istiqamətində xalqımızın ümummilli lideri Heydər Əliyevin gördüyü işlər və bu sahədə qəbul etdiyi mühüm qərarlardır.
Muzeydə nümayiş etdirilən 400-ə yaxın eksponatın hər birində müstəqilliyə qovuşduğumuz günə qədər olan tariximizin qanlı və şanlı səhifələri bir çox mətləblərdən xəbər verir. 1918-1920-ci illərdə Naxçıvanda ermənilərin törətdikləri qanlı cinayətlər, 1937-1938-ci illərin repressiya qurbanları, 1941-1945-ci illər müharibəsinin iştirakçıları haqqında məlumatlar hər birimizi daha da mübarizləşdirir.
20 Yanvar faciəsinə həsr olunmuş guşə məni 25 il əvvələ qaytarır. O vaxt uşaq olmuşam. Həmin hadisələri gözlərimlə görməsəm də, oxuduğum kitablar, yaşlıların söhbətləri mənə bu barədə xeyli bilgi verib. Həmin bilgilər burada bir qədər də cilalanıb zənginləşir. Buradakı fotoşəkillər azadlığı, ərazi bütövlüyü, doğma torpaqları uğrunda mübarizəyə qalxan insanlara divan tutulmasına, yüzlərlə günahsızın qətlə yetirilməsinə şahidlik edir.
20 Yanvar hadisələrinə həsr olunmuş digər guşədən aydın olur ki, bu hadisələr təkcə azğınlaşmış sovet qoşunlarının Bakıda törətdiyi qanlı cinayətlərlə tamamlanmayıb. Həmin gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə də erməni silahlılarının işğalçı hücumları olub. 1990-cı il yanvarın 18-də Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal edilib, Qanlı yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə, muxtar respublikanın digər sərhəd kəndlərinə erməni silahlı dəstələrinin hücumları başlayıb. Bu, 20 Yanvar faciəsinin ilk qanlı səhifələri idi. Ərazi bütövlüyümüz uğrunda döyüşlərdə naxçıvanlılar düşmənə qarşı mərdliklə dayanıb, qəhrəmancasına mübarizə aparıb, şəhidlər verib, Naxçıvanı qoruyub saxlayıblar.
Xocalı faciəsinə həsr olunmuş guşəyə yaxınlaşıram. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bölmələrinin, Dağlıq Qarabağda yerləşdirilmiş erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayının 7 min nəfərin yaşadığı Xocalı şəhərinə basqın etməsi eksponatlarda öz əksini tapıb. İnsanın qanını donduran fotoşəkillər bunu bir daha bizə xatırladır.
Eksponatlara baxanda düşünürsən ki, xalqımızın başına gətirilən bu müsibətlər iradəmizi, milli azadlıq uğrunda mübarizə əzmimizi qıra bilmədi. Bu faciələr Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifələri yazdı.
Guşələrin bir neçəsində torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanlar haqqında məlumatlar, fotoşəkillər, onların şəxsi əşyaları insanı həm kövrəldir, həm də bizə bu günə və sabaha cavabdehlik hissi aşılayır. Əminliklə düşünürsən ki, onlar heç vaxt unudulmayacaqlar. Daim ehtiramla, böyük minnətdarlıq hisləri ilə xatırlanan şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayacaqlar. Onlar xalqın azadlığı yolunda canlarından keçməyə hazır olduqlarını göstəriblər və bu yolu qəhrəmanlıqla qət ediblər. Ölümə gedən yol onları ölməzliyə, əbədiyyətə, xalqımızı isə əbədi azadlığa qovuşdurub.
Muzeydən hansı hislərlə ayrılıram? Öz azadlığı uğrunda mübarizə aparan xalq heç zaman basılmaz. Bu gün üçrəngli bayraq altında yumruq kimi birləşməklə o günləri xatırlayırıq. Bu yumruqla azadlığına, müstəqilliyinə qovuşan bir xalqın övladları olmaqdan qürur duyuruq. O xalq ki, Vətən uğrunda şəhid verməyə daim hazırdır, onun azadlığını qorumağa da.
Müdriklərin belə bir sözü var: “Şəhidi olan xalq irəlini daha yaxşı görər”. Düşmən yaxşı bilməlidir ki, günahsız tökülən qan yerdə qalmayacaq. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Hamı əmin olmalıdır ki, müasir dünyada “Günəş altında daha geniş yer” axtaranlar, “böyük Ermənistan” xülyası ilə başqa xalqlara nifrət və total müharibə ideologiyasını təbliğ edənlər, qonşularına qarşı təcavüzkar siyasət yeridənlər nə zamansa tarix və bəşəriyyət qarşısında cavab verməli olacaqlar”.
Sara ƏZİMOVA