Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsində 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə dair keçirilən yığıncağı idarənin rəisi Fəxrəddin Cəfərov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, ötən il Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi tərəfindən Babək, Ordubad, Culfa, Şərur Rayon Dövlət arxivlərində kompleks yoxlamalar aparılıb, iş planlarının yerinə yetirilmə vəziyyəti, görülmüş işlərin keyfiyyəti və vətəndaşlar tərəfindən daxil olan sosial-hüquqi xarakterli ərizə və sorğulara verilmiş 315-ə yaxın arxiv arayışı yoxlanılaraq təhlil edilib. Bundan başqa, rayonlardakı dövlət arxivlərinin mühafizəsində olan kağız əsaslı dövlət sənədlərinin bərpa edilməsi, işlərin tikilməsi və cildlənərək qaydaya salınması, uçot və kargüzarlıq işlərinin normativlərə uyğun olaraq həyata keçirilməsi, sənədlərin idarə, müəssisə və təşkilatlardan qəbulunun düzgün aparılması üçün dövlət arxivlərinə metodik köməkliklər göstərilib.
“2014-cü ildə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin iş planına əsasən, sənəd materiallarının tikilməsi və cildlənməsi üzrə 4000 plana qarşı 5500 saxlama vahidi tikilərək qaydaya salınıb. Sənədlərin bərpası maddəsi üzrə 5000 plana qarşı 6846 vərəqə bərpa edilib, sənədlərin təsviri maddəsi üzrə 2000 plana qarşı 3046 iş yerinə yetirilib. Siyahıların təkmilləşdirilməsi və yenidən işlənməsi üzrə 10 min işə qarşı 20041 iş yerinə yetirilib”, – deyən Arxiv İdarəsinin rəisi yığıncaq iştirakçılarının nəzərinə çatdırıb ki, 2014-cü ildə Arxiv İdarəsinin əməkdaşlarının 1 monoqrafiyası, 16 elmi məqaləsi, Dövlət Arxivinin əməkdaşlarının 14 elmi məqaləsi, rayon Dövlət arxivləri əməkdaşlarının 11 elmi məqaləsi dərc edilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi