Hər bir dövlətin müstəqil yaşaması üçün, hər şeydən əvvəl, onun güclü ordusu olmalıdır. Güclü ordunun formalaşdırılması isə yüksəkixtisaslı hərbçi kadrların hazırlanmasından asılıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ordu quruculuğunu prioritet istiqamət kimi müəyyənləşdirmiş, peşəkar hərbçi kadrların hazırlanmasını diqqət mərkəzində saxlamışdır.
Ulu öndər ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda hərbi təhsilin inkişafına xidmət edən islahatlar aparmış, 1971-ci ildə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradılmışdır. SSRİ rəhbərliyinin ciddi narazılığına baxmayaraq, hərbi məktəb sonrakı illərdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində öz fəaliyyətini genişləndirmiş, ulu öndərin təşəbbüsü ilə 1972-ci ildən başlayaraq yüzlərlə azərbaycanlı gənc Sovet İttifaqının müxtəlif ali hərbi məktəblərinə təhsil almağa göndərilmişdir. Məhz bu dövrdə yaradılan möhkəm təməl ölkəmiz müstəqillik qazandıqdan sonra milli ordu quruculuğunun formalaşdırılmasında mühüm rol oynamışdır.
Dahi şəxsiyyətin ölkəmizdə ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra ordu quruculuğu və peşəkar zabit kadrlarının hazırlanması istiqamətində məqsədyönlü işlər görülmüş, hərbi təhsil müəssisələri müasir inkişaf yoluna qədəm qoymuşdur. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradılmış və bununla da, Naxçıvanda ixtisaslı hərbçi kadrların yetişdirilməsinə başlanmışdır. 56 kursantla fəaliyyətə başlayan filialın ötən dövr ərzində maddi-texniki bazası xeyli gücləndirilmiş, yeni ixtisaslar açılaraq fəaliyyəti daha da genişləndirilmişdir. Ulu öndər Heydər Əliyev Hərbi Liseyin yaradılması zərurətindən danışaraq demişdir: “Azərbaycan dövlət müstəqilliyini ilbəil möhkəmləndirərək eyni zamanda ordusunun zabit heyətini peşəkar kadrlarla təmin etməyə çalışır. Bu baxımdan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının yaradılması məsələsi meydana çıxdı. Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıbdır. Bu çətinliklər Naxçıvan Muxtar Respublikasında əlavə tədbirlər görməyimizi tələb edirdi. Bütün bunları nəzərə alaraq, biz burada Cəmşid Naxçıvanski adına Hərbi Liseyin filialını yaratdıq. İnanıram ki, Naxçıvan filialı qısa bir zamanda burada yeni bir Hərbi Liseyin yaranması üçün əsas qoyubdur”.
Ümummilli liderin müstəqilliyimizin möhkəmləndirilməsi və ölkəmizin inkişafı naminə həyata keçirdiyi islahatları uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Milli Ordunun maddi-texniki bazasının gücləndirilməsini, şəxsi heyətin döyüş qabiliyyətinin artırılmasını, gənc hərbçi kadrların yetişdirilməsini Azərbaycanın dövlət siyasətində prioritet sahə kimi diqqət mərkəzində saxlayır. Ölkə başçısının 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında Heydər Əliyev adına Hərbi Liseyin yaradılması bu sahədə atılan ən mühüm addımlardan olmuşdur. Bu dövrdən başlayaraq Hərbi Liseydə quruculuq işləri aparılmış, liseyin həyətində ümummilli liderin büstü ucaldılmış, ikimərtəbəli qərargah binası, müasir tədris korpusu istifadəyə verilmişdir.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2005-ci il dekabrın 19-da liseydə yaradılan şəraitlə tanış olmuş, kursantlar qarşısında çıxış edərək demişdir: “Heydər Əliyev adına Hərbi Liseydə oxumaq böyük şərəfdir və böyük məsuliyyətdir. Bu liseydə təhsil alan gənclər gələcəkdə bizim ordumuzda xidmət edəcəklər. Azərbaycanın müstəqilliyinin keşiyində duracaqlar”.
Ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirildiyi ilk ünvan olan Hərbi Lisey fəaliyyətə başladığı dövrdən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hərtərəfli qayğısı ilə əhatə olunmuşdur. Ötən dövr ərzində 750 yerlik lisey yeni avadanlıqlarla təchiz edilmiş, müasir tədris şəraiti yaradılmış, maddi-texniki baza xeyli gücləndirilmişdir. Liseydə sinif otaqları, laboratoriyalar, hərbi kabinələr, linqafon və kompüter sinifləri, elmi, bədii, siyasi, hərbi və tarixi ədəbiyyatlarla, ensiklopedik nəşrlərlə təmin olunmuş zəngin kitabxana vardır. Hərbi təhsil ocağında gənclərin sağlamlığı və fiziki hazırlığı da diqqət mərkəzində saxlanılır. Burada müasir avadanlıqlarla təchiz olunmuş tibb məntəqəsi, idman zalı, futbol meydançası, açıq və qapalı idman qurğuları və digər obyektlər istifadəyə verilmiş, kursantların məişət şəraiti yaxşılaşdırılmışdır.
Liseyin fəaliyyətini hər zaman diqqət mərkəzində saxlayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Biz bu gün Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına baxarkən, bu məktəbin məzunlarının hərbi xidmətdəki fəaliyyətlərini izləyərkən möhkəm iradəyə malik vətənpərvər gəncliyi görür, istər-istəməz doğma Azərbaycanımızın gələcəyini düşünür və bununla iftixar hissi keçiririk. Heydər Əliyev adına Hərbi Liseyin kursantı olmaq böyük məsuliyyət və şərəf işidir”.
Hərtərəfli diqqət və qayğı Hərbi Liseyin şəxsi heyətini daha da ruhlandırmış, kursantların gələcəyin yüksəkixtisaslı hərbçiləri kimi formalaşmalarına stimul vermişdir. Bunun nəticəsidir ki, valideynlərin bu təhsil ocağına etimadı və bu sahəyə maraq göstərən gənclərin sayı ildən-ilə artmaqdadır. Hərbi təhsilə marağın artması isə hər ötən il qəbul faizinin daha da yüksəlməsi ilə nəticələnir. Yaradılan şəraitin nəticəsidir ki, Heydər Əliyev adına Hərbi Lisey bu gün yüzlərlə vətənpərvər gənci öz ətrafında birləşdirir. Azərbaycanın digər bölgələrindən də təhsil almaq üçün gənclər bu hərbi təhsil müəssisəsinə üz tuturlar. Hazırda liseydə 657 kursant təhsil alır.
Liseydə tədrisin keyfiyyətini daha da artırmaq, kursantları mənəvi-psixoloji cəhətdən hazırlıqlı və vətənpərvər ruhda yetişdirmək üçün ardıcıl tədbirlər görülür. İlboyu test-sınaq imtahanları keçirilir, kursantların elmi və hərbi bilikləri, fəallıqları yoxlanılır, nitq mədəniyyətinə yiyələnmələri, xarici dil mənimsəmələri daim nəzarətdə saxlanılır. Həmçinin kursantların asudə vaxtları da səmərəli təşkil olunur. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq nəticəsində kursantlar bədii və texniki yaradıcılıqla məşğul olur, əlamətdar və tarixi günlər münasibətilə keçirilən sərgilərdə onların da yaradıcılıqları nümayiş etdirilir. Həmçinin kursantlar muxtar respublikada keçirilən bilik olimpiadalarının, idman yarışlarının, bədii özfəaliyyət və digər müsabiqələrin də fəal iştirakçılarıdır.
Peşəkar hərbçi və müəllim kollektivi, güclü maddi-texniki bazası ilə Heydər Əliyev adına Hərbi Lisey bu gün ölkəmizin hərbçi kadrlarla təminatında mühüm baza rolunu oynayır. Liseyin məzunları bu gün ölkəmizin müdafiə potensialının gücləndirilməsi, ordumuzun döyüş qabiliyyətinin artırılması sahəsində ləyaqətlə xidmət edirlər. Fəaliyyəti dövründə Hərbi Liseyi bitirən 2161 kursantdan 2072-si ali hərbi məktəblərə qəbul olunmuşdur. Məzunlar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müxtəlif zabit rütbələrində xidmət edirlər. Bu gün liseyin məzunlarından 15-i Rusiya Federasiyasında, 8-i isə Türkiyə Respublikasında ali hərbi təhsillərini davam etdirir.
İnanırıq ki, Azərbaycan hərb tarixində parlaq səhifələr açan Heydər Əliyev adına Hərbi Liseyin kollektivi bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, fiziki cəhətdən sağlam, savadlı, yetkin, Vətənə, dövlətə, ən əsası isə ümummilli liderimiz Heydər Əliyevin ideyalarına və Ali Baş Komandana sədaqətli gənclər yetişdirəcəkdir.
“Şərq qapısı”