Şərur rayonu
Fevralın 26-da Şərur rayonunda Azərbaycanın yaxın tarixinin ən qanlı faciəsi olan Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Mərasim iştirakçıları “Bahar” kinoteatrının foyesində təşkil olunmuş sərgiyə baxıblar. Burada ermənilərin xalqımıza qarşı 200 ildən artıq müddətdə törətdiyi soyqırımı faktlarını təsdiq edən fotoşəkillər, rəsm əsərləri, qəzet və jurnal materialları, kitablar, rayon məktəblilərinin əl işləri nümayiş olunurdu.
Tədbirin aparıcıları Xocalı soyqırımının dəhşətlərindən söz açıblar.
Qeyd edilib ki, 23 il bundan əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı motoatıcı alayın köməyi ilə Dağlıq Qarabağda azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edən erməni silahlı birləşmələri yaşayış məntəqəsini viran qoyublar.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edib. Dahi rəhbər hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulayıb, bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün mühüm tədbirlər həyata keçirib. Ulu öndərin təşəbbüsü ilə Milli Məclisdə ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinin nəzərinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər görülüb. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikada, istərsə də onun hüdudlarından kənarda qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsl iç üzü göstərilir.
Sonda tədbir iştirakçıları Xocalı soyqırımından bəhs olunan “Əsrin faciəsi” adlı sənədli filmə baxıblar.
Babək rayonu
Xocalı soyqırımı son iki əsr ərzində erməni millətçilərinin öz havadarlarının hərtərəfli dəstəyi ilə mifik, tarixdə izi-tozu olmayan, sərsəm “böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə törətdikləri qanlı cinayətlərin ən dəhşətlisi idi. Bu soyqırımı törətməklə ermənilər xalqımızı qorxutmaq, onu öz ərazi bütövlüyü və müstəqillik uğrunda mübarizədən çəkindirmək, əzəli torpaqlarımıza yiyələnmək niyyətində idilər. Lakin onların istəkləri yerinə yetmədi. Bu hadisədən sonra xalqımız öz azadlığı uğrunda mübarizədən nəinki çəkindi, əksinə, əsrlərlə arzusunda olduğu müstəqillik yolundakı gələcək mücadilələrdə daha əzmkar oldu.
Xocalı faciəsinin 23-cü ildönümü Babək rayonunda da dərin hüzn və ehtiramla anılıb. Bu münasibətlə fevralın 26-da Babək rayonunda anım mərasimi keçirilib.
Rayon ictimaiyyətinin nümayəndələri Mədəniyyət Evinə gələrək Uşaq yaradıcılıq mərkəzinin dərnək üzvlərinin Xocalıya həsr olunmuş, ümumilikdə, 100-dək əl işindən, rəsm əsərindən ibarət “Erməni vandalizmi uşaqların gözü ilə” sərgisinə baxıblar. Sərgidə həmçinin faciənin miqyasını özündə əks etdirən çoxsaylı şəkillər, qəzet və kitablar diqqəti cəlb edirdi. İctimaiyyət nümayəndələri ermənilərin və havadarlarının 200 illik bir dövrdə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, deportasiya siyasətini özündə əks etdirən stendlərə, rayondakı tam orta məktəblərin istedadlı şagirdlərinin rəsm əsərlərinə maraqla baxdılar.
Faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş filmi izlədilər.
Ordubad rayonu
Xocalı soyqırımı qurbanları Ordubad rayonunda da anılıb. Ordubad Rayon İcra Hakimiyyətinin, rayonun idarə, təşkilat və müəssisələrinin kollektivləri rayon Mədəniyyət Evində təşkil olunmuş anım mərasimində iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə Xocalı faciəsini özündə əks etdirən fotostendlərə və məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar. Sərgidə soyqırımı qurbanlarının o müdhiş gecədə qarşılaşdıqları vəhşilikləri əks etdirən çoxsaylı fotoşəkillər, eləcə də rayon məktəblilərinin faciəyə həsr etdikləri 40-a yaxın rəsm əsəri nümayiş etdirilirdi.
Tədbirin aparıcıları bildiriblər ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımı ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri faciələrin davamıdır. Faciə zamanı erməni faşistləri qoca, qadın və uşaqlara aman verməyib, qarşılarına çıxan hər kəsi vəhşiliklə qətlə yetiriblər. Xocalının ağır hərbi texnika ilə atəşə tutulması böyük yanğınlara səbəb olub, nəticədə, şəhər tamamilə məhv edilib. Qeyd olunub ki, bu faciənin geniş ictimaiyyətə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz bu böyük şəxsiyyətin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədilə işlərə başlanılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, soyqırımı qurbanlarının xatirəsi yad edilir. İnanırıq ki, Azərbaycanın apardığı haqq işi tezliklə bəhrəsini verəcək, faciəni törədənlər öz cəzasını alacaq, torpaqlarımız işğaldan azad olunacaq.
Sonra tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş fotoslaydlara baxıblar.
Culfa rayonu
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Culfa rayonunda keçirilən anım tədbirində rayon İcra Hakimiyyətinin, təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin, digər qurumların kollektivləri, ictimaiyyətin nümayəndələri Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı binasında təşkil olunan sərgiyə baxıblar. Faciənin dəhşətlərini əks etdirən şəkillər, qəzet, jurnal materialları, broşürlər sərgidə özünə yer almışdı. Rayon məktəblilərinin Xocalı faciəsi ilə bağlı çəkdikləri rəsmlər də diqqət çəkirdi. Məktəblilər bu soyqırımı faktına münasibətlərini rəsmləri ilə bildirmişdilər.
Anım tədbirində vurğulanıb ki, erməni millətçiləri Azərbaycan torpaqlarında öz dövlətlərini yaratmaq və “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün dəfələrlə azərbaycanlılara qarşı terror, kütləvi qırğın həyata keçiriblər. Əsassız torpaq iddiaları üzərində qurulan bu proseslərdə erməni faşistləri öz havadarlarına arxalanıblar. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı isə əsrlər boyu azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin davamı, erməni qəddarlığının daha bir təzahürüdür.
Kəngərli rayonu
Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə Kəngərli rayonunda da anım mərasimi keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri Xocalı soyqırımını özündə əks etdirən əl işlərindən, fotoşəkillərdən, rəsm əsərlərindən, qəzet, jurnal və kitablardan ibarət sərgiyə baxıblar.
Tədbirdə bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda misligörünməmiş soyqırımı törədiblər. Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinləri yollarda, meşələrdə pusqu quraraq xüsusi amansızlıqla qətlə yetiriblər. Xocalı soyqırımının şahidi olmuş müxtəlif xarici ölkə jurnalistləri onu bəşəriyyətin böyük faciəsi adlandırıblar.
Bu gün müstəqil Azərbaycan dövlətinin gündən-günə inkişaf edib möhkəmlənməsi və hərbi qüdrətini artırması Xocalı soyqırımı kimi faciələrin bir daha baş verməməsi üçün ən etibarlı təminatdır. Ölkəmizin ərazi bütövlüyünü təmin etmək, Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoymaq üçün dövlətimizin bütün imkanları vardır. Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi Xocalı şəhidlərinə və torpaq uğrunda canını fəda edən bütün Vətən övladlarına ucaldılan möhtəşəm abidə olacaqdır.
Şahbuz rayonu
Dünən Şahbuz şəhərindəki “Araz” kinoteatrının yerləşdiyi ərazidə saat 9 radələrində qələbəlik idi.
Rayon ictimaiyyətinin toplandığı Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə keçirilən anım mərasimi kinoteatrın foyesində təşkil edilmiş sərgiyə baxışla başladı. Burada erməni vandalizminin iç üzünü açan, tarix boyu onların azərbaycanlılara qarşı vəhşiliklərini ortaya qoyan fotolara və şəkillərə həyəcansız baxmaq mümkün deyildi. Sərgidə nümayiş etdirilən qəzet və jurnal yazıları Xocalı soyqırımı haqqında canlı təsəvvür yaradırdı. Tədbir iştirakçılarının baxışlarındakı sualları oxumaq çətin deyildi: belə vəhşilik olarmı? Cinayətkarlar nə vaxt cəzalandırılacaqlar? Baxışlarda sabaha əminlik də var idi: bu qan yerdə qalmayacaq. Sərgiyə baxış zamanı söylənilənləri bu gün gənc nəslə çatdırmaq hər bir azərbaycanlının vətəndaşlıq borcuna çevrilib: 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə qədim oğuz-türk yurdu Xocalıda dinc əhaliyə qarşı həyata keçirilən soyqırımı bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət kimi tarixə düşüb. Soyqırımı aktı zamanı qadağan olunmuş mərmilərdən və kimyəvi silahlardan istifadə olunub, heç kəsə aman verilməyib.
Bu gün Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli uğrunda Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, prinsipial və milli mənafeyə uyğun siyasi xətt bütün Azərbaycan xalqının iradəsini əks etdirir.
Sonra tədbir iştirakçıları “Əsrin faciəsi” filminə baxıblar.
Sədərək rayonu
Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə sərhəd bölgəsi olan Sədərək rayonunda da anım mərasimi keçirilib.
Mərasim iştirakçıları Sədərək Rayon İcra Hakimiyyəti binasının foyesində yaradılmış sərgiyə baxıblar. Sərgidə qanlı faciədən bəhs edən əsər və məqalələr, faciənin dəhşətli məqamlarını əks etdirən fotoşəkillər və rayonun ümumtəhsil məktəbləri şagirdlərinin əl işləri və rəsm əsərləri nümayiş etdirilib.
Tədbirdə qeyd olunub ki, Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün ölkəmizdə və beynəlxalq aləmdə zəruri tədbirlər görülüb. Bu sahədə məqsədyönlü fəaliyyət xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlanıb. Məhz dahi şəxsiyyətin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilib. Xocalı faciəsi bir daha göstərdi ki, bütün beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək üçün bütün cinayət və vəhşiliyə hazırdır. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Xəbərlər şöbəsi