Xocalı faciəsinin səbəbləri haqqında indiyədək çox yazılmış, çox danışılmışdır. Bu cinayətin qarşısının alınmamasının mühüm səbəblərindən biri də həmin dövrdə mütəşəkkil ordumuzun olmaması idi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş Sovetlər Birliyinin 366-cı motoatıcı alayının şəxsi heyəti və döyüş texnikası ilə Xocalıya hücum etmişlər. Şəhərin müdafiəsində, əsasən, atıcı silahlarla silahlanmış yerli milis, könüllülər və Milli Ordumuzun təcrübəsiz, heç bir döyüş təlimi görməmiş əsgərlərdən ibarət dəstələri dayanmışdı. Xocalıya ağır texnika və artilleriya hücumları bu zəif müqaviməti tez bir zamanda qırdı, şəhər viran qoyuldu.
Xocalı faciəsi zamanı və sonralar da Bakı şəhərində başı hakimiyyət davasına qarışmış ordu rəhbərlərinin vahid komandanlıq konsepsiyasının olmaması, özbaşınalıq, komandir vəzifələrinin dost-tanış arasında bölüşdürülməsi prinsipi yaxın bir il ərzində digər torpaqlarımızın da işğal edilməsi ilə nəticələnmişdir. Bu burulğanlı proseslər isə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışına qədər davam etmişdir.
1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdan dahi şəxsiyyət Heydər Əliyev dərhal qarşıda duran iki əsas məsələni həll etməyə başlamışdır. Bunlardan birincisi atəşkəsi təmin etmək, ikincisi isə güclü ordu yaratmaq idi. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinə qədər ölkədə çox böyük faciələr baş vermişdi, torpaqlarımızın bir-birinin ardınca işğal edilməsi düşmənin sevinməsinə, xalqımızın, eyni zamanda orduda xidmət edən şəxsi heyətin böyük ruh düşkünlüyünə səbəb olmuşdu.
Gərgin proseslərdən sonra – 1994-cü ilin may ayında tərəflər arasında atəşkəs haqqında razılığa gəlindi. Çünki müharibənin davam etməsi ölkəmizə müsbət heç nə vəd etmirdi. Bundan sonra Azərbaycanda, sözün əsl mənasında, ordu quruculuğuna start verildi. Çox çətin, məsuliyyətli, ancaq həlli həddən çox vacib olan bu sahənin yenidən qurulması ölkəmizi yeni işğal dalğalarından qorudu.
Vurğulamaq lazımdır ki, ordu quruculuğu çox çətin prosesdir. Güclü ordu qurmaq yalnız maliyyə vəsaiti ilə mümkün deyil. İxtisaslı kadrların yetişdirilməsi, ruhən və fiziki baxımdan sağlam gənclərin orduya cəlb olunması, onlara hərbi texnikanın sirlərinin öyrədilməsi, hərbi sənayenin qurulmasının təmin edilməsi və sair böyük zaman, vəsait və qətiyyət tələb edən məsələlərdir. Ancaq Azərbaycan bunu bacardı. Bu gün ölkəmiz həm iqtisadi gücü, həm də güclü ordusu ilə fəxr edir. Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələri ilə erməni ordusu arasında böyük bir fərq var. Azərbaycanın ilbəil artan iqtisadi gücündən orduya böyük vəsaitlərin ayrılması indi heç kimə sirr deyil. Silahlı Qüvvələrimizin döyüş arsenalında dünyanın ən güclü ordularında mövcud olan hərbi texnika və silahlar vardır. İndi Azərbaycanda yüzlərlə adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal olunur. Ölkəmizin hərbi sənaye məhsulları dünyanın müxtəlif ölkələrində təşkil olunan hərbi sərgilərdə nümayiş etdirilir və bu sahədə ixrac potensialı ildən-ilə artır. Bütün bunlarla yanaşı, ordumuzun maddi-texniki bazası da yenilənir, əsgər və zabitlərin sosial rifahı, mənzil-məişət şəraiti yaxşılaşdırılır. Bu tədbirlər ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə 18 dekabr 2013-cü il tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə muxtar respublikada keçmiş 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmışdır. Ölkəmizin digər ərazilərində olduğu kimi, muxtar respublikamızda da müxtəlif qoşun birləşmələrinin mütəmadi olaraq taktiki təlimlərə cəlb olunması ordumuzun nəinki müdafiə qabiliyyətini artırır, eyni zamanda istənilən hücum planını yerinə yetirməyə imkan verir. Regionun təhlükəsizliyində mühüm rol oynayan Əlahiddə Ümumqoşun Ordusu bu gün muxtar diyarın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən hücumun qarşısını almağa və düşmənə layiqli şəkildə cavab verməyə qadirdir.
Bu gün Azərbaycan Ordusu düşmən üzərinə uzunmüddətli hücum əməliyyatlarına tam hazırlığı ilə diqqət çəkir. Təmas xəttində Silahlı Qüvvələrimizin, hələlik, müdafiə mövqeyində durması isə münaqişənin yalnız və yalnız sülh yolu ilə həlli prinsipi ilə izah oluna bilər. İlin əvvəllərindən başlayaraq daha aktiv şəkildə ordumuzu müxtəlif təxribatlara çəkmək üçün atəşkəsi pozmağa edilən meyillər, düşmən tərəfin təşkil etdiyi çoxsaylı kəşfiyyat-diversiya cəhdlərinin qarşısının uğurla alınması, hər dəfə düşmənin böyük itkilərə məruz qalması tez-tez rast gəldiyimiz faktlardandır. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, ölkəmiz bu problemin sülh yolu ilə həll olunmasını istəyir. Əgər düşmən bunu istəmirsə, onda Silahlı Qüvvələrimizin ərazi bütövlüyümüz uğrunda müharibəyə başlayacağı da qaçılmazdır. Məsələyə real yanaşsaq, görərik ki, istər ötən əsrin əvvəllərində, istərsə də sonlarında torpaqlarımıza edilən hücumların ona görə vaxtında qarşısı alınmayıb ki, hərbi gücümüz yetərli olmayıb. Bu isə Xocalı kimi faciələrimizin baş verməsinə səbəb olub. Lakin indi nə ötən əsrin əvvəlləri, nə də sonlarıdır. İndi ordumuz da əvvəlki ordu deyil. Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad edəcəyi, Xocalı şəhidlərinin qisasının alınacağı gün uzaqda deyil. Bu qüruru isə bizə haqq uğrunda döyüşə başlayacaq Silahlı Qüvvələrimiz bəxş edəcək!
Səbuhi HƏSƏNOV