Yeni Azərbaycan Partiyası (YAP) Şərur Rayon Təşkilatı Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirib.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev çıxış edərək bildirib ki, Xocalı faciəsi bəşər tarixinin ən dəhşətli faciələrindən biridir. Bu hadisə zamanı heç kimə fərq qoyulmadan – qocalar, uşaqlar, qadınlar xüsusi amansızlıqla qətlə yetiriliblər.
Qeyd olunub ki, öz vətəndaşlarının təhlükəsizliyini və müdafiəsini təmin etməyə borclu olan o dövrün hakimiyyət orqanları tam fəaliyyətsizlik nümayiş etdirərək müharibə şəraitində olan şəhərin və onun sakinlərinin xilasına çalışmayıb, vəzifə borclarının yerinə yetirilməsinə cinayətkarcasına məsuliyyətsiz yanaşıblar. Həmçinin ozamankı hakimiyyət qanlı faciəni dünya ictimaiyyətinə çatdırmağa səy göstərməyib.
Xocalı faciəsinin dünyada tanıdılması üçün ilk təşəbbüsün məhz ulu öndər Heydər Əliyev tərəfindən göstərildiyini qeyd edən Əmir Babayev daha sonra ölkə Prezidenti cənab İlham Əliyevin bu yöndə səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Tədbirdə YAP Şərur Rayon Təşkilatı idarə heyətinin üzvü Vaqif Cabbarov, təşkilatın şura üzvü Ramin Şükürov, partiya fəallarından Məhərrəm Rəhimov, Zərifə Əliyeva, Eldəniz Musayev çıxış ediblər.
* * *
Naxçıvan Tibb Kollecində də Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə kollecin direktoru İlhamə Mustafayeva açaraq faciənin təfərrüatları haqqında məlumat verib. Bildirilib ki, Xocalı faciəsi misligörünməmiş qətliam olmaqla bəşəriyyətə qarşı ən dəhşətli cinayətdir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, eyni zamanda bu hərbi cinayətə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətin verilməsi dövlətimizin əsas məqsədlərindən biridir. Hər il dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı ilə bağlı keçirilən kütləvi tədbirlər də erməni faşizminin iç üzünün açılmasına, baş vermiş faciənin mahiyyətinin ortaya qoyulmasına xidmət edir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, artıq dünya ictimaiyyətinin böyük bir hissəsi 1992-ci ildə Xocalıda törədilmiş bu ağır cinayətdən xəbərdardır.
Tədbirdə kollecin müəllimlərindən Rəna Vəliyeva və Xanım Kazımovanın çıxışları olub.
Sonda Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
* * *
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Xocalı əsrin faciəsidir” adlı konfrans keçirilib.
Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm nazirinin müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Natəvan Qədimova açıb.
Kitabxananın zal müdiri Mehriban Qulamova “Xocalı – qan yaddaşımız” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı zamanı əsas hədəflərdən biri də Xocalı olub. Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. 1992-ci il fevral ayının ortalarından başlayaraq bu qədim oğuz-türk yurdu erməni silahlıları tərəfindən mühasirəyə alınıb hər gün ağır texnika ilə atəşə tutulurdu. Fevralın 25-dən 26-na keçən gecə Xocalıda günahsız insanlar, dinc sakinlər xüsusi amansızlıqla qətlə yetirilib.
Bildirilib ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımına etiraz edənlərin sayı dünyanın hər yerində ildən-ilə artmaqdadır. Artıq dünyanın bir çox parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bir sıra parlamentlər isə bu barədə xüsusi bəyanatlar qəbul ediblər.
Sonra məruzə ətrafında çıxışlar olub.
Sonda kitabxanada təşkil edilmiş sərgiyə baxış olub.
Xəbərlər şöbəsi