23 Dekabr 2024, Bazar ertəsi

 Amerikalı jurnalist və tədqiqatçı Peter Tase Azərbaycan Respublikasının Argentinadakı səfiri Məmməd Əhmədzadədən Xocalı soyqırımı ilə bağlı müsahibə almışdır. Həmin müsahibə Amerikada çap olunan ispandilli “Eurasia Hoy” qəzetində dərc olunmuşdur. Müsahibəni təqdim edirik. 

26 fevral 2015-ci il tarixdə Azərbaycan xalqı və hər kəs Ermənistan qoşunlarının Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi və Xocalı soyqırımı kimi tanınan faciənin 23 illiyini xatırlayacaq. Bu soyqırımı Xocalıda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki bir şəhərdə törədilib. Azərbaycan Respublikasının Argentinadakı səfiri Məmməd Əhmədzadə Xocalı hadisələri və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirlərini bölüşüb:
– Cənab səfir, Xocalıda nələr baş verib?
– 1987-ci ilin sonlarında, sovet dövrünün son illərində Ermənistan Sovet Sosialist Respublikası Azərbaycan Sovet Sosialist Respublikasına aid olan Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə qarşı açıq şəkildə iddialara başladı. 1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərində SSRİ dağıldıqdan sonra Ermənistan ölkəmizə qarşı hərbi təcavüzə başladı. Nəticədə, Azərbaycanın beynəlxalq qurumlar tərəfindən tanınan ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və ona bitişik yeddi rayon Ermənistan tərəfindən işğal edildi, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərini tərk etmək məcburiyyətində qaldı. Bu gün Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri xalqımız tərəfindən unudulmayıb. Erməni qoşunları tərəfindən Azərbaycana qarşı aparılan müharibə nəticəsində beynəlxalq hüququn ən ağır cinayətləri fonunda minlərlə ölüm və xəsarət törədilmişdir.

7000 azərbaycanlının yaşadığı Xocalının işğalı xüsusilə faciəli idi. 1991-ci ilin oktyabr ayından Xocalı erməni qüvvələri tərəfindən mühasirəyə alınmışdı. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə kütləvi artilleriya Xocalı şəhərinə daxil olaraq müxtəlif istiqamətlərdən hücum etməyə başlayıblar. Ermənistan qoşunları Xocalını işğal edərək, azərbaycanlı mülki əhaliyə qarşı görünməmiş vəhşiliklər törədərək yüzlərlə insanı məhv etmişlər. Bu faciədə 106 qadın və 63 uşaq daxil olmaqla, 613 silahsız mülki vətəndaş qətlə yetirilib. Onlardan 56 nəfəri xüsusi amansızlıqla öldürülmüş, 8 ailə tama­milə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq bir valideynini itirmiş, 1275 nəfər girov götürülmüş və onlardan 150 nəfərin taleyindən isə bu günə qədər xəbər yoxdur.
– Ermənistan rəhbərliyi Xocalıda baş verən hadisələri inkar edir. Bu barədə nə deyə bilərsiniz?
– Ermənistan rəhbərliyi Xocalıda baş verən hadisələri inkar edir. Bütün bu törədilmiş cinayətlər, vəhşiliklər çoxsaylı müstəqil mənbələr və şahidlər tərəfindən sənədləşdirilmişdir.
Qeyd olunmalıdır ki, Xocalı hadisələri baş verdiyi dövrdə Ermənistan Respublikasının hazırkı prezidenti Serj Sarkisyan qeyri-qanuni separatçı rejimin rəhbəri idi. Belə ki, bu fakt ən mühüm sübutlardan biridir. Britaniyalı jurnalist Tomas de Vaal “Qarabağ: Ermənistan və Azərbaycan sülh və müharibə yolu ilə” kitabında Serj Sarkisyanla müsahibəsini ictimaiyyətə açıqlayıb və bu müsahibənin məzmunu erməni təbliğatının təhrifinə ən tutarlı cavabdır. Serj Sarkisyanın bu sözləri Xocalı faciəsini törədənlərin kim olduğuna dair heç kəsdə heç bir şübhə yeri saxlamır: “Xocalı faciəsinə qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat edə bilərlər və ermənilər mülki əhaliyə qarşı əl qaldırmazlar. İndi biz bu stereotipi qıra bildik və bu hadisə baş verdi”.
Erməni müəllif Markar Melkonyan beynəlxalq terrorist kimi tanınan qardaşı Monte Melkonyana (Xocalı faciəsi barədə verilən qərarın iştirakçılarındandır) həsr etdiyi “Qardaşımın yolu: amerikanların Ermənistana sədaqətli səfəri” kitabında aydın şəkildə bildirir ki, ermənilər mülki əhalini Xocalıda necə qırıblar. Onun sözlərinə görə, Xocalının bəzi sakinləri faktik olaraq təhlükəsiz yerə gəlmişdilər, təxminən, 10 kilometr məsafədən sonra erməni əsgərləri onları tutdu və uzun müddət idi ki, bellərində olan bıçaqlarını çəkərək onları vurmağa başladılar.
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri müharibənin səbəb və nəticəsinin ümumi qiymətləndirilməsi və Xocalıda törədilən bütün faciələr sübut edir ki, Azərbaycan xalqına qarşı törədilən cinayətlər təcrid edilmiş, yaxud təsadüfi hadisə deyil, regionun multikultural reallıqlarına zidd olaraq, ermənilərin qınanmalı ksenofobiya fikirləri ilə müəyyən olunmuş siyasi, sistemli və geniş yayılmış təcrübəsinin bir hissəsidir. Xocalıda mülki əhaliyə qarşı qəsdən törədilən qırğın əhalinin yalnız azərbaycanlı olmasına görə kütləvi şəkildə məhvi idi.
– Xocalı faciəsinə dünya tərəfindən hansı münasibət və qiymət verilmişdir?
– İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında bildirib ki, müstəqil mənbələrdən əldə edilən məlumatlar göstərir ki, erməni döyüşçüləri tərəfindən şəhərə edilən hücum zamanı, 25-dən 26-na keçən gecə Xocalıda yüzlərlə etnik azərbaycanlı mülki insan öldürülmüş, yaralanmış və ya girov götürülmüşdür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Xocalıda Azərbaycanın dinc əhalisinə qarşı qırğını müharibə cinayətləri və ya insanlığa qarşı cinayət, nəhayət olaraq, xüsusilə ağır cinayət əməlləri kimi təsvir edir.
– “İnsan Hüquqları Müdafiə” təşkilatı öz hesabatında Xocalıda baş verən hadisəni bu günə qədər Ermənistan və Azərbaycan arasındakı münaqişənin ən böyük qırğını kimi xarakterizə edir.
– 2008-ci ildən İslam Konfransı Təşkilatının Mədəniyyətlərarası Dialoq Gənclər Forumunun Baş Koordinatoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” (www.justiciaparajodyali.org.ar) şüarı altında beynəlxalq maarifləndirmə kampaniyası həyata keçirilir. Bu kampaniyanın məqsədi törədilmiş vəhşilik əməllərini dünya ictimaiyyətinə çatdırmaqdır. Qeyd edək ki, Meksika, Pakistan, Türkiyə, Çexiya, Rumıniya, Bosniya və Herseqovina, Panama, Peru, Kolumbiya, Serbiya, İordaniya, Honduras, Sudan qanunverici orqanları, 15 ABŞ ştatı (New Mexico, Arkansas, Massachusetts, Maine, Texas, New Jersey, Mississippi, Oklahoma, Georgia, Tennessee, West Virginia, Connecticut, Florida, İndiana, Pennsylvania) və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın mülki əhalisinə qarşı erməni qoşunları tərəfindən törədilmiş vəhşilik hərəkətlərini pisləyən Xocalı hadisələri ilə bağlı qətnamələr qəbul etmişdir.
Xocalı faciəsi və azərbaycanlı mülki əhaliyə qarşı ermənilər tərəfindən törədilən digər cinayətlərə beynəlxalq ictimaiyyət layiqli siyasi və hüquqi qiymət verməlidir. Cəzasız cinayətlər yeni cinayətlərə yol açır.
– Ermənistan və Azərbaycan arasında münaqişənin həlli perspektivi nədir?
– Münaqişənin status-kvo vəziyyətində qalması çox təhlükəlidir və hər zaman bölgədə yeni genişmiqyaslı müharibəyə səbəb ola bilər. Buna görə də ABŞ, Rusiya və Fransanın birgə sədrlik etdiyi ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar qısa müddətdə müsbət nəticələrlə yekunlaşmalıdır. Azərbaycan tərəfi dəfələrlə hərtərəfli sülh sazişinin layihəsi üzərində işə başlamaq üçün hazır olduğunu bəyan edib.
1993-cü ildən bəri münaqişənin mühüm beynəlxalq normativ-hüquqi bazalı həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884-cü qətnaməsi, BMT-nin Baş Assambleyasının 2008-ci il 62/243 saylı sənədləri qəbul edilmişdir. Digər beynəlxalq təşkilatlar, belə ki, Avropa Şurası, ATƏT Parlament Assambleyası, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatının Şurası ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilənləri pisləyərək Azərbaycanın beynəlxalq sərhədlərinin toxunulmazlığına hörməti bir daha təsdiq etmiş, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyaraq işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Bütün bu sənədlər və qətnamələr Ermənistan tərəfindən yerinə yetirilməmiş qalır. Biz hesab edirik ki, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistan hakimiyyətinə daha çox təzyiq göstərilsə, Ermənistan öz təcavüzkar siyasətinə son qoya bilər.
Münaqişədə hazırkı status-kvo yalnız regional sülh və təhlükəsizlik üçün ciddi təhlükə deyil, həm də Ermənistanın qarşılaşdığı ciddi sosial-iqtisadi problemləri dərinləşdirir. Azərbaycan güclü iqtisadiyyata malik bir ölkədir, regional əməkdaşlıq, inteqrasiya və beynəlxalq arenada Xəzər hövzəsini Avropaya birləşdirən enerji və infrastruktur layihələrinin memarıdır. Münaqişənin həll edilməsi bölgəyə sülh gətirəcək, eyni zamanda Ermənistanı regional əməkdaşlığa cəlb edərək bu ölkənin qarşısında duran mürəkkəb sosial-iqtisadi problemlərin həllinə kömək edəcək.
Ermənistan hökuməti, təxminən, otuz ilə yaxındır ki, günahsız insanların həyatına son qoyan bu münaqişənin həllində əgər, həqiqətən, maraqlıdırsa regionda sülh və firavanlıq yaratmalıdır, konstruktiv münasibət nümayiş etdirməlidir, beynəlxalq hüquqa və yuxarıda adları sadalanan beynəlxalq təşkilatların tələb və qətnamələrinə hörmət etməlidir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR