Bu gün XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsindən 23 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə əliyalın əhalinin, dinc sakinlərin yaşadığı Xocalı şəhəri erməni işğalçıları tərəfindən yerlə-yeksan edilmişdir. Erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşən, komanda və şəxsi heyətinin böyük hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın köməyi ilə son anadək qəhrəmanlıqla müdafiə olunan xocalıları amansızcasına qətlə yetirmiş, insanlara olmazın işgəncələr verilmiş, uşaq, qoca, qadın demədən hamısını vəhşicəsinə öldürmüşlər.
Ermənilərin diqqətini Xocalıya yönəltməsinin əsas səbəbi bu şəhərin geostrateji mövqeyi ilə bağlı idi. Belə ki, bu ərazini zəbt etmədən Dağlıq Qarabağa nəzarət etmək qeyri-mümkün idi. Vaxtilə 7 min əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da məhz Xocalıda idi. Ermənilərin əsas istəklərindən biri məhz buradakı hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi.
1991-ci ilin oktyabrında Tuğ və Səlakətin kəndləri işğal edilmişdi. Bunun ardınca Xocavənd də erməni işğalçılarının nəzarəti altına keçmişdi. Ancaq ermənilər üçün ciddi maneə hələ də qalmaqda idi. Belə ki, onlar azərbaycanlıların yaşadığı digər kəndlərə hücuma keçəndə silahlı erməni dəstələri Xocalıdan atəşə tutulurdu. Buna görə də Xocalının işğalı düşmən üçün vacib amilə çevrilmişdi.
1992-ci il yanvarın 10-da ermənilər Xankəndidə yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə Xocalı ətrafındakı Axullu kəndini işğal etmişdilər. Elə həmin ilin fevralında Malıbəyli və Quşçular kəndləri də işğal olunmuşdu. Həmin kəndlərin işğalından bir neçə gün sonra Dağlıq Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradağlı yenə də 366-cı motoatıcı alayın əsgər və zabit heyəti, eləcə də müxtəlif xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülər hesabına ermənilərin əlinə keçdi.
Onu da qeyd edək ki, 1991-ci il oktyabrın 30-dan Xocalı blokada vəziyyətində yaşayırdı. Şəhərin bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi kimi vertolyot qalmışdı. Lakin Şuşa səmasında mülki vertolyotun vurulmasından, vertolyotun içindəki 40 azərbaycanlının həlak olmasından sonra şəhərlə hava əlaqəsi də kəsilmişdi. Sonuncu vertolyot isə 1992-ci il yanvar ayının 28-də Xocalıya enə bilmişdi...
Həmin dövrdə hər gün toplardan, ağır texnikadan atəşə tutulan Xocalını əhatə edən Daşbulaq, Mehdikənd, Ballıca, Həsənabad, Pirəməki, Noraguh və Mirzəcan kəndlərində xeyli qüvvə toplanmışdı. Avtomat və pulemyotlarla silahlanmış yüzlərlə erməni yaraqlısının toplandığı bu kəndlərdə çox sayda raket qurğuları və zirehli texnikalar vardı. Əsas qüvvələr isə Xankəndidə və Əsgəran istiqamətində yerləşdirilmişdi. Lakin bütün çətinliklərə, silah-sursat çatışmazlığına, canlı qüvvənin azlığına baxmayaraq, qəhrəman Xocalı döyüşçüləri düşmənə qarşı inadlı mübarizə aparırdılar. Təhlükəli vəziyyətə baxmayaraq, Xocalı sakinlərinin şəhəri tərk etməməsi, yerli müdafiə qüvvələrinin ciddi müqaviməti Naxçıvanda başı daşa dəymiş qaniçən erməniləri hiddətləndirmişdi. Bu nifrət, qəddarlıq, vandalizm 1992-ci il fevralın 25-dən 26-na keçən gecə özünü daha qabarıq şəkildə büruzə verdi. Ermənilər Xocalıda misligörünməmiş soyqırımı törətdilər. Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinləri yollarda, meşələrdə pusqu quraraq xüsusi amansızlıqla qətlə yetirdilər. Kütləvi qırğın nəticəsində 613 nəfər əliyalın dinc sakin öldürüldü. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi. 1275 dinc sakin əsir götürüldü. Onların 150-nin taleyindən hələ də heç bir xəbər yoxdur. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi.
Xocalı soyqırımının şahidi olmuş müxtəlif xarici ölkə jurnalistləri onu bəşəriyyətin böyük faciəsi adlandırmışlar. Məsələn, Fransadan olan jurnalist Jan-İv Yunet yazır: “...Biz Xocalı faciəsinin şahidi olduq, yüzlərlə həlak olmuş dinc əhalinin – qadınların, kişilərin, qocaların və Xocalı müdafiəçilərinin meyitlərini gördük. Bizə helikopter verdilər, biz quş uçuşu hündürlüyündən Xocalı ətrafında nə gördüksə, hamısını çəkirdik. Bu, dəhşətli mənzərə idi. Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı barədə çox eşitmişəm, lakin ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini öldürərək onları geridə qoyublar”. İngiltərəli jurnalist Rori Patriks isə qeyd edir ki, “Xocalıdakı faciənin miqyasını dünya ictimaiyyətinə anlatmaq çox çətindir. Biz jurnalistlər helikopterlə çətinliklə də olsa, ermənilərin məskunlaşdığı Naxçıvanik kəndinin yaxınlığına gələ bildik. Burada onlarla eybəcər hala salınmış meyit gördük. Onlar Xocalını müdafiə edən döyüşçülər deyildi, bu, Azərbaycan şəhərinin dinc əhalisi – qatillərin güllələdikləri uşaqlar, qadınlar, qocalar idi”.
Rusiyalı hərbçi Leonid Kravetsin dediyi faktlar da insanı dəhşətə gətirir: “...Fevralın 26-da mən Stepanakertdən yaralıları aparırdım və geriyə Əsgəranın üstündən uçdum. Gözümə aşağıda nəsə birtəhər parlaq ləkələr dəydi. Bir az aşağıya endim və burada mənim bortmexanikim qışqırdı: “Baxın, orada qadınlar və uşaqlar var”. Bəli, artıq elə mən özüm də görürdüm, təpənin döşündə səpələnmiş iki yüzə qədər meyit, onların arasında şübhəli adamlar gəzişirdi... Sonra biz uçduq, istədik meyitlərdən götürək. Bizimlə yerli milis kapitanı var idi, adını unutmuşam. O, orada başı parçalanmış dördyaşlı oğlunu tapdı və yazıq həmin anda huşunu itirdi. Bizə atəş açılana qədər götürməyə macal tapdığımız digər uşağın isə başı kəsilmişdi. Mən hər tərəfdə eybəcər hala salınmış qadın, uşaq, qoca meyitləri gördüm...”
Təəssüf ki, 1993-cü ilə qədər Azərbaycanda Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə müraciət edərək erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən, bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur. Ulu öndər Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 1700-də ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Bu gün həmin siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülmüş, xarici dillərdə kitablar nəşr olunmuş, Xocalı soyqırımı müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilmiş, bununla bağlı internet saytları yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 13 fevral tarixli “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, bu tədbirlərin beynəlxalq səviyyədə daha da genişləndirilməsi qərara alınmışdır.
Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar 2012-ci il fevralın 26-da Bakıda ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə ümumxalq yürüşü olmuşdur. Paytaxtın Azadlıq meydanından başlayan, 60 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Xocalı soyqırımının iyirminci ildönümü haqqında” 2012-ci il 17 yanvar tarixli Sərəncamında Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılmasını bir vəzifə kimi qarşıya qoymuşdur: “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən, insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır”.
Bu gün Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər. Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina, Peru, Honduras, Sudan parlamentləri, İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanımışlar. Bundan əlavə, ABŞ-ın 15 ştatı da bu soyqırımını tanımışdır.
Müstəqil Azərbaycan Respublikasının yeritdiyi uğurlu xarici siyasət nəticəsində artıq dünya birliyi ermənilərin Xocalıda törətdikləri soyqırımı barəsində tam məlumatlıdır. Bu işdə dövlət başçısının gərgin fəaliyyəti ilə yanaşı, Heydər Əliyev Fondunun, xüsusilə fondun vitse-prezidenti Leyla Əliyevanın 2008-ci il mayın 8-də “Xocalıya ədalət” beynəlxalq kampaniyasının keçirilməsi təşəbbüsünü irəli sürməsi və bu günədək həmin kampaniyanın uğurla davam etdirilməsi özünün müsbət nəticələrini verməkdədir. Kampaniya çərçivəsində Rusiya, Türkiyə, Fransa, Macarıstan, Rumıniya, Belçika, Avstriya, Almaniya, Çexiya, İsveçrə, Gürcüstan və digər ölkələrdə silsilə tədbirlər keçirilmişdir.
Bu gün müstəqil Azərbaycan dövlətinin gündən-günə inkişaf edib möhkəmlənməsi və hərbi qüdrətini artırması Xocalı soyqırımı kimi faciələrin bir daha baş verməməsi üçün ən etibarlı təminatdır. Azərbaycan dövlətinin hərbi sahəyə ayırdığı xərclər Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir. Ermənistan nə hərbi sahədə, nə də digər sahələrdə Azərbaycanla müqayisə edilə bilməz. Ölkəmizin ərazi bütövlüyünü təmin etmək, Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoymaq üçün dövlətimizin bütün imkanları vardır. Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi Xocalı şəhidlərinə və torpaq uğrunda canını fəda edən bütün Vətən övladlarına ucaldılan möhtəşəm abidə olacaqdır.
“Şərq qapısı”