23 Dekabr 2024, Bazar ertəsi

Fevralın 23-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əli Əlizadə çıxış edərək demişdir ki, bu faciə bütün bəşəriyyət əleyhinə törədilən cinayətdir. Buna görə də soyqırımı ilə bağlı aparılan “Xocalıya ədalət” kampaniyasına bütün dünya ictimaiyyəti qoşulmalıdır. Tarix boyu erməni millətçiləri “böyük Ermənistan” yaratmaq planları ilə Azərbaycan, İran, Türkiyə və digər qonşu dövlətlərin ərazilərində yerli əhaliyə qarşı kütləvi qırğınlar törətmişlər. Bu soyqırımlar tarixi sənədlərdə də öz əksini tapmışdır.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul olunmuş, soyqırımına dair həqiqətlər dünya ictimaiyyətinə çatdırılmışdır. Baş konsul soyqırımı tanıyan dövlətlərin və beynəlxalq təşkilatların sayının ilbəil artdığını bildirmiş, hazırda 12 ölkənin, o cümlədən Amerika Birləşmiş Ştatlarının 15 ştatının və İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatların Xocalı soyqırımını tanıdığını diqqətə çatdırmışdır.

Türkiyə Respublikasının Təbrizdəki Baş konsulu çıxış edərək işğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə məhəl qoymadığını, tarix boyu Türkiyə və Azərbaycan xalqına qarşı dəfələrlə terror hadisələri, qətliamlar törətdiyini, daim haqsız ərazi iddialarında olduğunu bildirmiş, insanlığa qarşı törədilmiş Xocalı faciəsinin dəhşətlərinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulamışdır.
İran İslam Respublikasının vətəndaşı, “Xoca” filminin prodüsseri Eyyub Daneşvər mərasimdə çıxış edərək Xocalı soyqırımını insanlığa qarşı törədilmiş ən qəddar cinayətlərdən biri kimi dəyərləndirmişdir.
Çıxışlardan sonra Xocalı soyqırımının dəhşətlərindən bəhs edən film nümayiş etdirilmiş, soyqırımı qurbanlarının xatirəsinə ehsan süfrəsi açılmışdır. Mərasim iştirakçılarına Xocalı faciəsindən bəhs edən kitab, jurnal və bukletlər paylanılmış, soyqırımına həsr olunmuş foto­stendə baxış olmuşdur.
Mərasimdə İran İslam Respublikasının Şərqi Azərbaycan Valiliyinin rəsmi şəxsləri, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Xocalı soyqırımı ilə bağlı Baş Konsulluq tərəfindən hazır­lanan məqalə yerli kütləvi informasiya vasitələrində dərc olunmuşdur.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR