23 Dekabr 2024, Bazar ertəsi

Bu respublikanın qurucularından biri də Qənbərəli bəy Bənəniyarski idi

Birinci Dünya müharibəsində vuruşan dövlətlər 1918-ci il oktyabr ayının 30-da Mudros müqaviləsini bağladılar. Bu müqavilənin bağlanması erməni daşnaklarının əl-qolunu açdı. Məlumat üçün qeyd edək ki, hələ Mudros müqaviləsindən əvvəl də daşnaklar Naxçıvanda qanlı qırğınlar törətmişdilər.
Bolşevik hökumətinə arxalanan Stepan Şaumyan Qafqaz işləri üzrə müvəqqəti komissar təyin olunduğundan onun daşnak quldur dostu Andranik Naxçıvana və Zəngəzura hücum etmişdi. Şərur-Dərələyəz və Nax­çıvan qəzalarında qanlı qırğınlar törədən quldur Andranikə qarşı naxçıvanlılar çox qəhrəmanlıqla döyüşmüşlər. Vəziyyətdən asılı olaraq Naxçıvanın və Şərurun, Ordubadın, Mehrinin və digər yerlərin daşnaklardan müdafiə olunması üçün külli-ixtiyar hərbi inzibati komitəyə həvalə olunmuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti hələ yenicə qurulduğundan Naxçıvana və Zəngəzura kömək edə bilmirdi.
1918-ci il iyunun əvvəllərində Türkiyə ordusunun 9-cu və 11-ci diviziyaları İrəvan yaxınlığındakı Uluxanlıdan hərəkət edərək iyunun 11-də Naxçıvana daxil olmuşdur. Türk qoşunları Naxçıvanın könüllü döyüş taborları ilə birlikdə erməni daşnaklarını darmadağın etmişlər.

Bölgəni erməni zülmündən qurtarmaq üçün Naxçıvan Araz-Türk hökuməti təşkil edilmişdir. Qəmərlidəki məsləhətləşmələr zamanı oradakı nümayəndələrin bəziləri məsləhət görmüşdür ki, mərkəz Sürməlidə (indiki İqdırda) olsun. Amma idarəçilik və müdafiə işləri birbaşa Naxçıvanla bağlı olduğundan naxçıvanlı nümayəndələrin tələbi ilə hökumətin mərkəzi Naxçıvan şəhəri elan edilmişdir. Naxçıvanı rəsmi olaraq Cəfərqulu xan Kəngərli-Naxçıvanski idarə edirdi. Onun oğlu III Kalbalı xan Naxçıvan Araz-Türk Respublikasının silahlı qüvvələrinin komandanı olmuşdur. Çünki o, vaxtilə Rusiyada ali təhsil almış hərbçi idi. Naxçıvan bölgəsinin müdafiəsində türklərin burada qoyub getdiyi 300 əsgər və 5 zabit də müdafiədə yerli əhaliyə yaxından kömək etmişlər.
Bir neçə ay fəaliyyət göstərmiş Naxçıvan Araz-Türk Respublikası elə hünərlər göstərmişdi ki, ingilislər bundan çox qorxuya düşmüşdülər. Onlar 1919-cu ilin əvvəllərində Naxçıvanda ingilis general-qubernatorluğu yaratmış və gənc respublikanı süquta uğratmışlar.
Məqamındaca deyək ki, tədqiqatçı alimlər akademik İsmayıl Hacıyev və Aydın Hacıyev yazdıqları monoqrafiyalarda bu məsələlərə aydınlıq gətirmişlər.
Yazılan xatirələrdən və mono­qrafiyalardan məlum olur ki, Naxçıvan Araz-Türk Respublikasını quranlardan biri, orada qeyd edildiyi kimi desək, Maliyyə naziri Qənbərəli bəy Bənəniyarski olub.
Uzun axtarışlardan sonra bu igid həmyerlimiz haqqında hələlikdə azacıq da olsa, məlumat və o dövrü əks etdirən fotoşəkillər əldə etdik.
Qənbərəli bəy Şirəli bəy oğlu Bənəniyarski 1890-cı ildə Naxçıvan yaxınlığındakı Bənəniyar kəndində anadan olmuşdur. Naxçıvan xanlığına aid sənədlərdə onun ulu babaları Bənəniyarlı kimi qeyd olunublar. Naxçıvan, İrəvan və Gəncə gimnaziyalarında təhsil alan Qənbərəli bəy sonralar Rusiyada ali təhsil almışdır. O vaxtın məşhur universitetlərindən birində təhsil alan Qənbərəli bəy Naxçıvana hüquqşünas kimi qayıtmışdır. 28 yaşlı gənc hüquqşünasın harada işləməsi haqqında məlumatımız olmasa da, Naxçıvanın erməni daşnak quldurlarından müdafiə olunmasında döyüşçülər arasında adı tez-tez çəkilir. Hətta tapdığımız bir nadir fotoda o, naxçıvanlı döyüşçülərlə birlikdə səngərdədir.
Qənbərəli bəy gənc olsa da, vətənin ən çətin günlərində yaradılan Naxçıvan Araz-Türk Respublikasında Maliyyə naziri vəzifəsinə təyin olunub.
Xatırlatmaq yerinə düşər: bu respublikanın ərazisi 16 min kvadratkilometrdən çox, əhalisi isə 1 milyon nəfərə yaxın idi. Ərazisində Naxçıvan, Şərur-Dərələyəz, Ordubad qəzaları, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və başqa regionlar yerləşirdi. Parlamenti, polis idarələri və onların şöbələri də yaradılmışdı. Əsas diqqət müdafiə işinə – hərbi quruculuğa yönəldilmişdi. Bütün bu işlərin maliyyə məsələləri gənc hüquqşünas Qənbərəli bəyə tapşırılmışdı.
Öz işinin öhdəsindən bacarıqla gələn Qənbərəli bəy həm də yaxşı döyüşçü idi. Naxçıvan Araz-Türk Respublikasının azacıq bir zaman­da – 3 ayda gördüyü işlər tariximiz üçün böyük faktlar verir.
Azğın düşmənlərə qarşı aparılan mübarizədə oynadığı böyük rolun nəticəsidir ki, respublikanın dəftərxanası ingilislər tərəfindən müsadirə olunub. Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda sovet hökuməti qurulduqdan – 1922-ci ildən sonra Qənbərəli bəy məcburən Bakıya köçmüşdür. İnqilab Komitəsinə rəhbərlik edən bolşeviklər Naxçıvanın ziyalılarını, hərbçilərini həbs edir və gedər-gəlməzə göndərirdilər. Qənbərəli bəy isə Naxçıvanın 1918-1920-ci illərdə siyasi tarixində əsas aparıcı simalarından olduğu üçün daha çox təqib edilir, siyasi idarənin xüsusi şöbəsinə sorğu-suala çağırılırdı. O, milyonçu M.H.Nəsirbəyovun qızı Zəhra xanım ilə ailə qurduğundan Naxçıvandan tez köçməsini tələb etmişlər. Təəssüflər ki, onun 1922-ci ildən sonra Bakıda harada yaşaması və işləməsi haqqında məlumat yoxdur. Amma Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivinin sənədlərində 29 noyabr 1937-ci ildə güllələnməsi haqda məlumat vardır.

Ümidimiz var ki, Odessa, Sankt-Peterburq, Kiyev və Bakı şəhərlərindəki arxivlərdə bu qəhrəman eloğlumuza aid şəxsi qovluqları tapa biləcəyik. Cəmi 47 il ömür sürən və Naxçıvanın erməni daşnak quldurlarından qorunmasında şücaətlər göstərən Qənbərəli bəy Bənəniyarski tariximizin görkəmli şəxsiyyətlərindən biridir.

Musa QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR