23 Dekabr 2024, Bazar ertəsi

Fevralın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatının təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyində “Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı cinayətidir” mövzusunda konfrans keçirilib.
Tədbirdə çıxış edən YAP Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə şəxsi heyəti erməni və rus hərbçilərindən təşkil edilmiş 366-cı motoatıcı alayın üç batalyonu bir neçə saat ərzində 7 min nəfərlik Xocalı şəhərini yerlə-yeksan edib, əhaliyə amansız divan tutub. Nəticədə, 613 nəfər azərbaycanlı öldürülüb ki, bunların 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qoca idi.
“Erməni canilərinin dövlət səviyyəsində həyata keçirdikləri hərbi cinayət olan bu soyqırımı aktı XX əsrdə Çexiyanın Liditse, Belarusun Xatın, Vyetnamın Sonqmi kəndlərində həyata keçirilmiş qırğınlarla müqayisədə daha qanlı cinayət kimi bəşəriyyət tarixinə düşüb”, – deyən YAP Naxçıvan Şəhər Təşkilatının sədri qeyd edib ki, Azərbaycan dövləti Xocalı faciəsinin soyqırımı aktı kimi beynəlxalq aləmdə tanıdılması üçün mühüm addımlar atıb. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı Soyqırımı Günü haqqında” xüsusi qərar qəbul edib. “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın 70-dən çox ölkəsində müxtəlifsəpkili tədbirlər keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il fevralın 13-də “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində dünyanın 8 ölkəsi, bir neçə beynəlxalq təşkilat və ABŞ-ın 15-dək ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Konfrans iştirakçıları Xatirə Muzeyində ermənilərin xalqımıza qarşı törətdikləri deportasiya və soyqırımı tarixinin əks olunduğu eksponatlarla tanış olduqdan sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin binasına gəliblər. Birliyin sədri, YAP Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ülviyyə Həmzəyeva Bəhruz Kəngərli adına Sərgi Salonunda nümayiş etdirilən “Qan yaddaşımız Xocalı” adlı rəsm sərgisi haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonra tədbir iştirakçıları naxçıvanlı rəssamların Xocalı soyqırımı­na həsr olunmuş rəsm əsərlərinə baxıblar.

*  *  *

Fevralın 23-də “Naxçıvan” Universitetində Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar “Xocalı soyqırımı” mövzusunda konfrans keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açıb.
Ali məktəbin İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev çıxışında qeyd edib ki, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları XX əsrin əvvəllərindən başlayıb və bu iddialar soyqırımlarla müşayiət olunub. İstər 1905-1907-ci illərdə, istərsə də 1918-1920-ci illərdə Azərbaycanın əksər bölgələrində – Bakı, Quba, Şamaxı, Lənkəran, İrəvan, Naxçıvan və digər yerlərdə törədilən soyqırımı aktları buna sübutdur.
Vurğulanıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri əvvəlki vandalizm aktlarını davam etdirərək keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birlikdə Xocalıda dəhşətli soyqırımı törədiblər. Xocalı soyqırımı zamanı 613 nəfər dinc sakin, о cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib. Xocalıda 1000 nəfərdən artıq adam, о cümlədən 76 uşaq əlil olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 1275 nəfər girov götürülüb. Bu günədək 150 nəfər Xocalı sakininin taleyi ilə bağlı heç bir məlumat yoxdur.
Universitetin müəllimi Nurlana Əliyeva “Xocalı faciəsi bədii ədəbiyyatda” mövzusunda çıxış edib. Qeyd edilib ki, Xocalı faciəsi bir çox Azərbaycan şairlərinin və yazıçılarının əsərlərində böyük ürək yanğısı ilə təsvir olunur.
“Xocalı faciəsi dünya mətbu­atında” mövzusunda çıxış edən universitetin əməkdaşı Nuray Əsgərova məruzəsində 23 il əvvəl baş vermiş və kifayət qədər ciddi faktların olduğu Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasının əhəmiyyətindən danışıb.
Sonra universitetin tələbələri Xocalı soyqırımı barədə şeirləri bədii qiraət ediblər.
Sonda Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş olunub.

*  *  *

Yeni Azərbaycan Partiyası (YAP) Sədərək Rayon Təşkilatı Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov Xocalı faciəsinin insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biri olduğunu deyib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dinc sakinləri, körpələri, qadınları, qocaları vəhşicəsinə qətlə yetirməsi, bu müdhiş hadisənin səbəb və nəticələri barədə ətraflı danışan təşkilat sədri Xocalı faciəsinə gedən yolun Qaradağlı, Malıbəyli, Quşçular, Meşəli qırğınlarından keçdiyini vurğulayıb.
Qeyd olunub ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqına qarşı və ümumən, insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsi dövlət siyasətinin mühüm istiqamətlərini təşkil edir. Bu uğurlu strateji xətt artıq öz bəhrəsini verməkdədir. Bütün dünya erməni faşizminin iç üzünü görməkdədir. İnanırıq ki, Xocalı da, işğal altındakı digər torpaqlarımız da tezliklə düşmən tapdağından azad ediləcək. Eyni zamanda Xocalı faciəsini törədənlər, dinc əhaliyə divan tutanlar beynəlxalq ictimaiyyət qarşısında cavab verəcəklər.
Anım tədbirində YAP Sədərək Rayon Təşkilatı 1 nömrəli tam orta məktəbi ərazi ilk partiya təşkilatının sədri Gülnarə Hüseynova, YAP Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Əliyeva, partiya fəallarından Məhərrəm Seyidov və Ceyhun Qurbanovun çıxışları olub.
Sonda tədbir iştirakçıları “Xocalı – qan yaddaşımız” adlı sərgiyə baxıblar.

*  *  *

Dünən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında da Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə şuranın sədri Sucaxan Novruzov açaraq Xocalıda həyata keçirilən qətliamın bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirib, beynəlxalq ictimaiyyətin Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməsinin vacibliyini vurğulayıb.
Qeyd edilib ki, biz hamılıqla dünyanın bu faciəyə biganə qalmamasına çalışmalıyıq. Çünki Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı hadisələrindən biridir. Tarixi saxtalaşdırmaqla məşğul olan ermənilər mövcud olmayan, tarixdə baş verməyən qondarma “erməni soyqırımı”nı dünyada təbliğ etməklə özlərini məzlum xalq kimi qələmə verməyə çalışırlar. Amma, əslində, yüz ildən çoxdur ki, özləri xalqımıza qarşı zaman-zaman qətliamlar, soyqırımlar törədiblər. Onların Xocalıda azərbaycanlılara qarşı qəddarcasına törətdikləri soyqırımı isə çox da uzaq olmayan bir dövrdə baş verib və bu soyqırımının canlı şahidləri vardır.
Sonra şuranın əməkdaşlarından Xatirə İbrahimlinin, Ceyhun Məmmədovun, Gözəl Qənbərovanın, Hüseyn Quliyevin və başqalarının çıxışları olub. Çıxışlarda vurğulanıb ki, Ermənistanın bu gün də davam edən hərbi təcavüzü ilə üz-üzə qalmış Azərbaycanın tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bir sıra işlər görülüb. Bu tədbirlərdən “Xocalıya ədalət” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır. “Xocalıya ədalət”, əslində, Azərbaycana ədalət deməkdir. Bu kampaniyaya qoşulmaq isə Vətənini, xalqını sevən hər bir azərbaycanlının borcudur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR