Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi ilə Ağsaqqallar Şurası hərbi-vətənpərvərliklə bağlı Sədərək rayonunda tədbir keçirib. İctimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımov açıb və tədbirin əhəmiyyətindən danışıb.
Sonra Yazıçılar Birliyinin sədri Asim Yadigar çıxış edib. Qeyd olunub ki, muxtar respublikada ordu quruculuğu sahəsində çox böyük işlər həyata keçirilib. Sərhədlərimizi qoruyan, Vətənin keşiyini çəkən hər bir əsgər hiss edir ki, onun arxasında güclü dövlət dayanıb.
Vurğulanıb ki, biz bu gün yurdumuzun alınmaz qeyrət qalası Sədərəkdəyik. Sədərək Naxçıvanın alınmaz qalası olmaqla yanaşı, həm də inkişafı ilə düşmənə gözdağına çevrilən bir diyardır. Ulu öndər Heydər Əliyevin qayğısı ilə yaradılan Heydərabad qəsəbəsi bu gün öz sürətli inkişafı ilə Azərbaycanın, Naxçıvanın intibahının güzgüsünə çevrilib.
Şair-publisist İbrahim Yusifoğlu çıxışında bildirib ki, ordumuzun texnika, silah-sursat baxımından təchizatının gücləndirilməsi Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyevin daimi diqqətindədir. Bu gün hərbi hissələrimiz ən müasir silahlara və döyüş texnikasına malikdir.
Sədərək Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatının sədri Teymur Quliyev çıxışında qeyd edib ki, təşkilatımızın üzvləri “N” hərbi hissənin əsgərləri ilə mütəmadi olaraq görüşlər keçirirlər. Müxtəlif bayramlar, ənənəvi günlər ərəfəsində bu səfərlər daha çox olur.
Bu gün Azərbaycan Ordusu çox güclü bir orduya çevrilib. Bunu bütün görüşlərdə hiss etmək mümkündür. Dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət bunu deməyə əsas verir. Biz müharibə veteranları bunu açıq şəkildə görürük və inanırıq ki, Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir.
Sədərək döyüşlərinin iştirakçısı olmuş tarix üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair-publisist Vaqif Məmmədov qeyd edib ki, 26 ildir, müharibə şəraitində yaşayırıq. 1988-ci ilin fevral ayından başlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi işğalçı ölkənin məkrli niyyəti üzündən hələ də həll olunmamış qalır. Atəşkəs elan olunsa da, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan sülh danışıqlarından hər dəfə yayınır.
Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunub. Bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olub, 4866 nəfər itkin düşüb, 100 min nəfərdən çox soydaşımız yaralanıb.
Sədərək döyüşlərində 108 eloğlumuz şəhidlik zirvəsinə ucalıb. Onlardan 52 nəfəri sədərəklidir. Rayonda 54 şəhid ailəsi və 149 nəfər müharibə əlili yaşayır. Son illər 6 şəhid ailəsi, 6 əlil üçün yaşayış evi tikilib, 60 nəfər müharibə əlilinə isə minik avtomobili verilib.
Sonda şairlərin vətənpərvərliklə bağlı şeirləri dinlənilib. Onların kitablarından nümunələr rayon kitabxanalarına hədiyyə olunub.
Cəfər ƏLİYEV