Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsində ötən ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə idarənin rəisi Vüqar Babayev açaraq məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, hesabat dövründə idarə tərəfindən din-dövlət münasibətlərinin tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, dini icmaların radikal meyillərinin qarşısının alınması, radikal cərəyanlara qarşı müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində bir sıra işlər görülüb.
Ötən il idarə tərəfindən xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərin təşkili, dini təyinatlı ədəbiyyatların yayımının qanunauyğun formada aparılması, kənd məscidlərində dini durumun öyrənilməsi istiqamətində görülmüş işlər, maarifləndirmə tədbirləri barədə tədbir iştirakçılarına məlumat verən idarə rəisi bildirib ki, ötən il avqustun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında multikulturalizm və dini məsələlər üzrə komissiyaların yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncam əsasında komissiya yaradılıb və fəaliyyətə başlayıb.
Qeyd edilib ki, ötən müddətdə komissiya muxtar respublikanın bölgələrində dini vəziyyətin stabilliyinin qorunmasına, “Dini etiqad azadlığı haqqında” Qanunun müddəalarına riayət olunmasına, dini mərasimlərin, o cümlədən yas mərasimlərinin dini qaydalara uyğun keçirilməsinə, eləcə də din xadimlərinin yas yerlərində radikalizm meyillərindən uzaq olmalarına nəzarət edib. Komissiya üzvləri şəhər və rayonlarda radikalizm meyillərinin yayılmasının qarşısının alınması, radikal dini təriqətlərin formalaşdırılmasına imkan verilməməsi sahəsində birgə fəaliyyət göstərib, bu istiqamətdə müxtəlif tədbirlər həyata keçiriblər.
İdarə rəisinin sözlərinə görə, hesabat dövründə Dini Qurumlarla İş üzrə İdarənin əsas hədəfi muxtar respublikada islami dəyərləri olduğu kimi qoruyub saxlamaq, onlardan hansısa siyasi məqsədlər üçün istifadə etməyə cəhd edənlərin qarşısını almaq, milli-mənəvi dəyərlərin qorunması, ənənələrin yaşadılması, dini fəaliyyətin mövcud qanunvericiliyə və İslam dininin qaydalarına uyğun tənzimlənməsindən ibarət olub.
Sonra Naxçıvan Muxtar Respublikasının qazisi Mircəfər Seyidovun çıxışı olub.
* * *
Dünən “Naxçıvanqaz” İstehsalat Birliyində də 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar yığıncaq keçirilib.
Yığıncaqda birliyin direktoru Ramin İsmayılov məruzə ilə çıxış edib. Bildirib ki, muxtar respublikada 1 yanvar 2015-ci il tarixə 84106 abonent təbii qazdan istifadə edir ki, bunun 82352-si əhali, 1754-ü isə qeyri-əhali abonentidir.
2014-cü ildə qazlaşdırma ilə əlaqədar fiziki və hüquqi şəxslərdən daxil olan müraciətlərə əsasən, 1523 abonent təbii qazla təmin edilib. Bundan 1360-ı əhali, 163-ü qeyri-əhali abonentidir.
Qeyd olunub ki, bütün abonentlər üzrə istehlak olunan təbii qazın dəyərinin tam həcmdə toplanmasına nəzarəti gücləndirmək üçün abonentlərə ödəmənin icrasını poçt xidməti, bank xidməti, POS-terminalla ödəmə, internet üzərindən onlayn ödəmə üsulları ilə həyata keçirmək imkanı təklif edilib. Nağdsız ödənişlərin daha kütləvi aparılması üçün “Naxçıvanqaz” İstehsalat Birliyinə 39 ədəd POS-terminal aparatı verilib.
Vurğulanıb ki, muxtar respublikanın şəhər və rayon Qaz İstismarı idarələrinin təsərrüfatlarında, qaz şəbəkəsində istismarda olan müxtəlif diametrli qaz xətlərində dedektor və qazanalizatorlarla yoxlama zamanı ortaya çıxan 11782 ədəd qaz sızması aradan qaldırılaraq qaz itkisinin qarşısı alınıb. Haliyədə bu işlər davam etdirilir.
Muxtar respublikada təbii qaz istehlakçılarının istismara yararsız və ya köhnəlmiş 40782 ədəd qaz sayğacı istismardan çıxarılaraq yeni qaz sayğacları ilə əvəz edilib.
“Naxçıvanqaz” İstehsalat Birliyinin şəhər və rayon qəza dispetçer xidmətlərinə təbii qaz istehlakçıları tərəfindən qaz sızması, qaz xəttinin qırılması, tənzimləyicilərin dayanması və sair haqda 14849 ədəd çağırış daxil olub və bütün çağırışlara vaxtında müdaxilə edilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi