Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 20 fevral tarixli Sərəncamı ilə hər il fevralın 22-si ölkəmizdə avtomobil yol işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Müasir yol-nəqliyyat infrastrukturu dövlətin iqtisadi inkişafının əsas göstəricilərindən biridir. “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyatdır”, – deyən ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə bu sahənin inkişafını daim diqqət mərkəzində saxlamış, avtomobil yollarının bərpası və yenidən qurulması, yeni yol şəbəkələrinin çəkilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Dahi rəhbərin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də bu sahənin inkişafını prioritet istiqamət kimi müəyyənləşdirmişdir. Son illər ölkəmizdə müasir avtomobil yolları çəkilmiş, dövlət başçısının imzaladığı sərəncamlara, qəbul olunan dövlət proqramlarına uyğun olaraq, yol-nəqliyyat infrastrukturunun yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər görülmüşdür.
Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri zamanı yol tikintisinə xüsusi diqqət yetirilir. Son illər muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınmış, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilmiş, yeni körpülər tikilmişdir. Yol tikintisi mürəkkəb prosesdir. Bunun üçün, ilk növbədə, xammal ehtiyatı, müasir emal müəssisələri və güclü maddi-texniki baza tələb olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində muxtar respublikada bu sahədə ardıcıl tədbirlər görülmüş, müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları və bitum anbarları istifadəyə verilmiş, yol təsərrüfatının yenidən qurulmasında əsas amil olan keyfiyyətli asfalt istehsalına nail olunmuşdur. Son illər Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti və onun tabeliyində olan yol istismar idarələrinin maddi-texniki bazası da xeyli möhkəmləndirilmiş, son 5 ildə 29 müxtəliftəyinatlı tikinti texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. Bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikada yol tikintisinin səmərəli təşkilinə şərait yaratmış, müasir mühəndis-texniki tələblərə cavab verən avtomobil yolları inşa olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvanda bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək demişdir: “Harada ki yol tikilir, orada inkişaf vardır. Ona görə də bu gün yol tikintisi Azərbaycanın bütün bölgələrində sürətlə gedir. O cümlədən Naxçıvanda da bu gözəl proseslər sürətlə gedir və həll olunur. Artıq burada yerli şirkətlər vardır ki, bu cür yolları çox keyfiyyətlə tikə bilirlər. Bu, o qədər də asan məsələ deyildir. Yol tikintisi çox böyük peşəkarlıq tələb edir”.
Böyük İpək Yolunun üzərində yerləşən Naxçıvan tarixin bütün dönəmlərində beynəlxalq ticarət əlaqələrinin inkişafına öz töhfəsini vermişdir. Son illər muxtar respublikanın qonşu ölkələrlə iqtisadi əlaqələrinin daha da genişləndirilməsində, beynəlxalq yük və sərnişindaşımalarında əhəmiyyətli rol oynayan magistral yollar yenidən qurulmuşdur. Belə ki, 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 34 kilometrlik Naxçıvan-Culfa və 88,8 kilometrlik Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolları yenidən qurularaq istifadəyə verilmişdir. Ötən müddət ərzində ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq, uzunluğu 39 kilometr olan Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi, 57 kilometrlik Çeşməbasar-Boyəhməd və 26 kilometrlik Hacıvar-Vayxır-Sirab avtomobil yolları yenidən qurularaq istismara verilmişdir. Hazırda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun tikintisi davam etdirilir.
Muxtar respublikada magistral yollarla yanaşı, yerli əhəmiyyətli yolların yenidən qurulması da diqqət mərkəzində saxlanılır. Xüsusilə son illər ən ucqar dağ və sərhəd kəndlərinin yol infrastrukturunun tamamilə müasirləşdirilməsi yaşayış məntəqələri arasında avtomobillərin təhlükəsiz və rahat hərəkətinin, eləcə də kəndlərin turizm potensialının artmasına və iqtisadiyyatın inkişafına səbəb olmuşdur. Son 5 ildə muxtar respublikada 573 kilometr uzunluğunda yollar yenidən qurulmuş, ümumi uzunluğu 349 paqonometr olan 23 yeni körpü inşa olunmuşdur.
Bu gün rayon mərkəzləri və kəndlərlə yanaşı, paytaxt Naxçıvan şəhərinin yolları da yenidən qurulur. Son illər şəhərin yol infrastrukturunun kompleks inkişafına hesablanmış çoxsaylı layihələr reallaşdırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a uyğun olaraq, paytaxtın yol-nəqliyyat infrastrukturu yenidən qurulur, şəhərin məhəllə və küçələrini əhatə edən müasir yol şəbəkəsi salınır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Yol tikintisi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin və vətəndaşlarına göstərdiyi qayğının təzahürüdür”. Bu sahədə reallaşdırılan layihələrin əsas hədəfi muxtar respublikanın sosial-iqtisadi inkişafını təmin etməkdir. Bütün bu işlərdə isə avtomobil yol işçilərinin üzərinə mühüm vəzifələr düşür.
Bu gün peşə bayramını qeyd edən Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətinin kollektivi mövcud imkanlardan səmərəli istifadə edərək bundan sonra da muxtar respublikanın yol-nəqliyyat infrastrukturunun inkişafına öz töhfələrini verəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Avtomobil Yolları Dövlət Şirkətinin mətbuat xidməti