23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş konfrans keçirilib. Konfransda çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını qorumaq, onunla qürur duymaq, onu inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Rektor qeyd edib ki, bu gün dilimizin dövlət statuslu dillər sırasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”, – deyən ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq.

Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının dosenti Mehriban Quliyevanın “Beynəlxalq Ana Dili Gününün təsisi”, həmin kafedranın müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Elbəyi Maqsudovun “Ana dili müstəqillik illərində” mövzularında məruzələri dinlənilib. Məruzələrdə vurğulanıb ki, ölkə­mizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Mina QASIMOVA

*   *   *

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Dilim zəngin xəzinəmdir” mövzusunda IV muxtar respublika şeir müsabiqəsi keçirilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Rəşad Kərimov, Təhsil Nazirliyinin şöbə müdiri Firudin Zamanov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elxan Yurdoğlu çıxış edərək bu günün qeyd edilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Azərbaycan dilinin inkişafı sahəsində atılan ən mühüm addım ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində 1978-ci ildə ölkənin Əsas Qanununda Azərbaycan dilinin dövlət dili kimi təsbiti idi. Xalqımızın əsas milli dəyərlərindən biri olan ana dilinin sonrakı dövrlərdə də qorunması və inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər görülüb, qanunvericilik bazası möhkəmləndirilib.
“Dilim zəngin xəzinəmdir” mövzusunda IV muxtar respublika şeir müsabiqəsində 13 şagird və kursant şeir qiraət edib. Müsabiqədə Babək rayon Qoşadizə kənd tam orta məktəbinin şagirdi Gül­ən­­­bər Nuriyeva I yerin qalibi olub. Şərur rayon Vərməziyar kənd tam orta məktəbinin şagirdi Həsən Həsənli və Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Səma Xəlilli II yerə, Heydər Əliyev adına Hərbi Liseyin kursan­­tı Muxtar Xudiyev, Heydər Əliyev adına tam orta məktəbin şagirdi Ruslan Babayev və Sədərək rayon Sədərək kənd 2 nömrəli tam orta məktəbin şagirdi Nurşən Məmişova III yerə layiq görülüblər.
Sonda qaliblər və həvəsləndirici yerlərə layiq görülənlər təşkilatçılar tərəfin­­dən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR