Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib. İclası nazir Mirsənani Seyidov açaraq məruzə ilə çıxış edib. Qeyd olunub ki, 2014-cü ildə nəqliyyat-yol kompleksinin fəaliyyəti üçün kompleks quruculuq işləri görülüb, maddi-texniki baza gücləndirilib.
Muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilib, fəaliyyətdə olan 123 marşrut xəttində 299 ədəd avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilib, sərhəd və ucqar dağ kəndlərinə işləyən marşrut avtobuslarının hərəkətinə nəzarət artırılıb.
Naxçıvan şəhərində şəhərdaxili nəqliyyatda fəaliyyət göstərən 6 marşrutda 37 ədəd “King-Long”, 5 ədəd “Liaz” markalı avtobuslar işləyir ki, bunların da hamısı beynəlxalq standartlara cavab verir. 7 və 8 nömrəli marşrutlar isə şəhərətrafı yaşayış məntəqələri ilə Naxçıvan şəhəri arasındakı əlaqənin davamlılığına xidmət edir.
Qeyd olunub ki, Naxçıvan-Bakı marşrutu üzrə işləyən avtobusların fəaliyyəti daim diqqət mərkəzində saxlanılır. Bu marşrutda sərnişinlərə xidmətin səviyyəsinin yüksəldilməsi üçün 2 ədəd “Mersedes Benz-Traveqo” markalı avtobus alınaraq 2014-cü ilin yanvar ayından xəttə salınıb. Həmin marşrutda həmçinin “M-Trans” şirkətinə və İran İslam Respublikasının “Didari Seyri-Giti” şirkətinə məxsus avtobuslar fəaliyyət göstərir. 2014-cü il ərzində bu avtobuslarla Naxçıvandan Bakıya 1365 reys edilib, 52 min 108 nəfər sərnişin daşınıb. Bakıdan Naxçıvana isə 46 min 371 nəfər sərnişin səfər edib.
Yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin avtonəqliyyat vasitələrinə baxış keçirilib, yükdaşımalarda təhlükəsizlik tədbirləri haqqında həmin sürücülərlə profilaktik söhbətlər aparılıb, 1814 yük maşınına “İcazə blankı” verilib.
2014-cü il ərzində 300 nəfər fiziki və hüquqi şəxs lisenziyaya cəlb edilib, 498 nəqliyyat vasitəsinə lisenziya kartları, vergiyə cəlb olunmuş 13 min 495 avtonəqliyyat vasitəsinə fərqlənmə nişanı verilib. Fərqlənmə nişanı verilmiş avtonəqliyyat vasitələri tərəfindən dövlət büdcəsinə 226 min 796 manat vergi ödənilib.
Lisenziya almış avtomaşınların texniki müayinədən keçirilməsindən əldə olunmuş 49684,80 manat vəsait nazirliyin xüsusi hesabına, lisenziya rüsumu olaraq toplanmış 45 min manat vəsait isə büdcəyə köçürülüb.
Naxçıvan Şəhər Nəqliyyat İdarəsində 2014-cü il ərzində müqavilə xidmət haqqı olaraq, 421 min 784 manat vəsait toplanıb idarənin hesabına köçürülüb.
Bildirilib ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə 2014-cü il ərzində 91 min 437 ton yük, 133 min 942 nəfər sərnişin daşınaraq 23071,40 manat gəlir əldə edilib.
“Naxçıvan Muxtar Respublikası üçün hava nəqliyyatı mühüm əhəmiyyət daşıyır. Aprel ayında yeni inzibati binanın istifadəyə verilməsi muxtar respublika rəhbərinin bu sahəyə göstərdiyi diqqətin daha bir nümunəsi oldu və aviasiya sahəsində aparılacaq işlərin perspektiv planları üçün möhkəm zəmin yaratdı”, – deyən nazir əlavə edib ki, 2014-cü il ərzində Naxçıvan-Bakı reysi ilə 257 min 614 nəfər sərnişin, 3 milyon 566 min 452 kiloqram baqaj, 514 min 525 kiloqram kommersiyatipli yük, 86 min 621 kiloqram poçt yükü daşınıb.
Naxçıvan-Moskva reysi ilə 4179 nəfər, Naxçıvan-Gəncə reysi ilə 9717 nəfər, Naxçıvan-İstanbul reysi ilə 5122 nəfər sərnişin daşınıb.
Ötən il “Naxavtoyol” Dövlət Şirkəti və onun tabeliyində olan Yol İstismar idarələrinin maddi-texniki bazası möhkəmləndirilib, şirkətin gəliri hesabına 3 ədəd özüyükboşaldan avtomaşın, 1 ədəd yükləyici ekskavator, 2 ədəd ekskavator və 1 ədəd qartəmizləyən maşın alınaraq istifadəyə verilib. “Naxavtoyol” Dövlət Şirkətinin xidmət etdiyi 1473 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yollarında hərəkətin intensivliyi təmin edilib.
Məruzə ətrafında “Naxçıvan Dəmir Yolları” MMC-nin direktoru Mahir Əliyevin, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədlinin, “Naxavtoyol” Dövlət Şirkətinin sektor müdiri Talıb Babayevin çıxışları olub.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış edib.
* * *
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 2014-cü ildə öz işini təsdiq olunmuş tədbirlər planına uyğun quraraq gənclər arasında bədən tərbiyəsinin kütləviliyinə nail olunması üçün məqsədyönlü tədbirlər həyata keçirib, idman və gənclər sahəsində əsaslı dönüş yaradılmasına çalışıb. Ümumilikdə, 2014-cü ildə nazirlik tərəfindən dövlət gənclər siyasəti və idman sahəsində 210 tədbir icra edilib ki, bunlardan 128-i gənclərlə iş, 82-si isə kütləvi bədən tərbiyəsi və idman sahələrini əhatə edib.
Bu fikirləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollegiya iclasında nazir Azad Cabbarov səsləndirib. Qeyd olunub ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər və idman siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikada da gənclərlə iş və idman sahələrinə göstərilən xüsusi diqqət və qayğı ən yüksək səviyyədədir. Dövlət gənclər və idman siyasəti muxtar respublikamızda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə uğurla həyata keçirilir. 2014-cü il muxtar respublikamız üçün istər dövlət gənclər siyasəti, istərsə də idman və bədən tərbiyəsi sahələrində bir çox ölkə və beynəlxalq səviyyəli tədbirlərdə uğurlu çıxışlarla yaddaqalan olub.
Naxçıvan Muxtar Respublikasında təşkil edilən tədbirlər barədə də danışan Azad Cabbarov bildirib ki, 2014-cü ildə muxtar respublikamız 3 beynəlxalq yarışa – ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə “Naxçıvan Kuboku” uğrunda beynəlxalq yarışa, “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalına, qolbol paralimpiya üzrə beynəlxalq turnirə, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş ağırlıqqaldırma üzrə veteranlar arasında “Dünya Kuboku” uğrunda yarışa ev sahibliyi edib. İl ərzində muxtar respublikanın şəhər, rayon, qəsəbə və kənd komandaları arasında müxtəlif idman növləri üzrə birinciliklər, turnirlər, yoldaşlıq görüşləri keçirilib, muxtar respublikaya tanınmış məşqçilər dəvət edilib, yerli məşqçilərin təlimlərdə iştirakı təmin olunub, karate, futbol, şahmat və digər idman növləri üzrə təlim-məşq toplanışları keçirilib.
Vurğulanıb ki, bu gün muxtar respublikada, ümumilikdə, 38 min 586 nəfər yeniyetmə və gənc idmanla məşğul olur. 2014-cü il ərzində ayrı-ayrı növlər üzrə gənc idmançılarımızın respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilib, idmançılarımız dünya çempionatlarında 2, Avropa çempionatında 3, beynəlxalq turnirlərdə 16, Azərbaycan birinciliklərində isə 56 medal qazanıblar.
2015-ci ildə qarşıda duran vəzifələrdən də geniş bəhs olunduğu kollegiya iclasında qarşıdakı dövrdə ən vacib tədbirlərdən birinin bu il ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarında muxtar respublika idmançılarının iştirakı, muxtar respublikada keçiriləcək Məşəl Festivalı üçün ciddi hazırlıq işlərinin görülməsindən ibarət olduğu bildirilib.
Sonra Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimovun, Gənclərlə iş şöbəsinin baş məsləhətçisi Nicat Babayevin, Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümid Həsənlinin, Kəngərli Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynovun çıxışları olub.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov yekun vurub.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində də 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Kollegiya iclasında komitənin sədri Valeh Vəliyev çıxış edərək bildirib ki, 2014-cü il ərzində muxtar respublikanın Şərur, Sədərək və Kəngərli rayonlarında yerli icra orqanları, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə görüşlər keçirilib, onlara “Əkin atlası”ndan istifadə qaydaları, eyni zamanda torpaqların münbitliyinin qorunması və artırılması, müasir əkin üsullarının və texnologiyalarının əhəmiyyəti barədə ətraflı məlumatlar verilib.
Qeyd olunub ki, muxtar respublikanın Sədərək, Şərur, Kəngərli, Culfa, Ordubad, Babək rayonlarının və Naxçıvan şəhərinin ərazisində olan eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqlar komitənin mütəxəssisləri tərəfindən naturada müəyyən edilib. Həmin ərazilər plana alınıb, ərazilərin eksplikasiyası tərtib olunub və xəritələşdirilib. Vurğulanıb ki, muxtar respublika üzrə şoranlaşmaqda olan əkin sahələri 1698 hektar, qrunt sularının üzə çıxması nəticəsində çəmənləşən əkin sahələri 5635 hektar, şoranlaşan örüş sahələri isə 2434 hektardır. Şoranlaşmaqda olan 1698 hektar əkin sahəsinin 806 hektarı Sədərək, 187 hektarı Şərur, 124 hektarı Kəngərli, 66 hektarı Culfa, 94 hektarı Babək rayonlarının, 421 hektarı isə Naxçıvan şəhərinin ərazisindədir. Çəmənləşən 5635 hektar əkin sahəsinin 112 hektarı Sədərək, 3073 hektarı Şərur, 1117 hektarı Kəngərli, 572 hektarı Culfa, 34 hektarı Ordubad, 690 hektarı Babək rayonlarının, 37 hektarı isə Naxçıvan şəhərinin ərazisindədir. 2434 hektar şoranlaşan örüş sahələrinin 2301 hektarı Sədərək, 133 hektarı isə Şərur rayonlarının ərazisindədir. Şərur rayonunun Alışar kəndində 24 hektar, Babək rayonunun Güznüt kəndində isə 49 hektar həyətyanı torpaq sahəsində qrunt sularının üzə çıxması müşahidə olunmaqdadır.
Komitə sədrinin sözlərinə görə, istifadə olunmayan əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə qatılması məqsədilə muxtar respublikanın Şərur, Culfa və Kəngərli rayonları üzrə əkinəyararlı torpaq sahələrinin kəmiyyətcə uçotu dəqiqləşdirilib, Şərur rayonu üzrə 1328,5 hektar, Kəngərli rayonu üzrə 1771,1 hektar, Culfa rayonu üzrə isə 1443,6 hektar əkinəyararlı torpaq sahəsinin torpaq islahatı zamanı mülkiyyətə verilmədiyi müəyyən olunub.
Muxtar respublika ərazisində suvarılan torpaq sahələrinin artırılması istiqamətində xeyli işlər görülüb. Suvarılan torpaq sahələrinin genişləndirilməsi və su təminatının yaxşılaşdırılması məqsədilə Kəngərli rayonunun Böyükdüz ərazisində əkilməyən 500 hektar torpaq sahəsinə yeni suvarma xətti çəkilib. Uzunoba Su Anbarından çəkilən suvarma xətti vasitəsilə suvarıla biləcək əkin sahələrinin mütəxəssislərimiz tərəfindən topoqrafik planları hazırlanıb, torpaq sahələrinin eksplikasiyası tərtib edilərək aidiyyəti orqanlara təhvil verilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində 2014-cü ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
İclası giriş sözü ilə idarənin rəisi Fazil İbrahimov açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, idarənin 2014-cü il üçün təsdiq olunmuş iş planına əsasən, Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında illik hesabata rəy hazırlanıb. Naxçıvan Muxtar Respublikası büdcəsinin xərclərinə maliyyə-büdcə nəzarəti tədbirləri çərçivəsində idarə tərəfindən 10 müəssisə, idarə və təşkilatlar üzrə təhlil işləri və 10 müəssisə, idarə və təşkilatlarda audit yoxlamaları aparılıb.
Qeyd olunub ki, idarə tərəfindən 10 təşkilat üzrə aparılan analitik təhlillər zamanı maliyyə hesabatlarının düzgün doldurulmadığı müəyyən edilib. Aparılan audit tədbirləri nəticəsində 1 təşkilatda 1 nəfərin əməkhaqqından 185,02 manat az gəlir vergisi tutulduğu, 1 təşkilatda 1 nəfərə tarif səhvinə görə 37,95 manat, 1 təşkilatda isə 1 nəfərə 78 manat ezamiyyə xərcinin artıq ödənildiyi müəyyən edilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin fəaliyyətini daha da yaxşılaşdırmaq üçün ötən il də kompleks tədbirlər davam etdirilib. Şərur, Babək, Şahbuz, Sədərək rayonlarında və Naxçıvan şəhərində baytarlıq idarə və laboratoriyaları müasir avadanlıqlarla təmin olunub.
Dövlət Baytarlıq Xidmətinin 2014-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında çıxış edən xidmətin rəisi Əbil Əbilov onu da qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası ilə bağlı qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb.
Xidmət rəisi bildirib ki, mal-qaranın cins tərkibinin dəyişdirilməsi üçün son illər süni mayalanma işinin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilib, ötən il 7559 baş inək və düyə süni mayalandırılaraq 6555 baş sağlam buzov alınıb. Bəhs olunan dövrdə 471 min 165 baş helmintoloji müayinə aparılıb. Baytar sanitar-ekspertiza və bakterioloji laboratoriyalarda 9792 heyvan nümunəsi infeksion xəstəliklərə görə bakterioskopik müayinədən keçirilib.
Dövlətimiz tərəfindən bu sahədə çalışan mütəxəssislərə yaradılmış şərait, xidmətin tabeliyində olan qurumların maddi-texniki bazasının gücləndirilməsi hesabına muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında saxlanılan heyvanlarda heç bir xəstəlik qeydə alınmayıb. Bu səbəbdəndir ki, ötən il muxtar respublikada iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların baş sayı artıb.
Əbil Əbilov qarşıda duran vəzifələrdən də danışıb. Bildirib ki, 2015-ci ildə epizootiya əleyhinə mübarizə və müalicə-profilaktika planında nəzərdə tutulmuş tədbirlər vaxtında və keyfiyyətlə icra olunmalı, heyvanların yoluxan və yoluxmayan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi vaxtında həyata keçirilməlidir.
Məruzə ətrafında müzakirələrdə xidmətin əməkdaşlarından Şəmsəddin Nağıyevin, Mehdi Əliyevin və başqalarının çıxışları olub.
Xəbərlər şöbəsi