23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasını nazir Xalid İsgəndərov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı bir daha makroiqtisadi dayanıqlılıq və yüksək artım potensialını nümayiş etdirib. Bəhs olunan dövrdə muxtar respublikanın iqtisadiyyatında qazanılan uğurlar dövlət büdcəsinin gəlirlərinə də öz təsirini göstərib. Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2014-cü ildə bütün mənbələr hesabına 66 milyon 800 min manat proqnoza qarşı 74 milyon 84 min 717 manat vəsait daxil olub, tapşırıq 110,9 faiz icra edilib. Bu, nəzərdə tutulan məbləğdən 7 milyon 284 min 717 manat, 2013-cü illə müqayisədə isə 14,2 faiz, yaxud 9 milyon 227 min 94 manat çoxdur.

“Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 2014-cü ildə 447 milyon 333 min 874 manat dürüst təyinata qarşı 444 milyon 430 min 384 manat və ya 99,4 faiz icra olunub”, – deyən nazir kollegiya iştirakçılarının nəzərinə çatdırıb ki, 2014-cü il ərzində Maliyyə Nazirliyi tərəfindən aparılan təftiş və yoxlamalarda səhv hesablama və tarif səhvi nəticəsində 39 min 458 manat əməkhaqqının artıq ödənilməsi, 8 min 562 manat dəyərində mal-materialın və yanacağın normadan artıq silinməsi, maddi-məsul şəxslərin üzərində olan 436 manat dəyərində kassa, dərman, ərzaq və mal-materialın kəsir gəlməsi faktı qeydə alınıb. Bu nöqsanların aradan qaldırılması üçün tədbirlər görülərək cəmi 48 min 456 manat məbləğində qanunsuz sərf olunmuş vəsaitin dövlət büdcəsinə bərpa edilməsi təmin edilib.
2014-cü ildə muxtar respublikanın müəssisə və təşkilatlarında aparılan reydlər zamanı əmək intizamının pozulmasına görə, ümumilikdə, 285 nəfər işçidən 4 min 650 manat vəsait tutularaq dövlət büdcəsinə bərpa edilib. Aparılan reydlər zamanı davamlı olaraq işə çıxmadıqlarına görə 26 nəfər işdən azad olunub. Bəhs olunan dövrdə muxtar respublikanın təhsil və mədəniyyət müəssisələrində tarifləşmə cədvəllərinin düzgün işlənməməsi və artıq ştat saxlanılmasına görə 21 min 458 manat məbləğində artıq əməkhaqqı ödənilib. Qanunsuz olaraq ödənilmiş bu vəsaitin 20 min 390 manatı büdcəyə bərpa olunub, bundan sonra ödənişi dayandırılıb, qalan 1068 manatın büdcəyə bərpası ilə bağlı işlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsi proqnozunda xərclər 366 milyon 700 min manat müəyyənləşdirilib. Bu da 2014-cü ilin proqnozuna nisbətən 16 milyon 200 min manat və ya 4,6 faiz çoxdur.
Qeyd olunub ki, 2015-ci il dövlət büdcəsinin xərclərinin 81,9 faizi və ya 300 milyon 181 min 803 manatının cari xərclərə, 18,1 faizi və ya 66 milyon 518 min 197 manatının əsaslı xərclərə yönəldilməsi müəyyənləşdirilib. 2014-cü il proqnozu ilə müqayisədə cari xərclərə 12 milyon 469 min 542 manat və ya 4,3 faiz, əsaslı xərclərə isə 3 milyon 730 min 458 manat və ya 5,9 faiz artıq vəsait proqnozlaşdırılıb.
Məruzə ətrafında müzakirələrdə rayon, şəhər maliyyə şöbələri müdirlərinin çıxışları olub. Nazirliyin Maliyyə nəzarəti və təftiş şöbəsinin müdiri Rəsul Rəsulov Culfa və Şərur rayonlarının yerli gəlir və xərclərinin müvafiq dövrə olan icrasının təftişinin nəticələri barədə məlumat verib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR