Ermənilər müntəzəm olaraq soyqırımına məruz qaldıqlarını iddia etməkdə və hər il aprel ayının 24-də bu məsələni bütün dünya ölkələrinin, xüsusilə də böyük dövlətlərin parlamentlərinin gündəminə gətirməkdədirlər. Lakin tarixi faktlar sübut edir ki, ermənilər heç bir zaman soyqırımına məruz qalmamış, əksinə, zaman-zaman dəhşətli soyqırımlar törətmişlər.
XX əsrin əvvəllərində olduğu kimi, sonlarında da belə bir cinayətə əl atdılar. Bu cinayətlərin görünməyən məqamlarını “böyük Ermənistan” ideologiyası və onun tərkib hissəsi olan Hai-Taht doktrinasında axtarmaq lazımdır. Həmin doktrinaya görə, erməni milli maraqlarının həyata keçirilməsi üçün inqilab, silahlı mübarizələr, terror, cinayət və qırğınların törədilməsi zəruridir. Radikal erməni qrupları istər Türkiyə, istərsə də Azərbaycan türklərinə qarşı müəyyən etdikləri hədəf və məqsədlərini həyata keçirmək üçün hər vasitədən – terror, şiddət, işgəncə – istifadə etməyi vacib sayırlar.
Erməni milli psixologiyasına görə, əgər terrordan daha şiddətli bir metod olsa, ermənilər ona da baş vurmalıdırlar. Bu vəziyyət ermənilər arasındakı nifrətin nə qədər güclü bir məqama çatdığını ortaya qoyur. Məhz həmin psixologiyanın təsiridir ki, ermənilər Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağı və ətraf rayonları işğal etmiş, Azərbaycan türklərinə qarşı Qaradağlı, Xocalı faciələri kimi qanlı cinayətlər törətmişlər. Bu cinayətlər XX əsrdə günahsız əhaliyə qarşı törədilən terrorizmin ən dəhşətlilərindəndir.
Qaradağlı cinayəti 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən soyqırımıdır. Bu soyqırımını ikinci Xocalı da adlandırırlar. Belə ki, bu kənd sakinlərindən 104 nəfəri girov götürüldükdən sonra qoca və cavanlar ayrı-ayrı maşınlara doldurularaq yolboyu kəndlərdə düşürülmüş və ən qəddar üsullarla qətlə yetirilmişlər. Hətta kənd sakinlərinə də müraciət olunub ki, kim azərbaycanlı öldürmək istəyirsə, gəlib istədiyi girovu öldürə bilər. Beləliklə, ermənilər girov götürülənlərdən 67 nəfəri öldürdükdən sonra onları qazdıqları quyuya doldurmuşlar. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün həyatına məcbur edilib.
Beləliklə, fevral ayının 17-də Qaradağlı soyqırımının törədilməsi ilə Xocalıya gedən yol tamamilə açıldı. Qaradağlı soyqırımı ilə kifayətlənməyən ermənilər Xocalıda daha amansız qətllər törətdilər. Şübhəsiz ki, bu faciə zamanı törədilən vəhşilikləri sözlə təsvir etmək mümkün deyil.
Ermənilərin Xocalıda törətdikləri soyqırımı, dinc əhalinin, qocaların, qadınların, uşaqların xüsusi qəddarlıqla öldürülməsi Azərbaycan xalqına qarşı son dərəcə düşünülmüş psixoloji bir zərbədir. Əsas məqsəd bütün Azərbaycan xalqında kollektiv sarsıntı yarada bilmək, əhalidə ermənilərin “qorxu, təhlükə mənbəyi” imicini formalaşdırmaq idi. Dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilmələrində bir sıra məqsədlər də güdülmüşdür: azərbaycanlılar arasında təşvişin yaradılması, ermənilərin hücumlarına müqavimətin zəifləməsi, cəmiyyətin iflic vəziyyətinə salınması, mümkün qədər çox ərazilərin işğal edilməsi.
Əldə olan faktlar onu deməyə imkan verir ki, Azərbaycan tarixinin ən ağrılı və acılı səhifələrindən olan Qaradağlı və Xocalı faciələri mübahisəsiz bir soyqırımıdır. Günümüzdə hər hansı bir faciənin soyqırımı olaraq tərif edilməsi üçün saylara diqqət çəkilməkdə və əgər yüz minlərlə insan məhv edilərsə, bunun soyqırımı olaraq xarakterizə oluna biləcəyi düşünülməkdədir. Bir gecədə 613 insanın qətl edildiyi Xocalı faciəsi bütün dünyada soyqırımı kimi tanınmalıdır. Çünki 9 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul edilən “Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Sözləşməsi”ndəki tərifdə müəyyənedici meyar say deyil, millət, din, soy, ya da irq kimi xüsusiyyətlər üzərində qurulan bir qrupun sistematik və məqsədli olaraq tamamilə ya da qismən məhv edilməsi planıdır. Ermənilərin Xocalıda törətdikləri cinayətlər BMT tərəfindən qəbul edilən bu sözləşmənin ikinci maddəsi ilə üst-üstə düşür. Bu maddənin bəndlərində göstərilir:
1. Əlaqədar qrup üzvlərinin (milli, etnik və dini olaraq) öldürülməsi
2. Əlaqədar qrup üzvlərinin ruhi və fiziki səhhətlərinə zərər verilməsi
3. Əlaqədar qrup üzvlərinin fiziki varlıqlarının ortadan qaldırılması.
Məhz bu baxımdan ermənilərin Xocalıda törətdikləri vəhşiliklər insanların (qrupun) planlı və sistematik olaraq məhv edilməsinə istiqamətlənmiş cinayətlərin təzahürləridir. Ermənistan 1993-cü ildən BMT-nin “Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Sözləşməsi”ni imzaladığı üçün bu nizamnamə qarşısında məsuliyyət daşıyır. BMT-nin soyqırımı sözləşməsinin 3-cü və 4-cü maddələrinə uyğun olaraq, soyqırımına rəvac verən hərəkətlərdən birini belə həyata keçirən, gerçəkləşdirilməsi üçün razılığa gələn, ictimaiyyətə istiqamətlənmiş bu cür hərəkət və fəaliyyətləri qızışdıran, təşviq edən, eyni zamanda bu fəaliyyətləri əvvəlcədən planlaşdıran və hədəfləyən, istər icraçı, istərsə də rəsmi və ya qeyri-rəsmi şəxs olaraq cinayətlərdə iştirakı təsdiqlənən hər kəsin cəzalandırılması vacibdir.
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycanda son illərdə çox işlər görülüb. Lakin səylər daha da artırılmalıdır. Ermənilərin “quzu cildinə girmiş canavar” obrazını ifşa etmək üçün üzərimizə böyük məsuliyyət düşür. Azərbaycanın erməni saxtakarlığı və cinayətləri ilə bağlı qarşılaşdığı problemlər açıqca ortaya qoymuşdur ki, yeni strategiyaların müəyyən edilməsi və gücləndirilməsi qaçılmazdır. Bu mübarizədə uğurlar əldə etməyin başlıca yolu isə psixoloji müharibəyə daha yaxşı hazırlaşmaq və bunu qarşı tərəfə qəbul etdirə bilməkdir.
Emin ŞIXƏLİYEV
tarix üzrə fəlsəfə doktoru, dosent