22 Dekabr 2024, Bazar

Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatı Aralıq kəndində Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirmişdir. Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev bildirmişdir ki, Xocalı soyqırımı insanlıq tarixində bəşəriyyət əleyhinə törədilmiş ən amansız və qanlı faciələrdən biridir. Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Xocalı şəhərinin sakinləri bir neçə ay ermənilərin mühasirəsində qalaraq böyük əzab və məhrumiyyətlə yaşamışlar. Fevralın 25-dən 26-na keçən gecə isə erməni quldurları keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının köməyilə gözlənilmədən şəhərə hücuma keçmiş, 7 min nəfər əhalisi olan şəhəri yerlə-yeksan etmişlər. Qarlı-boranlı qış gecəsində dinc şəhər sakinlərinə amansız divan tutulmuş, günahsız insanlara qarşı ağlasığmaz qəddarlıq törədilmişdir.

Bildirilmişdir ki, Xocalıda törədilmiş qətliam ermənilərin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı nifrət ruhunda kökləndiyini, bəşəriyyətə qarşı hər cür amansız cinayət törətməyə hazır olduqlarını göstərir. Dinc sakinlərə qarşı törədilmiş bu qırğın beynəlxalq hüquqi sənədlərdə soyqırımı cinayəti kimi qiymətləndirilsə də, beynəlxalq ictimaiyyət bu faciəni soyqırımı kimi tanımamışdır.
O da vurğulanmışdır ki, respublikanın o zamankı rəhbərliyi XX əsrin ən dəhşətli cinayətlərindən olan bu hadisənin qarşısını almaq üçün heç bir tədbir görməmiş, faciəyə hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmişdir.
Yeni Azərbaycan Partiyası fəallarından Vasif Kazımovun, Musa Muxtarovun, Zahir Maqsudovun və Mahir Məmmədovun çıxışlarında bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur. Ermənilərin təcavüzkar siyasəti barədə dünya ictimaiyyətinə həqiqətlərin çatdırılması istiqamətində işlər davam etdirilir.

Xəbərlər şöbəsi

*    *    *

Yeni Azərbaycan Partiyasının Sədərək rayon təşkilatı da Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilmiş tədbir keçirmişdir. Mərasim iştirakçıları əvvəlcə rayon Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımına həsr olunmuş sərgiyə baxmışlar.
Sədərək Kənd Mərkəzində davam etdirilən tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Mərasimi giriş sözü ilə Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov açmışdır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımının iyirminci əsrin ən dəhşətli və qəddar faciələrindən biri olduğunu, Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi faciələrlə bir sırada dayandığını vurğulayan natiq tədbir iştirakçılarının nəzərinə çatdırmışdır ki, cinayətkar erməni hərbi birləşmələrinin vəhşicəsinə həyata keçirdiyi soyqırımı nəticəsində Xocalı sakinlərindən 613 nəfəri şəhid, 487 nəfəri şikəst olmuşdur. 1275 nəfər, o cümlədən qocalar, uşaqlar və qadınlar əsir götürülərək ağlasığmaz zülmə məruz qalmışlar.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri onu da xüsusi vurğulamışdır ki, Azərbaycanın o zamankı rəhbərləri Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq üçün özündə cəsarət tapmamış, faciəyə siyasi-hüquqi qiymət verilməsinə səy göstərməmişdir. Yalnız ümummilli liderimiz Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmişdir.
Yeni Azərbaycan Partiyası fəallarından Teymur Quliyev, Elmira Dadaşova, Həsən Rzayev, Vüsalə Əliyeva və Elxan Rəhimli çıxışlarında Xocalı soyqırımının başvermə səbəblərindən, bu faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində son illər Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərdən danışmışlar.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR