Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə açan komissiyanın sədri Etibar Musayev 2014-cü ildə görülən işlərdən danışıb. Qeyd olunub ki, 2014-cü ildə komissiya tərəfindən etik davranış qaydalarına riayət edilməsi və dövlət orqanlarının kadr qurumlarının işinin gücləndirilməsi məqsədilə aprel, may, iyun və iyul ayları ərzində dövlət orqanlarında maarifləndirici seminarlar keçirilib. Seminarlarda “Etik davranış qaydaları haqqında” Qanunun tələbləri, dövlət qulluqçularının şəxsi işinin və onların reyestrinin aparılması qaydalarından bəhs edilib.
Komissiya tərəfindən 2014-cü il mart, sentyabr aylarında vakant dövlət qulluğu vəzifələrinin tutulması, mart, aprel, iyul, sentyabr və dekabr aylarında müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında, Fövqəladə Hallar Nazirliyində, prokurorluq və vergi orqanlarında vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqələrin test imtahanları mərhələləri keçirilib.
Komissiya sədrinin sözlərinə görə, komissiyada test mərkəzinin yaradılması və imtahanların elektron formada obyektiv və şəffaf şəraitdə keçirilməsi üçün əlavə tədbirlərin görülməsi müxtəlif sahələrə aid olan imtahan proseslərinin yüksək səviyyədə təşkilinə və keçirilməsinə imkan verib.
Qeyd olunub ki, ölkəmizdə dövlət qulluğu sahəsində və dövlət qulluğu ilə əlaqədar digər sahələr üzrə qanunvericilikdə yeniliklərin tətbiq edilməsi dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrdə istifadə olunan test suallarının yeni qanunvericiliyə uyğun tərtib olunması zərurətini yaradır. Bu məqsədlə mövcud test bankı üzərində mütəmadi olaraq yenilənmə işinin aparılması davam etdirilib, test bankının ekspertizası həyata keçirilib. Test bankının zənginləşdirilməsi və yeni test suallarının əlavə edilməsi üçün də tədbirlər görülüb.
“Komissiyanın əsas vəzifələrindən biri də dövlət qulluqçularının reyestrinin aparılmasıdır”, – deyən komissiya sədri əlavə edib ki, 2014-cü ildə bu iş davam etdirilib, dövlət orqanları ilə mütəmadi əlaqə saxlanılaraq dövlət qulluqçularının reyestrində baş verən dəyişikliklər vaxtında toplanıb reyestr bazasına işlənib.
Komissiyanın fəaliyyətinin gücləndirilməsinə dair tədbirlər planında dövlət qulluqçularının reyestrinin aparılması, attestasiyaların və xüsusi dövlət orqanları üçün imtahanların keçirilməsi məqsədilə 3 yeni proqram hazırlanması öz əksini tapıb. Bu məqsədlə texniki tələblər hazırlanıb və icraçı şirkətə təqdim olunub. İcraçı şirkət tərəfindən hər üç proqram təminatı hazırlanıb və komissiyanın mərkəzi serverində yerləşdirilib. Komissiya tərəfindən nəzərdə tutulmuş elektron xidmətlərin göstərilməsi üçün müasir tələblərə uyğun internet saytı hazırlanıb.
Komissiyanın 2015-ci ildəki fəaliyyət planından da bəhs edən Etibar Musayev cari ildə qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün səylə çalışacaqlarını bildirib.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Fevralın 18-də Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində keçirilən kollegiya iclasını komitənin sədri Kamal Cəfərov açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, muxtar respublikanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklərin qeydə alınması, təhlil edilərək ümumiləşdirilməsi istiqamətində statistika orqanları tərəfindən 2014-cü ildə qanunvericilik üzrə müəyyən tədbirlər görülüb, statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olan təsərrüfat subyektlərinin göstəricilərinin aktuallaşdırılması görülmüş tədbirlər nəticəsində nəzərdə tutulmuş vaxtda başa çatdırılıb. Statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olan bütün müəssisələrlə əlaqə yaradılıb, müvafiq göstəricilər dəqiqləşdirilib. Bu dövr ərzində hesabat intizamına cəlb olunmayan hüquqi şəxs qalmayıb.
Şəhər və rayon Statistika idarələri ilə birlikdə komitə aparatının müvafiq şöbələri tərəfindən 12665 təsərrüfat subyektindən 46674 ədəd hesabat yığılıb ki, bunun da 46581-i və ya 99,8 faizi onlayn rejimdə daxil olub. Komitə aparatının müvafiq şöbələri tərəfindən 28 adda, o cümlədən “2013-cü ildə Naxçıvan Muxtar Respublikasının əsas demoqrafik göstəriciləri haqqında”, “2013-cü ildə Naxçıvan Muxtar Respublikasında təhsil, səhiyyə, mədəniyyət, pensiya təminatı və idmanın vəziyyəti haqqında”, “2014-cü ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafı haqqında” və “2014-cü il üzrə qəti əkinin yekunlarına dair” təhlili məruzələr hazırlanıb.
Qeyd olunub ki, 2014-cü ildə komitə aparatının aidiyyəti şöbələri tərəfindən Dövlət Statistika Komitəsinin internet saytında 2013-cü ilin yekunları üzrə müvafiq göstəricilər yerləşdirilib. İnternet saytında 2014-cü il üzrə aylıq makroiqtisadi göstəricilərin, təhlil materiallarının və muxtar respublikada istifadəyə verilmiş obyektlərin fotoşəkillərinin yerləşdirilməsi işləri aparılıb.
2014-cü il ərzində kütləvi informasiya vasitələri ilə də sıx əlaqə saxlanılıb, muxtar respublikanın sosial-iqtisadi vəziyyətini əks etdirən kompleks materiallar dərc edilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Fevralın 18-də Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda da 2014-cü ildə görülmüş işlərə həsr olunmuş iclas keçirilib.
İclasda fondun sədri Rasim Hüseynov məruzə ilə çıxış edərək bildirib ki, 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun hesabına 48 milyon 689 min manat plana qarşı 59 milyon 63 min 700 manat vəsait daxil olub, proqnoz tapşırıqlara 121,3 faiz əməl edilib. Daxil olan vəsait nəzərdə tutulan məbləğdən 10 milyon 374 min 700 manat, yaxud 21,3 faiz, 2013-cü ilin müvafiq dövründə yığılan vəsaitdən isə 6 milyon 148 min 240 manat, yaxud 11,6 faiz çox olub. Məcburi dövlət sosial sığorta haqlarının 39 milyon 468 min 990 manatı, yaxud 66,8 faizi büdcə təşkilatlarının, 19 milyon 594 min 710 manatı, yaxud 33,2 faizi isə qeyri-büdcə təşkilatlarının hesabına olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən özəl sektora göstərilən diqqət və qayğının, bu sahənin sürətli inkişafı üçün yaradılan əlverişli şəraitin nəticəsidir ki, 2014-cü ildə özəl sektordan daxil olan məcburi dövlət sosial sığorta haqqı 11 milyon 56 min 990 manat olub ki, bu da əvvəlki illə müqayisədə 1 milyon 658 min 250 manat, yaxud 17,6 faiz çoxdur. Nəticədə, hesabat dövründə özəl sektordan daxil olan vəsaitlər ümumi daxilolmaların 18,7 faizini təşkil edib. Bu göstərici ötən ilin müvafiq göstəricisindən 0,9 faiz çoxdur.
Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsinə 112 milyon 830 min 298 manat vəsait yönəldilib. 2014-cü ildə pensiya və müavinətlərə yönəldilən vəsaitdə mövcud olan artım ölkə Prezidentinin imzaladığı müvafiq sərəncamlara əsasən, əmək pensiyalarında aparılan artımlar hesabına olub.
Fond sədrinin sözlərinə görə, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanları bundan sonra da bütün səylərini dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında təsdiq olunmuş fondun 2015-ci il büdcəsinin gəlir və xərclərinin yerinə yetirilməsinə və 2015-ci il fevralın 9-da Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilmiş müşavirədə qarşıya qoyulmuş tapşırıqların icrasına, elektron xidmətlərin tətbiqinə, o cümlədən məcburi dövlət sosial sığorta haqlarının onlayn ödəmə rejimində həyata keçirilməsinə, avtomatlaşdırılmış pensiya təyinatı ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsinə, müvafiq dövlət orqanları ilə birlikdə işçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət edilməsinə, vətəndaşlara pensiya və müavinətlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatına, pensiyaların hər ay vaxtında ödənilməsinə və muxtar respublikada yeni formalaşan fərdi uçot sisteminin tam şəkildə qurulmasına yönəldəcəkdir.
Sonra məruzə ətrafında çıxışlar olub.
Yığıncaqda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək qarşıda duran vəzifələrdən danışıb.
* * *
Naxçıvan Muxtar Respublikası Satınalmalar üzrə Dövlət Agentliyində 2014-cü ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib.
Yığıncağı agentliyin direktoru Qardaşxan Əliyev açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə ədalətli rəqabət, aşkarlıq və şəffaflıq prinsiplərini təmin etmək, dövlət vəsaitlərindən qənaətlə və səmərəli istifadə olunmasına zəmin yaratmaq, dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi bazanı təkmilləşdirmək və dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsini artırmaq məqsədilə ötən il agentlik tərəfindən müəyyən işlər görülüb və bu istiqamətdə fəaliyyət genişləndirilib. Dövlət vəsaitləri, o cümlədən büdcə vəsaitləri, kreditlər, qrantlar və dövlət müəssisələrinin xüsusi vəsaitləri hesabına keçirilən satınalmalarla əlaqədar müəssisə və təşkilatların tender komissiyalarına agentliyin əməkdaşları tərəfindən tender prosedurlarının təşkili və keçirilməsinə dair metodik köməklik göstərilib, tender sənədlərinin hazırlanmasına dair izahatlar verilib.
Qeyd olunub ki, 2014-cü il ərzində muxtar respublikanın müəssisə və təşkilatları tərəfindən 129 satınalma proseduru həyata keçirilib. Müsabiqə yolu ilə keçirilmiş 129 satınalma proseduru üzrə bağlanmış satınalma müqavilələrinin qiyməti 46373406,00 manat təşkil edib. Ümumilikdə, ötən il ərzindəki qənaətin 37731,00 manat və ya 2,39 faizi açıq tender üsulu ilə, 272863,00 manat və ya 17,31 faizi kotirovka sorğusu ilə, 1265993,00 manat və ya 80,30 faizi isə təkliflər sorğusu üsulu ilə keçirilən satınalmalardan əldə olunub.
Vurğulanıb ki, 2014-cü il ərzində dövlət vəsaiti hesabına 2184741,00 manat məbləğində ərzaq məhsulları, 5870764,00 manat məbləğində dərman preparatları, 435767,00 manat məbləğində dəftərxana ləvazimatları və təsərrüfat malları, 377858,00 manat məbləğində əşya əmlakları, 4809653,00 manat məbləğində mal-material, hidrotexniki avadanlıqlar və əsas vəsaitlər, 886804,00 manat məbləğində qaz təsərrüfatında təmir işləri satın alınıb, 31807819,00 manat məbləğində əsaslı tikinti və yenidənqurma işləri həyata keçirilib. Ümumilikdə isə 2014-cü il ərzində keçirilmiş 129 satınalma müsabiqəsindən 1576587,00 manat dövlət vəsaitinə qənaət edilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Dövlət Universitetində (NDU) 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
İclası rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq mövzu ilə bağlı məruzə edib. Rektor universitetin ötən il elm, tədris, beynəlxalq əlaqələrin inkişafı sahəsində qazandığı uğurlardan bəhs edərək qeyd edib ki, universitet müasir dünya təhsil sisteminin tələblərinə cavab vermək üçün tarixi inkişaf yolu ilə inamla irəliləyib. Universitetin dövlət qayğısı hesabına maddi-texniki bazasının gücləndirilməsinin nəticəsidir ki, ötən tədris ilində yeni tədris korpusları tikilib, müasir avadanlıqlarla təchiz olunmuş yeni tədris laboratoriyaları, fənn kabinələri istifadəyə verilib. “Baytarlıq” ixtisasının yeni tədris korpusunun və universitet xəstəxanasının yeni binasının tikintisi davam etdirilib.
Saleh Məhərrəmovun sözlərinə görə, universitet müasir informasiya-kommunikasiya vasitələrinin tətbiqini prioritet istiqamət seçib. Ötən müddət ərzində ali təhsil ocağında elektron universitet layihəsi, imtahanların elektron test üsulu ilə şəffaf və obyektiv keçirilməsi istiqamətində əhəmiyyətli uğurlara imza atılıb.
Dünya təhsil sisteminə inteqrasiya, təcrübə mübadiləsi, beynəlxalq əlaqələrin inkişafı istiqamətində görülən işlərdən də bəhs edən rektor bildirib ki, Naxçıvan Dövlət Universiteti 80-dən çox tanınmış dünya universitetləri ilə əməkdaşlıq edir. Ali təhsil ocağı “Tempus” proqramı ilə qarşılıqlı əməkdaşlıq şəraitində 5 layihənin iştirakçısıdır. 2014-cü ildə Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli layihə olan, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə həyata keçirilən “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin tamamlanması Azərbaycan ali təhsil tarixində əlamətdar hadisədir.
Vurğulanıb ki, universitetdə tələbə mobilliyi də diqqət mərkəzindədir. Bu proses qarşılıqlı müəllim və tələbə mübadiləsi proqramı olan “Mövlana” proqramı çərçivəsində aparılır. Bu proqram sayəsində universitetin 8 tələbəsi tibb təhsilini Türkiyədə davam etdirir. Universitet tələbələri Cənubi Koreyanın Kimçonq Universitetində, Türkiyə universitetlərində, Rusiya Federasiyasının və Ukraynanın müxtəlif ali məktəblərində bir il və ya bir semestr müddətində ali təhsil almağa göndərilir. “Erasmus-Mundus” proqramı üzrə isə bir tələbə Çexiyada, bir tələbə isə Rumıniyada birillik təhsil almaq hüququ qazanıb. Naxçıvan Dövlət Universiteti mübadilə yolu ilə gələn xarici tələbələrə də uğurla ev sahibliyi edir. Doktorantura pilləsində universitetdə təhsil alan tələbələr sırasında Slovakiya və Polşa vətəndaşları da var.
2014-cü ilin ən mühüm, yaddaqalan hadisəsi isə Naxçıvan Dövlət Universitetinin “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi üzrə müsabiqədə ölkə üzrə birinci yeri tutmasıdır. Bu uğurlar universitet kollektivində böyük ruh yüksəkliyi yaratmaqla qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün kollektivi daha böyük səy və əzmkarlıqla çalışmağa sövq edir.
İclasda İqtisadiyyat kafedrasının dosenti, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Dilsuz Qasımov, Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli və başqaları çıxış ediblər.
Xəbərlər şöbəsi