Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, ötən il may ayının 7-də Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi üçün inzibati bina və kinoloji xidmət binası istifadəyə verilib, “Naxçıvanterminalkompleks” Birliyi üçün inşa olunan yeni inzibati binada işlər tamamlanıb, infrastrukturun yenidən formalaşdırılması istiqamətində xeyli iş görülüb.
Sədərək sərhəd gömrük-buraxılış məntəqəsi üçün modern kompleksin qurulmasını muxtar respublikada həyata keçirilən mühüm infrastruktur layihələrindən biri kimi dəyərləndirən komitə sədri sərhəd-keçid kompleksinin beynəlxalq standartlara cavab verən və müasir dizaynı ilə seçilən baş planının hazırlandığını, ərazidə torpaqlama işlərinin yekunlaşdırıldığını deyib.
Vurğulanıb ki, Culfa və Şahtaxtı sərhəd-keçid məntəqələrindən sonra 2014-cü ildə Sədərək sərhəd-keçid məntəqəsində də X-Ray tipli rentgen nəzarət qurğusunun istifadəyə verilməsilə regiona bütün istiqamətlərdən gələn yüklərə gömrük nəzarəti daha da gücləndirilib, bununla da risk əmsalı minimuma endirilib.
Qeyd olunub ki, gömrük orqanları tərəfindən dövlət büdcəsinin formalaşdırılması məqsədilə 2014-cü il üçün müəyyən olunmuş 6 milyon manat proqnoza qarşı 10 milyon manat vəsait toplanaraq proqnoz-tapşırığa 167 faiz əməl edilib. Toplanmış vəsait Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 13,6 faizini təşkil edib. Gömrük ödənişlərinin 59 faizi avtonəqliyyat vasitələrinin, 41 faizi isə digər malların rəsmiləşdirilməsi hesabına əldə olunub. Gömrük rüsumu və vergilərin bank, POS-terminal və ya internet üzərindən elektron qaydada ödənilməsinə diqqət artırılıb.
Ötən il muxtar respublikanın xarici ticarət dövriyyəsi 2013-cü illə müqayisədə 3,1 faiz artaraq 517 milyon 427 min ABŞ dolları səviyyəsinə çatıb. İl ərzində, ümumilikdə, 56 xarici dövlətlə ticarət əməliyyatları aparılıb. Muxtar respublikanın sosial-iqtisadi inkişafının məntiqi göstəricisi olaraq ixracın həcminin idxalı üstələməsi, nəticə etibarilə, xarici ticarət dövriyyəsində ixrac əməliyyatlarının payını 79 faizə çatdırıb. İdxal-ixrac əməliyyatları üzrə yaranmış müsbət saldo 299 milyon 853 min ABŞ dolları olub. 2013-cü illə müqayisədə ixracın həcmi 2 faiz artdığı halda, idxalın həcmi 1 faiz azalıb.
Komitə sədri qeyd edib ki, muxtar respublikada qəbul olunmuş dövlət proqramlarından, Ali Məclisin sessiyalarından, keçirilən müşavirələrdən irəli gələn vəzifələrin yerinə yetirilməsi daxili bazarın qorunması sahəsində illik fəaliyyətin əsas istiqamətini təşkil edib. Ümumilikdə, 2014-cü il ərzində daxili bazarın qorunması məqsədilə 21 min 180 kq əmtəənin muxtar respublikaya gətirilməsinin qarşısı alınıb. İl ərzində üzərində istehlak müddəti göstərilmədiyindən və ya bitdiyindən, tərkibində nitratların həcmi normadan artıq olduğundan, keyfiyyəti standartlara cavab vermədiyindən 88 min 800 kq əmtəə geri qaytarılıb, 8 min 300 kq əmtəə isə müvafiq qaydada məhv edilib.
Sonra tabeli gömrük orqanlarının rəisləri idarələrin illik fəaliyyəti ilə bağlı hesabat veriblər.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək qarşıda duran vəzifələrdən danışıb.
Xəbərlər şöbəsi