1828-ci il Türkmənçay müqaviləsinin şərtlərinə uyğun olaraq, Azərbaycana köçürülən və XIX yüzillik boyu davam edən köçürmə prosesi nəticəsində sayları süni surətdə artırılan ermənilər tarixi Azərbaycan torpaqlarında yerləşdirildikdən və möhkəmləndirildikdən, xüsusilə yüzilliyin sonlarında özlərinin bir sıra təşkilatlarını (Qnçaq, 1887-ci il, Cenevrə; Daşnaksutyun, 1895-ci il, Tiflis; erməni vətənpərvər ittifaqı, 1895-ci il, Nyu-York) yaratdıqdan sonra ölkəmizə qarşı ərazi iddialarına başlamışlar. Ermənilərin ərazi iddialarında Azərbaycanın əzəli və əbədi torpaqları olan Naxçıvan, Şərur-Dərələyəz, Zəngəzur və Dağlıq Qarabağ əraziləri əsas yer tuturdu. Bu iddialarını, xüsusilə xəyali “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün ermənilər XX yüzilliyin əvvəllərində fəaliyyətlərini daha da gücləndirmişlər.
Havadarlarının, xüsusilə iri dövlətlərin himayəsi ilə yaranmış hər bir əlverişli məqamdan məharətlə istifadə edən ermənilər I Dünya müharibəsində məğlubiyyətə uğrayan Rusiya imperiyasının dağılmasından sonra 28 may 1918-ci ildə “Ararat Respublikası”nı yaratmaqla müstəqilliklərini elan etsələr də, heç bir əraziləri və paytaxtları yox idi. Azərbaycana qarşı ərazi iddialarının bitəcəyini güman edərək 29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ətraf ərazilərlə birlikdə verdiyi İrəvan şəhəri paytaxt olmaqla bağışlanan ərazilər hesabına 9,5 min kvadratkilometr ərazidə ermənilər özlərinin daşnak hökumətini yaratmış və ərazi iddialarını gerçəkləşdirmək üçün səylərini artırmışlar. Bir sıra Azərbaycan torpaqlarını, xüsusilə Zəngəzuru işğal etdikdən sonra onlar daha da fəallaşmışlar. Ermənistan 29 noyabr 1920-ci ildə sovetləşdikdən sonra bolşeviklərin yardımı ilə ermənilər ərazi iddialarını daha da artırmışlar. Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, Naxçıvan, Şərur-Dərələyəz, Zəngəzur və Dağlıq Qarabağ heç bir əsas olmadan yenidən “mübahisəli ərazilər” elan olunmuşdur. Azərbaycanın bir sıra görkəmli şəxsiyyətləri, o cümlədən Nəriman Nərimanov bu siyasətin əleyhinə çıxsa da, hətta bununla əlaqədar Moskvaya teleqramlar göndərərək ciddi etirazını bildirsə də, bir nəticə əldə olunmamışdı. Əksinə, ərazi məsələlərinin birtərəfli, daşnak-bolşeviksayağı “həlli” nəticəsində “mübahisəli ərazilər” sonralar bədnam qonşuların ixtiyarına keçmişdir. 10 avqust 1920-ci ildə Rusiya ilə Ermənistan arasında imzalanan müvəqqəti sazişə əsasən, Şərur-Dərələyəz qəzası qeyd-şərtsiz Ermənistana verilmişdir. Zəngəzurun bir hissəsinin Ermənistana qatılması bolşeviklərin əli ilə rəsmiləşdirilmiş, 20 iyul 1921-ci ildə Ermənistan SSR-in tərkibində Zəngəzur qəzası yaradılmışdır.
Erməni daşnakları keçən yüzilliyin 20-ci illərinin sonlarında öz istəklərinin həyata keçirilməsi sahəsində daha bir addım atmışlar. Bu sahədə 12 mart 1922-ci ildə yaradılan Zaqafqaziya Sovet Sosialist Federativ Respublikaları Federativ İttifaqı (ZSSRFİ, 13 dekabr 1922-ci ildən Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası – ZSFSR) mühüm rol oynamışdır. Təsadüfi deyildir ki, XX yüzilliyin ilk rübündə Azərbaycan torpaqlarının itirilmə prosesini dörd mərhələyə bölən professor V.Piriyev IV mərhələni ZSFSR-in təşkili və onun SSRİ-nin tərkibinə daxil olmasına kimi – “müstəqil” Zaqafqaziya Sovet respublikalarının fəaliyyət göstərdiyi dövr hesab edir. Həmin vaxtlar Azərbaycanın da daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları Mərkəzi İcraiyyə Komitəsinin 18 fevral 1929-cu il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının on kəndi – Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qarçıvan kəndi, habelə Kilit kəndi torpaqlarının bir hissəsi, başqa sözlə desək, 657 kvadratkilometr Azərbaycan ərazisi Ermənistana verilmişdir. Bu zaman beynəlxalq hüquq normalarına məhəl qoyulmamış, Naxçıvanın ərazi bütövlüyünün qarantı olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars müqavilələrinin şərtləri kobud surətdə pozulmuşdur.
Naxçıvan bölgəsinin sərhədlərini və hansı dövlətə mənsub olduğunu dəqiq müəyyənləşdirən Qars müqaviləsinin birinci maddəsində ərazi məsələsindən bəhs edilərkən açıq-aşkar qeyd olunmuşdur ki, “Türkiyə Böyük Millət Məclisi Hökuməti və Ermənistan, Azərbaycan və Gürcüstan Sosialist respublikalarının hökumətləri razılığa gələn tərəflərin ərazisinin tərkibinə daxil olan ərazilərdə əvvəllər öz suveren hüquqlarını həyata keçirən dövlətlər arasında bağlanmış, yuxarıda göstərilən ərazilərə aidiyyəti olan, həmçinin üçüncü dövlətlərlə bağlanmış və Cənubi Qafqaz respublikalarına aidiyyəti olan müqavilələri ləğv olunmuş və öz qüvvəsini itirmiş hesab edirlər. Bu maddə 16 mart 1921-ci ildə Moskvada bağlanmış Türkiyə-Rusiya müqaviləsinə şamil edilmir”. Həmçinin müqavilənin 5-ci maddəsi ilə Türkiyə hökuməti, Ermənistan və Azərbaycan Sovet hökumətləri Naxçıvan bölgəsinin Azərbaycanın himayəsində muxtar ərazi təşkil etməsinə razılıqlarını bildirməklə bərabər, bölgənin sərhədlərini də 3 saylı əlavə ilə təsdiq etmişlər: “Naxçıvan ərazisi. Urmiya kəndi, oradan düz xətlə Arazdəyən stansiyası (o, Ermənistan Sovet Sosialist Respublikasına qalır), sonra düz xətlə Qərbi Daşburun dağını (3142) – oradan Şərqi Daşburun dağını (4108) – Cəhənnəm dərəsi çayını keçərək Bulağın (“Rövnə”) cənubuna çatır, Bağırsaq (Yağıqsık) dağının (6607), yaxud 6587-ci yüksəkliyin suayırıcı xətti ilə davam edərək keçmiş İrəvan qəzasının inzibati sərhədini, oradan Şərur-Dərələyəz sərhəd xəttini izləyir, 6629-cu yüksəklikdən Kömürlüdağa (6839, yaxud 6930) və oradan 3080-ci yüksəkliyə gəlir. Sayatdağ (7868) – Qurdqulaq (Kurt Kulaq) kəndi – Həməsür dağı (8160) – 8022-ci yüksəklik – Kükü dağı (10282) və keçmiş Naxçıvan qəzasının inzibati sərhədlərinin şərqi”. Göründüyü kimi, 1929-cu ildə Ermənistana “hədiyyə edilən” kəndlərin birinin – Qurdqulağın (Kurt Kulaq) adı əlavədə xüsusi olaraq qeyd olunmuşdur.
1930-cu ildən sonra bütün müttəfiq respublikalarda olduğu kimi, Ermənistan SSR-də də yeni inzibati ərazi bölgüsü – rayonlar yaradılarkən həmin yaşayış məskənləri yerləşdiyi coğrafi mövqeyə görə yeni təşkil olunan rayonların tərkibinə verilmişdir.
Ancaq ermənilər bununla kifayətlənməmiş, bu kəndlərin adlarının dəyişdirilməsi sahəsində də işlər aparmışlar. Tarixi Qərbi Azərbaycan torpaqlarında, yəni indiki Ermənistan ərazisində ilk addəyişmə əməliyyatları İrəvan xanlığının 1828-ci ildə Rusiya ilə birləşdirilməsindən sonra çar hökuməti tərəfindən aparılmış, 1828-ci ildə İrəvanın adı Erivanla, 1837-ci ildə Kəvər Nor-Bayazidlə, 1840-cı ildə Gümrü Aleksandropolla əvəz olunmuşdur. Hətta yer adlarının dəyişdirilməsi məsələsi Sovet hakimiyyəti illərində dövlət siyasəti səviyyəsinə qaldırılmış, bu haqda Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müvafiq qərarları verilmişdir. Addəyişmə əməliyyatı Ermənistan SSR Ali Sovetinin fərmanı ilə ilk dəfə 1935-ci ildə həyata keçirilmişdir. Həmin vaxt bir sıra digər yaşayış məskənləri ilə yanaşı, haqqında bəhs olunan kəndlərdən üçünün adı dəyişdirilmişdir. Belə ki, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli qərarı ilə Sultanbəy kəndinin adı Bartsruni, Qurdqulağın adı Boloraberd qoyulmuşdur. Bu iş sonralar da davam etdirilmiş, Ali Sovetin 12 noyabr 1946-cı il tarixli qərarı ilə Almalının adı Xndzorut, 3 iyul 1968-ci il tarixli qərarla Horadizin adı Oradis qoyulmuşdur.
Ümumiyyətlə, Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyəti 1935, 1938-1940, 1946-1950, 1957-1962, 1967-1969-cu illərdə dəfələrlə yer adlarının dəyişdirilməsi ilə əlaqədar qərarlar qəbul etmiş, 1935-ci ildən sonra Ermənistan ərazisində 521 türk mənşəli yaşayış məskəninin adı rəsmən dəyişdirilmişdir. Halbuki xatırlatmaq lazımdır ki, ilhaqdan az sonra çar I Nikolayın 21 mart 1828-ci il tarixli fərmanı ilə yaradılan və heç bir dövlətçilik ənənələrinə malik olmayan ermənilərin dövlət qurumunun təşkil olunması sahəsində ilk addım və təməl hesab edilən qondarma “Erməni vilayəti”nə daxil edilən 1111 yaşayış məskənindən cəmi 14 kəndin adı erməni mənşəli olmuşdur. Qeyd etmək yerinə düşər ki, indiyədək, bütövlükdə, keçmiş İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazisində mövcud olan və adları XIX-XX əsrlərdə müxtəlif ölkələrdə yayımlanmış xəritələrdə, tarixi-coğrafi ədəbiyyatlarda, rəsmi sənədlərdə saxlanmış 15 min Azərbaycan mənşəli coğrafi ad “toponim soyqırımına” məruz qalmışdır. Addəyişmə əməliyyatı apararkən ermənilər bir neçə üsuldan, o cümlədən, ilk növbədə, türklərin soykökü, onların tarixi keçmişi ilə bağlı yer adlarının dəyişdirilməsi (məsələn, Bayandur – Vağadur), ikincisi, yaşayış məskənlərinin adlarının ermənicəyə hərfi tərcümə edilməsi (məsələn, Daşqala – Karaberd), üçüncüsü, bəzi yaşayış məskənlərinin adlarının sovet həyat tərzinə uyğun, beynəlmiləlçilik pərdəsi altında (məsələn, Qaraqışlaq – Dostluq), dördüncüsü, yer adlarının cüzi dəyişikliklə, ona oxşar, lakin “erməniləşdirilmiş” adla əvəz edilməsi (məsələn, Dərabbas – Darbas), beşincisi, “yuxarı”, “aşağı”, “böyük”, “kiçik” sözləri ilə başlanan türk mənşəli yaşayış məskənlərinin adlarında bu sözlərin ermənicə verilməsi kimi (Verin Zağalı, Nerkin Zeyvə) üsullardan istifadə etmişlər.
Həmçinin ermənilər haqqında bəhs olunan bu torpaqlara sahib olduqları zamandan – 18 fevral 1929-cu ildən etibarən bu kəndlərdə yaşayan müsəlman-türk əhaliyə qarşı deportasiya siyasəti həyata keçirmiş, nəticədə, bu kəndlərin əhalisinin çox hissəsinin tədricən öz dədə-baba torpaqlarını tərk edərək Azərbaycana və keçmiş ittifaqın digər yerlərinə köçmələrinə nail olmuşlar. Erməni təqiblərinə, hədə-qorxularına baxmayaraq, bu kəndləri tərk etməyərək orada qalan sonuncu azərbaycanlılar isə 1988-ci ildə Dağlıq Qarabağ problemi ilə başlayan hadisələr zamanı öz yurd-yuvalarını tərk etməyə məcbur olmuşlar.
Tarixi qaynaqlar təkzibolunmaz şəkildə təsdiq edirlər ki, bu kəndlərin ərazisi tarixən Azərbaycana məxsus olmuş, həmişə onun ayrılmaz tərkib hissəsi Naxçıvan inzibati ərazi vahidinin tərkibində qərar tutmuşlar. Məsələn, osmanlıların 1590-cı ildə tərtib etdikləri “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə bunun aydın mənzərəsini görürük. “Dəftər”dən məlum olur ki, Sultanbəy, Ağxaç, Oğbin, İtqıran və Almalı kəndləri 1590-cı ildə Naxçıvan qəzasının Məvaziyi-Xatun nahiyəsinə daxil olmuşdur. Yaxud da osmanlıların 1724-cü ildə Naxçıvanı tutduqdan sonra yaratdıqları yeni inzibati ərazi bölgüsünə əsasən, bu kəndlərin hamısı “Naxçıvan sancağı”na daxil olmuşdur. Osmanlıların Naxçıvan bölgəsində apardıqları siyahıyaalma zamanı 1727-ci ildə tərtib etdikləri “Müfəssəl dəftər”dən aydın olur ki, həmin vaxt İtqıran, Oğbin, Almalı, Ağxaç və Sultanbəy kəndləri Məvaziyi-Xatun, Qarçıvan Azadciran, Xaçik və Horadiz Dərələyəz nahiyəsinə daxil olmuşlar. Bu kəndlərin əhalisi buğda, arpa əkmiş, arıçılıqla, meyvəçiliklə məşğul olmuş, müvafiq vergilər (İtqıran 3600 ağça, Oğbin 3910 ağça, Almalı 3000 ağça və sair) ödəmişlər.
Nadir şahın 1747-ci ildə qətlə yetirilməsindən sonra yaranan Naxçıvan xanlığının (1747-1828-ci illər) tərkibində olan və haqqında bəhs edilən bu kəndlər Naxçıvanın Rusiyaya birləşdirilməsindən sonra da onun tərkib hissəsi olmuşdur. Rusiya ilə birləşdirildikdən sonra əraziyə gələn rus məmurlarının yazdığı əsərlər və XIX yüzilliyə aid digər rusdilli qaynaqlar təsdiq edirlər ki, bu kəndlər həmin vaxtlar da Naxçıvan bölgəsinin tərkibində idi. Həmin kəndlərdən İtqıran, Oğbin və Sultanbəy Naxçıvan əyalətinin Məvazixatun mahalına, Xaçik və Ağxaç Dərələyəz mahalına, Qarçıvan və Kilit Ordubad mahalına daxil edilmişdi. Həmin vaxt İtqıranda 157 nəfəri özündə birləşdirən 31 ailə, Oğbində 37 nəfər əhalidən ibarət 12 ailə yaşamışdır. Sultanbəy kəndinə isə həmin vaxt 66-sı kişi, 60-ı qadın olmaqla, 126 nəfər – cəmi 27 köçürmə erməni ailəsi yerləşdirilmişdi. İlhaq zamanı Ağxaç kəndində ancaq 23-ü kişi, 14-ü qadın olmaqla, 37 nəfər (6 ailə) müsəlman-türk yaşayırdı. Kilit kəndində isə 28 ailədə birləşən 104 (57 kişi, 47 qadın) müsəlman-türk əhali var idi.
XIX yüzillik boyu daim Naxçıvanla bir yerdə olan bu kəndlər Azərbaycan Xalq Cümhuriyyətinin və 1918-ci ilin noyabrından 1919-cu ilin aprelinədək mövcud olan Araz-Türk Respublikasının tərkibində olsalar da, Ermənistanı himayə edən dövlətlər tərəfindən heç bir əsas olmadan “mübahisəli ərazilər” adlandırılan torpaqlara aid edilmişlər. Məhz buna görə də həmin vaxtlar, xüsusilə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra tərtib olunan xəritələrdə 1918-1920-ci illərdə Şərur-Dərələyəz və Naxçıvan qəzasının tərkibində olan bu kəndlərin ərazisi mübahisəli ərazilər kimi verilmişdir. Məsələn, 1924-cü ildə II dərəcəli zemlemer N.Rıbakov tərəfindən tərtib olunmuş “Karta Naxkraya” xəritəsində haqqında bəhs olunan kəndlər Naxçıvanın sərhədləri daxilində verilsə də, “Ermənistan SSR-lə mübahisəli ərazilər” kimi əks olunmuşdur. Göründüyü kimi, bu xəritədə bolşevik hökumətinin ermənilərə münasibət sahəsində siyasəti özünü göstərmiş, tarixən Azərbaycana məxsus olmuş bu kəndlərin ərazisi mübahisəli ərazilər kimi verilmişdir. Bununla belə, N.Rıbakovun əsl reallığı görməsi və həmin kəndləri Naxçıvanın sərhədləri daxilində verməsi müsbət hal kimi qiymətləndirilməlidir.
Ermənilər sonralar da Azərbaycan torpaqlarını əldə etmək üçün bir sıra addımlar atmış, hətta bir sıra ərazilərin Ermənistana verilməsi sahəsində ən yüksək səviyyədə qərarlar qəbul edilmişdi. Ancaq xalqımızın ümummilli lideri Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə həmin ərazilərin Ermənistana verilməsinin qarşısı alınmışdır.
Fəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü